Şriftin ölçüsü / 547

Mikayıl Müşfiqin dağıdılan büstü və iqtidardaxili mübarizənin lirikası...

03 Mart 2017 [19:46]
Bir müddət öncə Mikayıl Müşfiqin büstünün "Azəravtoyol” ASC tərəfindən sayğısız şəkildə götürülməsi ciddi rezonans doğurdu. Cəmiyyətin müxtəlif təbəqələrindən bu vandalizmə etiraz səsləri ucaldıldı. Məsələyə, hətta, prezident İlam Əliyev də müdaxilə edərək təqsirkarların cəzalandırılması və abidənin əvvəlki yerinə bərpa olunması barədə göstəriş verdi. Bundan sonra əlaqədar qurumlar hərəkətə keçdi, "Azəravtoyol” ASC-nin 3 nəfər əməkdaşı cəzalandırılıdı. Bütün bunlar təqdirə layiqdir. Lakin diqqət çəkən məqam burda başqa məsələlərdi.

Əvvəlcə qeyd etmək lazımdır ki, ümumiyyətlə, M.Müşfiqin büstünün qoyulduğu yer şairə layiq məkan deyil. Azərbaycan poeziyasının, xüsusən də, lirik şerimizin və romantizminin inkişafına böyük xidmətlər göstərən M.Müşfiqin büstünün bu dar, yöndəmsiz yerə yerləşdirmək düzgün deyil. Üstəlik də, onun büstünün ucaldığı məkanın 10 metrlik arxasında restoranın gecə-gündüz fəaliyyət göstərməsi şairə qoyulan hörmətdən irəli gəlmir. Bir neçə il öncədən də M.Müşfiqin büstü ilə bağlı yenə qalmaqal yaşanmışdı və bu qalmaqal yat-küt edildi. Çünki büstün bir addımlıq arxasındakı kitab evini satıb restoran etmişdilər. Mənim bildiyim qədər M.Müşfiq romantik şair olsa da, əhli-kef, restoran, eyş-işrət və yemək-içmək əhli olmayıb.

İkincisi, maraqlıdır ki, Azərbaycan ədəbiyyatında əruz və heca vəznlərində, eləcə də, epik və lirik janrlarda əvəzsiz bədii nümunələr yaradan Şah İsmayıl Xətainin heykəli söküntüyə məruz qalanda heç kəs səsini çıxarmadı. Halbiki M.Müşfiqin yazıb-yaratdığı dili rəsmi dövlət dili səviyyəsinə yüksəldən, həmin xalqın dövlətini dünyanın aparıcı və ən qüdrətli imperiyasına çevirən Şah İsmayıl Xətai də bu sayğısızlığa layiq deyildi. Özü də Müşfiqdən çox. Siz təsəvvür edin, Bakının ən böyük rayonlarından biri olan və Xətainin adını daşıyan 31,6 кvadrat kilometr (3160 hektar) ərazidə onun dərin xəyallara qərq olan halda ucaldılan heykəlinə 10 kvadrat metr yer tapılmadı. Bu boyda dövlət xadimi, görkəmli fateh Şah İsmayıl Xətaini yol ayrıcında qoyublar. Başqa vaxtı özlərini Şah İsmayılın nəvələri sayan bəziləri bu addımları ilə sübut etdilər ki, onlar Xətainin deyil, keçəlhəmzələrin və Səhlsumbatların tör-töküntüləridir.

Yaxud Gəncədə Rəsulzadənin heykəlinə çuval keçirdib, aylarla saxlayırlar, 28 May merostansiyasından onun kiçik büstü götürülür, Bakıda onlarla tarixi, maddi-mənəvi abidələrimiz sökülüb darmadağın edilir, İçərişəhərin qədim qala divarlarını dağıdıb, yerində dəbdəbəli hotel inşa edilir, tariximizə, mənəviyyatımıza, ədəbiyyatımıza illərlə divan tutulur, bir millət olaraq milli kimliyimizə artıq əl uzadılıb "türk” deyilik, söylənilərək təəssüf hissi keçirilir, bunlara nəinki təpki göstərilmir, hətta, bəraət qazandırılır. Sanki bu hallarda aidiyyatı qurumların və məsul şəxslərin şərti refleksləri də ölmüş. Amma birdən-birə adını indiyədək eşitmədiyimiz, ünvanını bilmədiyimiz, varlığından xəbəsiz olduğumuz neçə-neçə qurumlar əl-ayağa düşüb, cənfəşanlıq yarışına giriblər.

Məsələnin əsil kökü Müşfiq-filan deyil. Burda şairin büstünün arxasında gizlənən, ona diqqət və hörmət pərdəsi ilə örtülmüş siyasi söhbətlər, saraydaxili çəkişmələr, nüfuz və hakimiyyət davası var. Regional qarşıdurmalar var.

