Şriftin ölçüsü / 584

Aksiyaları da, siyasi fəallığı da cəmiyyətin özü müəyyənləşdirməlidir

07 Mart 2017 [10:42]
2017-ci ilin iki ayı arxada qalıb. Keçən ilin sentyabrında keçirilən referendumdan sonra müxalifət düşərgəsində müşahidə olunan sükut, qeyri-aktivlik isə hələ də davam edir. Ölkədəki iqtisadi və sair problemlərin fonunda müxalifətin aktivliyi hiss olunmur.

Əvvəllər yaz aylarında müxalifətin aktivləşməsi və aksiyalar keçirilməsi müşahidə olunurdu. Artıq yazın ilk ayı başlanıb. Müxalifət düşərgəsinin yaz ayları üçün hansı planlarının olduğunu, kütləvi aksiya keçirib-keçirməyəcəklərini araşdırdıq.

Sözügedən mərkəzdə təmsil olunmayan AMİP-in Siyasi Şura üzvü Əli Orucov isə dedi ki, siyasi partiyaların, o cümlədən də müxalifət düşərgəsinin aktivləşməsi mövsümi xarakter daşımır. Bu, ölkədə gedən proseslərdən, cəmiyyətin fəallığından və seçkilərlə bağlı haldır: "Müxalifət dedikdə cəmiyyətdən kənar, hansısa fövqəlqüvvə deyil və onun da gücü sosial bazasından, ölkə əhalisinin siyasi və ictimai fəallığından, xalq-iqtidar münasibətindən, eləcə də qarşı duran tərəflər arasında yaranan ziddiyyətin miqyasından asılıdır. Bu baxımdan da düşünürəm ki, aksiyaları da, siyasi fəallığı da cəmiyyətin özü müəyyənləşdirməlidir. Doğrudur, bu gün ölkədə ciddi problemlər var, hərtərəfli böhran getdikcə dərinləşir, amma bunun ictimai-siyasi proseslərə təsiri hiss olunmayacaq dərəcədə zəifdir. Lakin müxalifətin yazda fəallaşması gözlənilir. Çünki bu fəallaşmaya hakimiyyətdaxili müxalifətin də təkanı olacaq.

Ona görə də sosial sifarişi gözləmədən, cəmiyyətdəki narazılığı fərdi narazılıqlardan çıxardaraq ictimai narazılığa çevirmədən və hakimiyyətə qarşı fokuslaşdırmadan heç bir aksiya və süni fəallıq nəticə verməyəcək. AMİP-in də gündəmində reallıqları nəzərə almadan tələsik və nəyinsə xatirinə hansısa kütləvi aksiya keçirmək fikri yoxdur. Biz daha çox diqqəti təşkilatlanmaya, partiyadaxili strukturları tam işlək səviyyəyə gətirməyə yönəltmişik".

Ümid Partiyasının sədr müavini Tamilla Qulami isə yaz aylarında 2018-ci il prezident seçkilərinə hazırlıq işlərini həyata keçirəcəklərini dedi: "Bildiyiniz kimi, qarşıdan seçki ili gəlir. Artıq iki həftədən çoxdur ki, partiyamızda təşkilatlanma yönündə rayon təşkilatlarımızla birgə regional iclaslar keçirilir. Görəcəyimiz işlərlə bağlı proqram hazırlanır. Aprel ayının sonunadək bitməlidir. Hazırda partiyanın gündəmində kütləvi etiraz aksiyası keçirmək yoxdur”.
 /Yeni Müsavat/



Millət