Şriftin ölçüsü / 588

Rüşvət alanlar da, verənlər də sərt cəzalandırılmalıdı

28 Yanvar 2017 [15:58]
Qurumun daxilində xüsusi komissiyanın yaradılması məntiqli və səmimidirmi; "Hüquq müdafiəçisi Əvəz Həsənov: ”AŞPA-nın korrupsiyaya uğraması barədə mülahizə yeritmək düzgün deyil"


Yanvarın 24-də Strasburqda başlanan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası başa çatıb. Sessiyada AŞPA-nın prezidenti və vitse-prezidenti, Avropa İnsan Haqları Məhkəməsinin hakimləri vəzifəsinə seçkilər keçirilib.

Parlament üzvləri Bolqarıstanda prezident və Makedoniyada parlament seçkilərinin monitorinqinin nəticələrinə dair hesabatları müzakirə edib qiymətləndiriblər. AŞ PA deputatları qarşısında Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti üzrə komissarı, Kipr prezidenti və Rumıniya Prezidenti çıxış edib. Həmçinin Avropada jurnalistlərə hücum və media azadlığı, Qəzzada humanitar böhran, Ukraynada demokratik təsisatların fəaliyyəti müzakirə olunub.

AŞPA-nın qış sessiyasında qurumun daxilində korrupsiya hallarının araşdırılması məqsədilə komissiya yaradılıb.

Qeyd edək ki, AŞ PA-nın bir sıra rəsmilərinin adları indiyə qədər rüşvət almaqda çəkilib. Adı vaxtaşırı korrupsiya və rüşvətdə çəkilən beynəlxalq təşkilatın indi korrupsiyaya qarşı komissiya yaratması məntiqli və səmimidirmi?

AMİP Siyasi Şura üzvü Əli Orucov  qeyd etdi ki, AŞ PA kimi nüfuzlu və mötəbər bir qurumun adının korrupsiya, rüşvət qalmaqallarında hallanmşı xoşagələn hal deyil. Belə bir vəziyyətin ortaya çıxmasına isə AŞ PA-nın ayrı-ayrı deputatları səbəb olublar.

İndi belə görünür ki, AŞ PA rəhbərliyi də qurumun nüfuzuna zərər vuran korrupsiya ittihamlarının araşdırılması və tədbir görülməsini istəyirlər: "Müasir dünyamızın az qala həsəd apardığı və nümunə götürdüyü, etalon olaraq qəbul etdiyi Avropa yetkililərinin rüşvətə bulaşması faktlarının zaman-zaman ortaya çıxması bu qanunsuzluğun da artıq transmilli xarakteri aldığının göstəricisi sayılmalıdır. Eyni zamanda bu hal korrupsiyalaşmış rejimləri daha da həvəsləndirir. Məhz bunun nəticəsidir ki, avtoritar rejimlər uzun müddət hakimiyyətlərini qoruya bilir, özləri isə toxunulmaz qalırlar. Korrupsiya hallarının araşdırılması məqsədi ilə komissiyanın yaradılması zənn etmirəm ki, bu neqativ halları aradan tamam qaldıra biləcək. Məncə, daha ciddi və sərt cəza üsulları tətbiq edilməlidir. Ona görə də təkcə rüşvət alanlar deyil, rüşvət verənlər də cəzalandırılmalı, lazım gələrsə sanksiyalara da əl atılmalıdır. Rüşvətə meylli avropalı parlamentarilər daha çox qeyri-demokratik rejimlərdən bəhrələnirlər. İnsanların az-çox ümid bəslədikləri, inandıqları və xilas yeri kimi baxdıqları beynəlxalq qurumlardakı belə neqativ vəziyyətin yaranması son ümidləri də alt-üst edir ki, bu də nəticə etibarı ilə radikalizm meyllərini gücləndirir.

Hər halda ümid edək ki, nəhayət AŞ PA-da bu sahədə vəziyyətin artıq kritik həddə gəlib çatdığını anlayıblar və görüləcək tədbirlər də məntiqə uyğun və səmimi olacaq". Partiya rəsmi hesab edir ki, əks halda AŞ PA-nın özünün heç mənası qalmaya bilər.

Burada bir maraqlı məqama da diqqət yetirmək lazımdır ki, AŞ PA-da zaman-zaman Azərbaycan əleyhinə qərarlar qəbul etdirmək cəhdləri üçün erməni lobbisinin bir sıra AŞ PA- üzlərini ələ aldıqları faktları var. Ekspertlər hesab edir ki, AŞ PA-da korrupsiya ilə məşğul olandlar əsasən ermənipərəst parlamentilər və Rusiyanın nəzarətində olan sosialist qurun təmsilçiləridir. Hansı ki, onlar zaman-zaman ermənilərin xeyrinə, Azərbaycan dövlətinin əleyhinə qərarlar çıxarılması üçün dəridən-qabıqdan çıxıblar. Bu baxımdan, AŞ PA-da korrupsiya faktlarını araşdıran komissiyanın yaradılması ermənipərəst deputatları pis duruma sala bilər.


Millət