Azərbaycan
Tibb Universitetində (ATU) 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramına və Yeni İlə həsr olunmuş təntənəli tədbir
keçirildi.
Bayram tədbirində
açılış nitqi ilə çıxış edən ATU rektoru, professor Gəray Gəraybəyli ATU-nun
bütün kollektivini, professor-müəllim heyətini və tələbələri qarşıdan gələn 31
dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə təbrik
etdi. Rektor Yen il ərəfəsində qeyd etdiyimiz Həmrəylik gününün dünyada yaşayan
bütün soydaşlarımız üçün böyük önəm daşıdığını bildirdi: "1993-cü ildə Azərbaycan
Respublikası Prezidentinin fərmanı ilə 31 dekabr tarixi Dünya Azərbaycanlılarının
Həmrəylik günü elan edildi.Ümumilli lider Heydər Əliyevin bu addımı milli dirçəlişə,
milli əlaqələrin güclənməsinə olan tələbatın artmasına bir cavab idi. Beləliklə,
Azərbaycan xalqı üçün 31 dekabr tarixi qoşa bayramın sevinci ilə yadda qalır”.
"Ürəyim
arzularla doludur. İlk növbədə sizə uzun ömür, can sağlığı, ailənizdə
mehribançılıq, bizim tələbələrimizə isə gələcəkdə böyük nailiyyətlər diləyirəm. Bu gün də bizim tələbələrin əks-sədası
dünyanın müasir, tanınan klinikalarından gəlir. Və mən arzu edirəm ki, I, II,
III, IV, V kurslarda oxuyan tələbələrin
də hamısının səsi yüksəklərdən gəlsin, elmi dərəcələrə sahib olsunlar. Həmişə
universitet qarşısında böyük xidmətlər göstərən professor-müəllim heyətini təbrik
edirəm. Hamınıza böyük uğurlar arzu layıram”.
Mərasimdə
ATU rektorunun təşəbbüsü ilə bir sıra nominasiyalar üzrə təsis olunmuş
mükafatlar da təqdim olundu. Professor Abuzər Qazıyev, dosent Tariel İsmayılov
və dosent Nəriman Nağıyev göstərdikləri xidmətlərinə, yüksək səviyyəli
elmi-pedaqoji və gənc həkim kadrlarının hazırlanmasındakı iştiraklarına görə ATU-nun Fəxri Fərmanına və
bir aylıq əmək haqqı məbləğində pul mükafatına layiq görüldülər.
Bundan
sonra "Ən yaxşı müəllim” nominasiyası üzrə sorğunun qalibləri ATU-nun məhkəmə təbabəti kafedrasının dosenti Zabit Məmmədov
və patoloji fiziologiya kaefdrasını müəllimi dosent Sərdar Əliyev ATU-nun Fəxri
Fərmanı və bir aylıq əmək haqqı məbləğində pul mükafatı ilə təltif olundular. Qeyd
olunan müəllimlər 9 dekabr 2016-cı il
tarixində IV-VI kursların qrup nümayəndələrinin ümumilikdə 90 tələbənin
arasında keçirilən sorğunun nəticələrinə görə ən yüksək səs toplayıblar.
Mükafatlar
ATU rektoru professor G.Gəraybəyli və Azərbaycan Tibb Universitetinin Həmkarlar
İttifaqı Komitəsinin sədri dosent Cahangir Qasımov tərəfindən təqdim edildi.
Digər təltif
olunan ATU-nun yataqxanalarının 64 otağı arasında "Ən səliqəli otaq” müsabiqəsinin
qalibi oldu. Bu müsabiqədə ən çox səs toplayan 3 saylı qızlar yataqxanasının 87
saylı otağının sakinləri pul mükafatı ilə
təltif olundular.
Ən çox
maraq doğruan nominasiyalardan biri isə "İlin ən yaxşı tələbəsi” idi. Bu
nominasiya üzrə II müalicə-profilaktika fakültəsinin VI kurs tələbəsi Nərgiz
Müştafazadə, tibbi-profilaktika fakültəsinin IV kurs tələbəsi Sevinc Abbasova, Hərbi tibb fakültəsinin VI
kurs tələbəsi Alxan Alxanlı, stomatologiya fakültəsinin IV kurs tələbəsi Bədrənsə Tanrıverdiyeva, əczaçılıq
fakültəsinin III kurs tələbəsi Ayşən Azadova, xarici tələbələr üzrə isə Türkmənistan
vətəndaşı II kurs tələbəsi Malik Kurbanov yaxşıların yaxşısı seçildilər.
ATU-nun
təsərrüfat işləri sahəsində onun ən yaxşı əməkdaşı seçilən Həsən Həsənquliyev də
mükafata layiq görülüb.
Mərasimin
bədii hissəsi başa çatdıqdan sonra bayram şənliyi konsert proqramı ilə davam etdi.
ATU-nun "Şəfa” xalq çalğı alətləri ansamblı və Bülbül adına Orta İxtisas Musiqi
Məktəbinin tələbələrinin ifası tədbir iştirakçılarına əsl bayram ovqatı bəxş
etdi.