Şriftin ölçüsü / 301

Tramp atdığı bəzi addımlarla özünə qarşı hücumları daha da stimullaşdırır

16 Fevral 2017 [18:01]
ABŞ prezidentinin komandasında "satqın axtarışı” başladılıb


ABŞ-ın yeni prezidenti Donald Trampın komandasının bəzi üzvlərinin Rusiya kəşfiyyatı ilə əlaqələri üzə çıxıb. ABŞ kəşfiyyatı əlindəki məlumatları yavaş-yavaş mediaya ötürməyə başlayıb. Kəşfiyyat strukturlarının apardığı təhqiqat isə hələ davam edir.

D.Trampın milli təhlükəsizlik üzrə müşaviri Maykl Flinn istefa verib. Fəaliyyətə başlamasının bir ayı tamam olmayan Flinnın istefa verməsinə səbəb Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakla telefon danışığı olub. İddialara görə, Flinn hələ vəzifəsinin icrasına başlamazdan əvvəl, 35 rusiyalı diplomatın ABŞ-dan deportasiyası qərarı verilən zaman səfirlə telefonla danışıb və bu zaman səfirə bildirib ki, Tramp vəzifəsinin icrasına başladıqdan sonra Rusiyaya qarşı sanksiyaları yumşaldacaq. Bu telefon danışığı ABŞ Federal Təhqiqatlar Bürosu tərəfindən dinlənilib və yeni müşavirə qarşı ciddi kompromata çevrilib. Qeyd edək ki, ABŞ qanunlarına görə, səlahiyyəti olmayan şəxslərin dövlətin adından diplomatik danışıqlar aparması qadağandır.
Flinn əvvəlcə bu iddiaları təkzib etsə də, sonradan belə danışığının ola biləcəyini etiraf edib. Və ardınca istefa verdiyini açıqlayıb.


Artıq Konqresdə ciddi şəkildə Trampın Rusiya ilə əlaqələrinin araşdırılması məsələsi qaldırılıb və bu tələblərə bir sıra respublikaçılar da dəstək verir. Proses impiçmentlə yekunlaşması ehtimalını yaradırmı? İmpiçmentin yeni prezidentin qapısını döymək üzrə olduğunu söyləmək olarmı?

AMİP-in beynəlxalq əlaqələr katibi Elşən Mustafayev bildirdi ki, Trampın seçilməsindən sonra bu qələbəni həzm edə bilməyən güclərin ona qarşı başladığı kampaniya bu gün də davam edir. Məsələnin maraqlı tərəfi də odur ki, Tramp atdığı bəzi addımlarla özünə qarşı hücumları daha da stimullaşdırır. Görünür, bu barədə də düşünməyə məcbur olacaq: "Konqres və Senatda respublikaçıların üstünlüyü olsa da, öz partiyasının bir çox nümayəndələri bu addımlara görə Trampa qarşıdırlar. Onsuz da öncədən də onun və komandasının Rusiya ilə, xüsusilə də Putinlə isti münasibətlərinin olması ittihamları gündəmdə idi. İndi də komanda üzvlərindən birinin belə səbəblərlə istefası yaxşı heç nə vəd etmir. Hesab edirəm ki, impiçment məsələsi indiki durumda istənilən vaxt mümkün olan variantdır. Amma bu bəlkə də ən sonuncu sırada duran variantdır. Bu gün ABŞ prezidentinə impiçment tətbiq etmək yüksək siyasi dairələr üçün, hətta demokratların özləri üçün mümkün olsa da, o qədər də arzulanan deyil. Bu, ABŞ-ın nüfuzuna ciddi xələl gətirəcək bir addım ola bilər. Daha məqsədəuyğun variant Trampı idarəetmə ənənələrini özündən əvvəlki prezidentlər kimi davam elətdirməyə məcbur etməkdir. Hazırda impiçment hədələri, KİV-lər vasitəsilə basqılar, kütləvi etirazlar da məhz buna xidmət edir. Düşünürəm ki, möveyində tədricən yumşalma etməklə proseslərin impiçment səviyyəsinə gəlməsinə Tramp da imkan verməyəcək. Niyə tədricən deyirəm? Ona görə ki, seçki öncəsi sərgilədiyi ritorikasını, vədlərini bir anda 180 dərəcə dəyişəcəyi inandırıcı görünmür. Amma tədricən bir müddət sonra əsas gücləri qane edəcək bir xəttə gəlib çıxmaq daha real görünür”.


Millət