Şriftin ölçüsü / 453

Müxalifətin birləşməsinə nə mane olur?

17 Yanvar 2017 [14:52]
Baş verən sosial-iqtisadi böhran siyasi müxalifəti hərəkətlənməyə vadar edir. Müxalifətdaxili inteqrasiya, əməkdaşlıq günün tələbinə çevrilib. Son illər müxalifətin birliyinə cəhdlər olsa da, real addımlar yoxdur. Hər zaman yaradılan birliklər hansısa səbəblərdən qısa müddət ərzində dağılıb. Maraqlıdır ki, bu birliklər dağıldıqdan sonra birləşməyə hazır olan qüvvələr bir-birinə düşmən olublar. Bəs bu gün müxalifət birləşməyə hazırdırmı? Əgər hazırdırsa, müxalifətin birləşməsinə hansı səbəblər mane olur?

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov "Cümhuriyət” qəzetinə açıqlamasında deyir ki, Azərbaycan müxalifətinin birləşmə məsələsi hər zaman son nəticədə ayrılıqlara gətirib çıxarıb: "Ölkədə mövcud olan partiyaların fərqli ayrı ideologiyası, yolu var. Bu partiyaların birləşməsi mümkün deyil. Müxalifətin birləşməsi uzun müddət gündəmdə olub, amma müxtəlif səbəblərdən bu baş tutmayıb. Yaradılan müvəqqəti koalisiyalar da heç bir nəticə əldə edə bilməyib və tez bir zamanda dağılıb. Amma faktiki olaraq müxalifətin birləşməsi üçün siyasi sifariş də yoxdur. Digər tərəfdən də, müxalifət partiyaları istər maliyyə, istərsə də siyasi baxımdan kimlərinsə təsiri altındadır. Ona görə də həmin qüvvələrin istəkləri daha çox ön plana çıxır. Bu baxımdan da müxalifətin birləşmə ehtimalı demək olar ki, sıfırdır”.