Bu iddiamın bir daha təsdiqi üçün M.Müşfiqin büstünün dağıdılması olayının xronoloji ardıcıllığına yenidən diqqət edək. Məlumata görə, təsdiqlənmiş layihə üzrə işlərini yerinə yetirən "Azəravtoyol” ASC Mikayıl Müşfiqin büstünü də sökür. Həmin söküntüdən sonrakı ərəfələrdə prezident İ.Əliyev M.Əliyevanı 1-ci vitse-prezident təyin edir. Təyinatdan ruhlanan bəzi qüvvələr hərəkətə keçərək təxminən bir ay əvvəlki söküntü barədə məlumatı Eynulla Fətullayevin saytlarına ötürür. Və bundan sonra qiyamət qopdurulur. Lakin bütün bu hay-küylər həmişə olduğu kimi nəticə vermir. Məsələyə prezidentin baldızı, 1-ci vitse-prezidentin bacısı, Lomonosov adına MQU-nun Bakı Filialının rektoru, Nərgiz Paşayeva kəskin münasibət bildirir və "büst” dramı kulminasiya nöqtəsinə-prezidentin səviyyəsinə çatdırılır. Prezidentin müdaxiləsindən sonra razvyazka hissəsinə doğru start götürülsə də, bu dram hələ finişə çatmayıb. Hərə bir qələm, bir vərəq götürüb düşürlər "Azəravtoyol” ASC-nin üzərinə. Təcrübədə sınaqdan çıxarılmış metod-bütün günahlar yüklənir Səhmdar Cəmiyyətə. Bakı şəhər icra hakimiyyəti yenə xəbərsiz, yaxasını dartır kənara. Hətta, bir-neçə ağac kəsildiyinə görə Ekologiya və Təbii Sərvətlər nazirliyi Səhmdar Cəmiyyəti məhkəməyə verir. Halbuki Bakıda artıq yaşıllıq zolaqları demək olar ki, qalmayıb, hamsını kəsib-doğrayıb məhv edib, yerində əyləncə mərkəzləri, şadlıq evləri, ticarət obyektləri, yüksəkmərtəbəli binalar tikiblər.

Diqqət çəkən məqamlardan biri də odur ki, büstə görə az qala bütün ölkə səfərbər edildi, etiraz etiraz dalınca gəldi, amma Binəqədidə çoxmərtəbəli yaşayış binası yanarkən onlarla insan həyatını itirir, dənizdə hər il neçə-neçə fəhlə batır, sonuncu dəfə dənizdə batan 10 neftçinin meydini sulardan tapmaq mümkün olmadı, bir nəfər də cəzalandırılmadı. Prezident də reaksiya vermədi. Eynən ölkə batıb-gedir, millət zillət içərsindədir, günahkarlar, vəzifə pillələrində yüksləldilir, mükafatlandırılır, öyülür. Bütün bunlar Müşfiq büstünün dağıdılmasından azmı faciəvi və dramatikdir? Təbii ki, yox. Çox istərdim Nərgiz Paşayeva bu problemlərə də kəskin mövqeyini ortaya qoysun.

Və nəticə. Bu hadisələr bir daha göstərdi ki, özlərinə lazım olduqda istənilən məlumatı yan-yörəsi prezidentə ildirim sürəti ilə çatdıra bilirlər. Prezident məmurlara deyil, öz çevrəsinə və ailəsinə inanır, onların narazılığına səbəb ola biləcək hadisələrə tez və kəskin münasibət bildirir, təxirəsalmaz tədbirlər görür. Dövlət hakimiyyəti idarəçiliyində dövlət məmurları, vəzifəli şəxslər deyil, qohumlar və ailə həlledici rol oynayırlar. Hakimiyyətdaxili regional qarşıdurmalar özünün şiddətli fazasına daxil olub və bu proses yüksələn şkala üzrə davam edəcək. Nəzərə almaq lazımdır ki, "Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov əslən Qərbi Azərbaycanın Vedi bölgəsindəndir və ehtimal ki, bu bölgədən olan general Bəylər Əyyubovla bağlılığı istisna deyil. Deməli, əslində hədəf öz nüfuzunu və təsirini getdikcə itirməkdə olan Bəylər Əyyubovdur. Bu yerdə bir hind aforizmi yerinə düşər "fillər dalaşanda tarla viran qalar”. Könül istərdi ki, hakimiyyətdaxili rəqabətdən əksinə xalq fayda götürsün, haqsızlıqlara, özbaşınalıqlara, harınlıqlara, qanunsuzluqlara son qoyulsun. Proseslərə, narazılıqlara və etirazlara vaxtında, kəskin, adekvat cavab verilsin. Problemlər tez həllini tapsın. Necə ki, Mikayıl Müşfiq dağıdılmış büstü ilə bağlı yaranmış problemlərin həlli kimi.

P.S. Bu yazı ilə mən Müşfiqə qarşı göstərilən sayğısızlığın miqyasını kiçiltmək, nə də bəraət qazandırmaq niyyətindən çox-çox uzağam. Əksinə, gözlənilməz yanaşma sərgiləndi və ictimai qınaq öz gücünü göstərdi. İstisna hal kimi, siyasi məqsədlər üçün deyil, həmişə belə olmalıdır.


Əli Orucov