Şriftin ölçüsü / 798

Aslan İsmayılov kimi Rusiyadakı müəyyən dairələrin himayəsində Azərbaycan idealını satmağa hər an hazır olan...

30 Dekabr 2016 [10:02]
Dostlar, neftin qiymətinin aşağı düşməsi, Azərbaycan büdcəsinin həcminin azalması, manatın ucuzlaşmasının doğurduğu problemlər ölkədə hər kəs üçün müəyyən problemlər yaradıb. Təsəvvür edin, bir nəfərin 100 min manat pulu vardı, bu devalvasiyadan öncə 130 min dollara yaxın pul edirdi. Son kursla hesablasaq artıq həmin pul 56 min dollardan bir az yuxarı edir. Dünyada isə bütün ticari əlaqələr dollarla və ya onun dəyəri ilə aparılır. Demək ki, bu prosesdən 100 manatı olan da, 100 min, 100 milyonu olan da təsirlənib.

Bütövlükdə hər bir azərbaycanlı və dövlət sorunla üzləşib. Ancaq bu sorunu aşmaq və yeni modellər quraraq ölkəni və əhalini vəziyyətdən çıxarmaq mümkündür. Azərbaycan prezidenti bu yolda ciddi əmək sərf edir. Bunu görməyən də kordur. Sadəcə, bu vəziyyətdən istifadə edərək Azərbaycana qarşı müəyyən planlar quranlar da var.

Bu planı oxumaq o qədər də çətin deyil. Manatın dəyərinin azalmasından və bunun yaratdığı sosial problemlərdən istifadə edərək Azərbaycan insanlarının emosional gərginliyini artırmaq, insanları ümidsizliyə sövq etmək və populist çıxışlarla ictimai rəyin yönünü dəyişmək həmin psixoloji basqıların əsas tərkib hissəsidir. Bu işdə siyasi müxalifətin səbatsız iştirakının səbəblərini başa düşmək çətin deyil. Fəqət əslində, onlar o qədər də təhlükəli deyil.

Təhlükəli olan qeyri-sistemli müxalifətdir. Bu cür müxalifətin bir qismi Rusiyadakı bəzi qüvvələrə bağlıdır. Yadınıza, Rüstəm İbrahimbəyov məsələsini, avantürasını salın. İndi həmin qüvvələr namizədini dəyişib, həmin namizədin sözçüsü rolunda isə Aslan İsmayılov çıxış edir.

Fikir verin, Azərbaycan prezidentinin doğum günündə cəmiyyətin ən müxtəlif təbəqələrindən İlham Əliyevə çoxsaylı təbriklər ünvanlandı. Bu, cəmiyyətin öz liderinə inam və dəstəyinin ifadəsi idi. Ancaq elə həmin ərəfədə Astan Şahverdiyev isimli illərcə susan və jurnalistə "mənim nömrəmi sizə kim verib, deyin, düşmənimi tanıyım" söyləyəcək qafada olan bir adam gen-bol müsahibə verdi. Guya "səhvə yol verərək" Rusiyadakı soydaşlarımızı təhqir etdi. Üstəlik, həmin ərəfədə Rusiya Azərbaycanlılarının Konqresi gözlənilirdi, prezidentin köməkçisi Əli Həsənov orada çxış edəcəkdi. Deməli, həm prezidentə xalqın dəstəyinə şübhə salmaq istədilər, həm də Azərbaycan dövləti və hakimiyyəti ilə Rusiyadakı soydaşlarımızın münasibətlərini korlamağı planladılar. Əli Həsənov təcrübəli dövlət adamıdır, verdiyi açıqlama ilə həmin planları pozdu. Ancaq digər cinahlardan "böyük plan"ın icrası davam edir. Yenə deyirəm, o planın sözçüsü Aslan İsmayılovdur. O, vaxtı ilə Azərbaycana imperiya müstəntiqi kimi göndərilib, indi də həmin qüvvələrin sifarişlərini yerinə yetirir. Hədəfə aldığı adamlar isə Azərbaycanın müstəqillik qazanmasında rolu olan siyasi xadimlər, dövlətin möhkəmlənməsinə ömrünü xərcləmiş məmurlardır. Bu adamın pul qarşılığında erməniləri müdafiə etdiyi açıq şəkildə ortada olduğu halda, olmayan abrına qısılıb susmaq əvəzinə, ona-buna çamur atması təsadüf deyil, ola da bilməz. Keçmiş deputat Rəbiyyət Aslanovanın milyarder İlham Rəhimovla evlənməsi təsadüf olmadığı kimi, Aslanın da "meydan sulaması"nın arxasında müəyyən siyasi texnologiyalar dayanır. Bu texnologiyalar barədə düşünəndə bu gün KTŞ tərəfindən Ermənistana verilən dəstək bəyanatı da həmin planın tərkib hissəsi kimi görünür. Dövlətə və millətə qarşı bu cür təzyiqlər müqabilində isə iqtidar-müxalifət ayrımından çıxış etmək yox, vətəndaşlıq məsuliyyəti və dövlətçilik ləyaqəti sərgilənməlidir.

Bəli, bu dövlət bizimdir. Bu hakimiyyət də, bu xalq da, xalqın qan bahasına qazandığı müstəqillik də, müstəqillik illərindəki uğurlar və hələ həllini gözləyən problemlər də bizimdir. Etibar Məmmədovun, Fəzail Ağamalının siyasi mövqeyi və gedişləri ilə kimlərsə razı ola və ya olmaya bilər. Amma onlar ölkənin müstəqillik qazanmasında rol oynamış, dövlət şüuruna malik adamlardılar. Ən azı elə buna görə, Aslan İsmayılov kimi Rusiyadakı müəyyən dairələrin himayəsində Azərbaycan idealını satmağa hər an hazır olan və dəfələrlə satmış kəslərin hücumlarından müdafiə olunmağa layiqdirlər. Qüdrət Həsənquliyevin timsalında milli maraqların qorunmasında ardıcıl və birmənalı rol oynayan insanları əsla və əsla "beşinci kolonlar"ın ayağına verməmişik, verməyəcəyik.

ABŞ-dan, Rusiyadan, İrandan, haradan idarə olunmasından asılı olmayaraq "beşinci kolonlar"ın qarşısına ağılla, intellektlə və şərəflə çıxacaq möhtəşəm bir nəsil yetişib Azərbaycanda müstəqillik illərində. Bu nəsil Astanlara da, Aslanlara da, Xədicələrə və Hacı Talehlərə də qarşı öz sözünü deyib və deyəcək.


Millət