Şriftin ölçüsü / 590

Böhrandan çıxmağın bir yolu var, bu hökumət dəyişməlidir

10 Yanvar 2017 [14:22]
2016-cı ilin ağır iqtisadi böhranla başa vurduq. Hökumət böhrandan çıxmaq üçün heç bir ciddi addım atmadı. Nəticədə də böhran getdikcə dərinləşməyə başladı. Ekspertlər hesab edir ki, əgər hökumət təcili islahatlara getməsə, ölkədə böhran pik həddə çatacaq. Sonra ölkəni böhrandan çıxarmaq üçün hökumətin də heç bir şansı qalmayacaq. Bir müddət öncə hökumətin islahatlara gedəcəyi haqqında məlumatlar yayıldı və hətta artıq proqramın hazır olduğu da bildirildi.

Hökumət rəsmiləri də islahatların aparılacağını istisna etmədi. Ancaq real addımlar yoxdur. Digər tərəfdən atılan addımların imitasiya xarakterli olduğu vurğulandı. Görünən odur ki, hökumətin hələ də islahatlara getmək fikri yoxdur. Bəs 2017-ci ildə hökumətin islahatlara gedəcəyinə ümid edə bilərikmi? Böhrandan çıxmaq mümkün olacaq?

"Siyasi iradə çatışmır”

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov "Cümhuriyət” qəzetinə şərhində hökumətin gələn il də islahatlara gedəcəyinə ümid etmədiyini deyib: "İslahatlara getmək üçün ilk növbədə siyasi iradə lazımdır. Digər tərəfdən islahatları aparmaq üçün komanda olmalıdır. Bunların heç biri yoxdur. Prezident bir tərəfdən sərəncamlar, fərmanlar imzalayır, amma bu sənədlər havadan asılı qalır, heç biri icra olunmur. Çünki bunu həyata keçirəcək hökumət yoxdur. Bu gün istənilən Azərbaycan vətəndaşından soruşsan ki, hökumət varmı və fəaliyyətindən razısanmı soruşsan, hər kəs öz narazılığını bildirəcək. Bu baxımdan da 2016-cı ili çox ağır böhran vəziyyətində başa vururuq. 2017-ci ildə də bu hökumətlə hər hansı irəliləyiş, islahat gözləmək sadəlövhlük olardı. Böhrandan çıxmağın yalnız bir yolu var, o, da bu hökumətin birmənalı şəkildə dəyişməsidir”.