Şriftin ölçüsü / 301

Dünyada sülhün, təhlükəsizliyin qorunması üçün separatizmin qarşısı alınmalıdır

23 Fevral 2017 [19:21]
Politoloqlar BMT baş katibinin dediklərini dəyərləndirirlər; Münaqişənin həlli uzandıqca qarşıdurmaların olması istisna deyil

"Qarabağda yeni toqquşmaların baş vermə ehtimalı hələ də qalır”. Bu barədə BMT-nin yeni Baş katibi Antonio Qutteriş Təhlükəsizlik Şurasının iclasında deyib.
"Sülh müqaviləsi imzalanmayana qədər zorakılığın təkrarlanması riski qalır. Biz bunu ötən ilin aprelində Dağlıq Qarabağda gördük”, - deyən Quterriş Gürcüstan, Kipr, Ukrayna və Moldova münaqişələrində beynəlxalq aləmin səylərini birləşdirməli olduğunu da bəyan edib.

Bəs, görəsən, BMT Baş katibinin Qarabağda toqquşmaların baş vermə ehtimalının qalması barədə fikirlərində həqiqət varmı? Ümumiyyətlə, yeni Baş katibdən Dağlıq Qarabağla bağlı hansı yeniliklər gözləyə bilərik?

AMİP Siyasi Şurasının üzva politoloq Əli Oruclu
isə bildirdi ki, BMT-nin yeni baş katibi regionla bağlı məsələlərlə ətraflı tanışdır. Politoloq bu səbəbdən hesab edir ki, baş katibin bu bəyanatı reallıqdan irəli gəlir: "Bu həm də onu göstərir ki, yeni baş katib BMT-nin nüfuzunu qaytarmaq istəyir, bu qurumu dünya düzəninin qurulmasında, sülhün və təhlükəsizliyin qorunmasında əhəmiyyətini artırmağa çalışır. Əgər bir qurum öz verdiyi qərarları yerinə yetirməyə gücü çatmırsa, təbii ki, o quruma şübhələr də artacaq, o qurumun nüfuzuna da ciddi xələl gətirəcək. Bu baxımdan da, ilk növbədə Azərbaycanla bağlı qəbul olunmuş 4 qətnamənin həyata keçirilməsi lazımdır. Eyni zamanda, 2 apreldə baş vermiş qısamüddətli müharibə bütün yanaşmaları dəyişdi. Yəni sübut olundu ki, bu, unudulmuş, dondurulmuş münaqişə deyil və hər an çox ciddi və genişmiqyaslı dağıdıcı silahların istifadəsi ilə bir müharibənin başlanmasına səbəb ola bilər və bu müharibə təkcə region üçün deyil, dünyanın güc mərkəsləri üçün də toqquşma risqi yaradır”.

Həmsöhbətimizin dediyinə görə, Dağlıq Qarabağla münaqişəsində Ermənistanın arxasında Rusiya dayanır, Azərbaycanın da strateji müttəfiqi, dostu olan NATO üzvü Türkiyə var. "Bu risqlər var. Xüsusən də son zamanlar Rusiyanın Ukraynadakı ekstremist ünsürlərə dəstək verməsi həyəcan siqnalını artırır. Ona görə də ilk növbədə dünyada sülhün, təhlükəsizliyin qorunması üçün separatizmin qarşısı alınmalıdır. Bu baxımdan da, Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır və bu münaqişə həll olunmasa, çox ciddi fəsadlar baş verə bilər. Hər halda yeni baş katibin qurumun nüfuzunun artırılması üçün çabaları bizim üçün düşərli ola bilər. Yəni məlum BMT qətnamələri əsasında torpaqlarımızın işğaldan azad olunması imkanı yarana bilər”.

Politoloq Nəsimi Məmmədli bildirdi ki, münaqişənin həlli uzandıqca bu tip qarşıdurmaların, hərbi münaqişələrin olması istisna deyil. "Çünki Ermənistan tərəfindən Azərbaycan torpaqları işğal olunub və işğal olunmuş torpaqlarda Ermənistan tərəfi istədiyi cür beynəlxalq hüquqa məhəl qoymayaraq davranış sərgiləyir. Bu, faktiki olaraq həm beynəlxalq ictimaiyyətə, həm də Azərbaycan xalqına bir əzələ nümayişidir, bir az qıcıqlandırmadır. Bu baxımdan, əlbəttə ki, hər zaman münaqişənin alovlanma riski var. BMT-nin bu sahədə nizamlayıcı qətnamələri var və o qətnamələrdə nəzərdə tutulan öhdəliklər Ermənistan tərəfindən tamamilə qulaqardına vurulur. Azərbaycanın belə bir beynəlxalq hüquqa uyğun olaraq hüququ var ki, işğal olunmuş öz ərazilərində hərbi əməliyyatlar keçirsin və işğalçını bu ərazilərdən vurub çıxarsın. Ona görə, əlbəttə, nə qədər ki, beynəlxalq ictimaiyyət də, Ermənistan tərəfi də real olaraq bu hüquqa məhəl qoymur, münaqişənin alovlanma riski kifayət qədər yüksəkdir və təəssüf ki, Ermənistan tərəfi də əraziləri işğalda saxlamaqla bərabər, həm də te-tez müəyyən təxribat xarakterli addımlar da atır”, - deyən N.Məmmədli BMT-nin yeni baş katibi tərəfindən BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi məsələsinin gündəmə gətirilib-gətirilməyəcəyi məsələsinə də toxundu.

Onun sözlərinə görə, əslində bu məsələlər mütəmadi olaraq gündəmə gətirilir: "Amma təəssüflər olsun ki, yalnız bəyanatlar səviyyəsində qalıb. Xüsusilə, işğalçıya hər hansı beynəlxalq təzyiqləri müşahidə etmirik. Təcrübə bunu göstərir. Bu baxımdan böyük bir nəticənin doğuracağını güman etmirəm. Amma hər bir halda, Azərbaycan da diplomatik təzyiqi artırmalıdır ki, Ermənistana da təzyiqlər edilsin. Ancaq hansısa dəyişikliyin baş verəcəyini güman etmirəm”.



Aqil ASLAN


Millət