Şriftin ölçüsü / 606

AMİP-in sədri kim olacaq?

06 Fevral 2017 [14:24]
Bu il iki tanınmış partiyan qurultay keçirməyi planlaşdırıb. AMİP və Vətəndaş Həmrəyliyi Partiyasının qurultayları nəzərdə tutulub. AMİP-in ötən ilə nəzərdə tutulan qurultayı bir sıra obyektiv səbəblərdən keçirilməyib. Qurultayın 2017-ci ildə keçirilməsi nəzərdə tutulur.

AMİP-in sədr əvəzi Arzuxan Əlizadə "Yeni Müsavat”a bildirib ki, qurultayın dəqiq günü hələ təyin edilməyib. Qurultaya hazırlıq üzrə təşkilat komitəsinin mövcud olduğunu, rayon təşkilatlarında qurultay öncəsi konfransların keçirildiyini və nümayəndələrin seçildiyini deyən A.Əlizadə bildirdi ki, qurultay günü ilə bağlı müzakirələr hələ də davam edir. Lakin hələ qərar verilməyib.

Partiya sədrliyinə namizədlərin olub-olmadığına gəlincə, A.Əlizadə qeyd etdi ki, namizəd irəli sürülməsi mərhələsi hələ başlanmayıb: "AMİP-də yazılmamış qanun var, qurultayın günü barədə qərar veriləndən sonra namizədliklərin irəli sürülməsi ilə bağlı mesajlar verilir. Mərkəzi Şuranın qurultayın keçirilməsi ilə bağlı rəsmi qərarı olana qədər heç kəs öz namizədliyini irəli sürmür və mətbuat vasitəsilə də bunu demir. Biz bunu ona görə razılaşmışıq ki, namizədliyini vermək istəyən şəxslər bərabər imkanlara malik olsun, kampaniyaya eyni gündə başlasınlar. Namizəd sıravi üzv də, partiya rəhbərliyində təmsil olunan şəxs də ola bilər. Ola bilsin sıravi üzvün mətbuata çıxış üçün bir o qədər imkanı olmasın, bununla da qurultay günü bəlli olandan sonra hər kəs seçkilərə bərabər hüquqlarla qatılır və təbliğat aparır. Hazırda heç kim namizəd olmaq iddiasını ortaya qoymayıb”.

A.Əlizadə partiyanın lideri Etibar Məmmədovun kimin sədr olması məsələsinə müdaxilə etmədiyini söylədi: "Etibar Məmmədovla konkret olaraq partiya sədrliyinə namizədlərlə bağlı söhbət aparılmayıb. Yalnız ümumi məsələlərlə əlaqədar məsləhətləşmələrimiz olur. Qurultay günü haqda qərar veriləndən sonra Etibar bəyin özünün də məsələ ilə bağlı özəl təklifi, yaxud hansısa namizədə isti münasibəti ola bilər. Bu da onun hüququdur. Etibar Məmmədov sədrlikdən gedəndən sonra partiyamızda bir neçə dəfə sədr seçkisi olub, heç vaxt Etibar bəy hansısa bir namizədi dəstəkləməyib və ya kiminsə üzərində dayanmaqla bağlı fikir ifadə etməyib, heç kimə təzyiq etməyib ki, filankəsə səs verməlisən. Yalnız tövsiyəsi bundan ibarət olub ki, bütün namizədlərə bərabər şərait yaratmaq lazımdır. AMİP lideri hesab edir ki, daha şanslı və partiya daxilində qəbul olunan şəxsin namizəd kimi irəli sürülməsi üçün bütün imkanlar yaradılmalı, kənar müdaxilə olmamalıdır. Biz ölkədə demokratiya qurulmasını istəyiriksə, birinci növbədə özümüz demokratik qaydalara əməl etməliyik və edirik”.

Qeyd edək ki, 2004-cü ildə Etibar Məmmədovun AMİP sədrliyindən istefa verməsindən sonra AMİP-də 3 dəfə sədr seçkisi olub. E.Məmmədovdan sonra Əli Əliyev, Əli Əliyevdən sonra Ayaz Rüstəmov, Ayaz Rüstəmovdan sonra isə Yusif Bağırzadə AMİP-ə sədr seçilib. 2015-ci ilin oktyabrında Yusif Bağırzadənin qəfil istefasından sonra sədr səlahiyyətlərini müvəqqəti olaraq Arzuxan Əlizadə icra edir.

AMİP-in növbəti sədrinin kim olacağı barədə də mediada vaxtaşırı ehtimallar irəli sürülür. Daha çox baş katib Arzuxan Əlizadənin və Mərkəzi Şuranın üzvü Əli Orucovun adı sədrliyə şanslı fiqurlar kimi çəkilir.

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qurultayının isə günü bəlli olmasa da hansı ayda keçiriləcəyi artıq müəyyənləşib. VHP-nin qurultayı sentyabr ayında keçiriləcək.



VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli bu barədə bildirdi ki, qurultayın keçiriləcəyi gün yaxın vaxtlarda müəyyən olunub açıqlanacaq. Nədən sentyabr ayının seçildiyinə gəldikdə, bəlli oldu ki, bu ilin sentyabrında VHP-nin yaranmasının 25 illik yubileyidir. Bu münasibətlə bir sıra tədbirlər keçiriləcək və qurultayın da həmin ayda keçirilməsi planlaşdırılır. S.Əsədlinin sözlərinə görə, demək olar ki, VHP qurultayın keçirilməsinə hazırdır. Qurultayla bağlı Bakının rayonları istisna olmaqla, bölgələrdə konfranslar keçirilib. Sədrliyə namizədlər isə hələ bəlli deyil: "İstənilən partiya üzvü namizədliyini irəli sürə bilər. Mənin özümün namizədliyimi irəli sürmək məsələsinə gəldikdə, bu gün dəqiq fikir söyləmək tezdir. Vəziyyətə uyğun olaraq qərar qəbul edəcəyəm”.

E.SEYİDAĞA


Millət