Şriftin ölçüsü / 523

"20 ildən artıqdır ki, ATƏT-in Mink qrupu yerində addımlayır"

27 Fevral 2017 [17:43]
Keçən ilin sonlarından etibarən Ermənistan cəbhə xətində müntəzəm olaraq vəziyyəti gərginləşdirməyə yönəlik cəhdlər edir. Fevralın 24-dən isə bu təxribat xarakterli cəhdlər özünün pik həddinə qədəm qoyub. Belə ki, işğalçı ölkənin əsgərləri bir neçə istiqamətdən Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinə hücum cəhdi edərək postları ələ keçirməyə çalışıblar. Azərbaycan Silahlı Qüvvələrinin adekvat cavab tədbiri nəticəsində işğalçılar itki verərək geri çəkilmək məcburiyyətində qalıblar. Baş verən son proseslər Qarabağda ikinci bir aprel savaşının başlama ehtimalını bir qədər də artırıb. Bəs görəsən bundan sonra proseslər hansı məcrada inkişaf edəcək və tərəflər arasında genişmiqyaslı hərbi əməliyyatlar mümkün görünürmü? Bu və ya digər suallarla Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayevlə söhbətləşdik.

-Elşən bəy, cəbhə xətində baş verən son proseslər, Ermənistanın növbəti təxribatı sizcə nəyə hesablanıb?

-Son günlər cəbhədəki təxribatlar məlumdur ki, erməni hərbi birləşmələri tərəfindən törədilib. O başqa məsələdir ki, Ermənistan rəsmiləri, kütləvi informasiya vasitələri bunun Azərbaycan tərəfindən törədildiyini bildirirlər. Bu da dünyada Azərbaycanın sülh danışıqlarına hazır olmadığını göstərmək üçün onların həmişəki kimi atdıqları addımdır. Düşünürəm ki, son təxribatların əsas səbəbi bu ilin aprel ayında Ermənistanda keçiriləcək seçkilərdir. Keçən ilin aprel döyüşlərindən sonra Ermənistanda Sərkisyan hakimiyyətinin , xüsusilə Qarabağ klanının vəziyyəti çox ağırlaşmışdı. Hətta mütəxəssislər aprel seçkilərində Rusiyanın ciddi hərtərəfli dəstəyi olmasa Qarabağ klanının hakimiyyəti itərəcəyi ehtimallarının böyük olduğunu da bildirirlər. Ona görədir ki, Ermənistan Müdafiə Nazirliyi , mətbuatda Azərbaycan tərəfinin ciddi itkilər verdiyi barədə mütəmadi məlumatlar yaymaqla onlara qarşı yaranan inamsızlığı azaltmağa , hakimiyyətlərinin nüfuzunu qaldırmağa çalışır.

-Hazırkı vəziyyətdə ikinci aprel sindromunun baş verməsi real görünürmü?

-İnanmıram ki, indiki durumda Ermənistan tərəfi geniş miqyaslı hərbi əməliyyatlara başlasın. Çünki bu addım atılarsa, Azərbaycan atəşə cavab vermək yox , artıq hücum əməliyyatlarına başlaya bilər və heç bir dövlət və ya beynəlxalq təşkilatın da buna qarşı çıxmağa sözü olmaz. Nəticədə bu Ermənistan üçün faciəyə çevrilə bilər.

-Son hadisələr Ermənistanla problemin danışıqlar, sülh yolu ilə həllinin qeyri-mümkünlüyünü bir daha ortaya qoymurmu?

-Ermənistan tərəfi məsələnin ədalətli qaydada, sülh yolu ilə həll olunmasında heç vaxt maraqlı olmayıb və ona xüsusilə Rusiya daxil olmaqla ciddi beynəlxalq təzyiqlər olmasa, bundan sonra da maraqlı olmayacaq. Bu olmayacağı halda gündəmdə məsələnin yalnız hərbi yolla həlli imkanları qalacaq.

-Cəbhədə itgilərin artması seçkiqabağı Sərkisyan rejimi üçün ciddi problemlər yaratmayacaq?

-Yuxarıda qeyd etdiyim kimi, Sərkisyan hakimiyyəti bu təxribatları daxildəki vəziyyətini düzəltmək üçün edir. Amma istəyinin əksinə olaraq proses onun əleyhinə işləyə bilər. Sözsüz ki , təxribatlar nəticəsində hər iki tərəfdən həlak olan əskərlər vardır. Bu gün Sərkisyan hakimiyyəti informasiya müharibəsi apararaq nə qədər desə ki, qarşı tərəf itkilər verib, amma erməni əskərlərinin meyidlərini gizlədə bilməyəcək. Artıq ermənilər sosial şəbəkələrdə yüzdən çox erməni əskərinin həlak olduğu, yüzlərlə əskərin isə yaralanması ilə bağlı məlumatlar yazırlar. Bunların çoxu da cəbhə bölgəsində olan erməni əskərlərinin qohumlarına verdiyi məlumatlardır. Hazırda Ermənistanda əskər ailələri bu barədə ciddi narahatdırlar, onların narazılıqları yüksək həddədir. Bu narazılıqlar da Sarkisyana ciddi problemlər yaradacaq .

-Beynəlxalq təşkilatların, ATƏT-in Minsk qrupunun passivliyi problemə biganə münasibətin mövcudluğunu bir daha ortaya qoymurmu?

-ATƏT-dən, beynəlxalq təşkilatlardan məsələlərə quru bəyanatdan başqa heç nə gözləməməliyik. 20 ildən artıqdır ki, ATƏT-in Mink qrupu yerində addımlayır . Məsələnin həllinə dair xırda bir irəliləyişə belə nail olmayıb. Bu illərdə aparılan danışıqlarda tərəflər razılığa gələ bilməyiblərsə, o zaman indiyə qədər niyə açıqlama verməyiblər ki, kimdi burada günahkar? Ola bilməz axı danışaqlarda tərəflərin hər ikisi öz mövqeyində doğru olsun. Əgər razılıq əldə edilə bilmirsə, o zaman iki tərəfdən biri mütləq səhv olmadır. Əgər səhv tərəf biz olsaydıq, çoxdan adımızı da çəkmişdilər, hətta təzyiqlər də etmişdilər. Belədə isə Ermənistanı səhv tərəf kimi göstərmək istəmirlər. Hesab edirəm ki, problemin həllini ATƏT- in ümidinə buraxmaq problemi on illərlə uzatmağa aparan yoldur.


Millət