Şriftin ölçüsü / 735

Məhkəmə hökmü olmadan bir şəxsi ağır cinayətdə ittiham etmək yolverilməzdir

30 Dekabr 2016 [15:39]
"Cəmiyyət xomelyon mövqedə kimin olduğunu yaxşı bilir, ona görə də camaat arasında yumora çevrilən keçmişini arada yada salıb, bir az düşünsün”

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) keçmiş Aparat rəhbəri, bir ildən çoxdur ki, həbsdə olan və hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakiməsi gedən Vidadi Zeynalovun vəkili Ceyhun Yusifov deputat Çingiz Qənizadənin onun müvəkkili haqda dediklərinə sərt reaksiya verib. Vəkil deputata kiminsə haqqında ittihamedici fikir söyləməmişdən əvvəl öz keçmişinə boylanmağı tövsiyə edib.

"Deputatın dedikləri həqiqətdən uzaqdır, reallığı əks etdirmir və şəxsi qərəzi göstərir. Çingiz Qənizadənin tonu dəyişməyib – deputat kimi yox, müstəntiq-stajor kimi danışır. Birincisi, Vidadi Zeynalovun barəsində məhkəmə hökmü yoxdur. İttiham aktında yazılanları əsas götürüb bir şəxs barəsində cəfəngiyyat danışmaq heç də deputat mandatına yaraşan iş deyil. Vidadi Zeynalovun fəaliyyəti cəmiyyətin gözünün önündə olub. Gizli işi olmayıb. Çingiz Qənizadənin oğlu peşəkar istintaqçının 30 ilə keçdiyi yolu qaranlıq dalanlarla 3-5 ilə keçib. Bu necə olub? Cəmiyyət xomelyon mövqedə kimin olduğunu yaxşı bilir. Vidadi Zeynalovun barəsində fikir söyləyən şəxs azı, öz keçmişinə baxmalıdır. Çingiz Qənizadə hüquqşünas kimi bilməlidir ki, məhkəmə hökmü olmadan bir şəxsi ağır cinayətdə ittiham etmək yolverilməzdir”, – vəkil "Azadlıq”a açıqlamasında bildirib.

Ceyhun Yusifov deputatı bilmədiyi məsələlərlə bağlı fikir söyləməməyə çağırıb: "Çingiz Qənizadə deputat olmazdan əvvəl, 92-93-cü illərdə Bakı şəhər prokuroru olub. Həmin dövrdə onun hansı əməllərin altına imza atdığı da hər kəsə bəllidir. Ona görə məsləhət bilərdim ki, camaat arasında yumora çevrilən keçmiş fəaliyyətini arada yada salıb, bir az düşünsün. Onda həqiqətən də kimin yerində olmadığı və təyin edilən vəzifəyə uyğunluğu bariz şəkildə görünəcək”.

Xatırladaq ki, deputat Çingiz Qənizadə mətbuata açqılamasında Vidadi Zeynalov haqda belə deyib: "Vidadi Zeynalov kimi bir adam aparat rəhbəri təyin olunandan sonra aqibət belə olmalı idi. Yəni Vidadi Zeynalovun tamahı ilə hərəkəti, MTN-də olan Akif Çovdarovun tamahı və hərəkəti ilə üst-üstə düşür. O, öz sahəsində çapıb talayırdı, bu isə öz sahəsində. Beləcə milyonlara sahib olurdular”.


Millət