Şriftin ölçüsü / 561

Mətbuat azadlığını məhdudlaşdıran daha bir addım

10 Mart 2017 [19:04]
Milli Məclisinin hazırda davam edən iclasında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinə dəyişikliklər müzakirəyə çıxarılıb.

Layihə barədə vitse spiker, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova ətraflı məlumat verdi. Layihəyə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatının qanunauyğun fəaliyyətini təmin etməlidir və buna görə şəxsən məsuliyyət daşıyır. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi hüquqi şəxsdirsə adı, təşkilati-hüquqi forması, elektron poçt ünvanı, fiziki şəxsdirsə, adı, soyadı və atasının adı və elektron poçt ünvanı həmin saytda aydın oxuna bilən yerdə və formada yerləşdirməlidir. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında aşağıdakı yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir: terrorçuluğun təbliği və maliyyələşdirilməsi, terrorçuluğun həyata keçirilməsinin üsul və vasitələri, terrorçuluq məqsədi ilə təlim təşkil etmə və ya keçirmə barədə məlumatlar, habelə terrorçuluğa açıq çağırışlar; zorakılığın və dini ekstremizmin təbliğinə dair məlumatlar, milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar; dövlət sirri təşkil edən məlumatlar; odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların hazırlanma qaydası və üsulları barədə məlumatlar; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının hazırlanma və istifadə üsulları və qaydası, onların qanunsuz əldə edilməsi yerləri, habelə tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya yerləri və üsulları barədə məlumatlar; pornoqrafiyaya, o cümlədən uşaq pornoqrafiyasına aid məlumatlar; qumar və digər qanunsuz mərc oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar; intiharı problemlərin həlli üsulu qismində təbliğ edən, intihara bəraət qazandıran, onu əsaslandıran və ya törədilməsinə təhrik edən, intiharın törədilməsi üsullarını izah edən və ya qrup şəklində bir neçə şəxsin intihar etməsini təşkil etmək məqsədilə yayılan məlumatlar; təhqir və böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar; əqli mülkiyyət hüquqlarını pozan məlumatlar; Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən digər informasiya. Maddədə o da deyilir ki, internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın olduğunu aşkar etdikdə və ya bu barədə ona müraciət daxil olduqda, belə informasiyanın informasiya ehtiyatından götürülməsini təmin edir.

Deputat Məlahət İbrahımqızı Vikipediyada məlumatların bir çox hallarda yanlış göstərildiyini və hətta milli maraqlara qarşı olduğunu xatırlatdı, bu məsələnin qanunvericiliklə tənzimlənməsini vacib saydı: "Bu günlərdə Gəncə ilə bağlı məlumatlara baxdım. Gəncəmiz az qala erməni şəhəri kimi təqdim olunur. Eyni zamanda, dahi, böyük şəxsiyyətlərimizlə bağlı bilərəkdən və ya qəsdən təhrif olunmuş məlumatlar gedir. Bu, çox ağrılı məsələdir”.

Deputat Siyavuş Novruzov mediada intihar mövzusunun geniş işıqlandırılmasını düzgün saymadı: "Dünyada intiharın sayına görə birinci yerə tutan Finlandiyadır. Həmçinin bəzi Avropa ölkələri ön sırada gedir. Bu,nə ehtiyacdandır, nə də başqa səbəbdən. Lakin görürsən ki, onlar bununla bağlı sırf statitistika verirlər. Sovetlər dövründə intihar, avtomobil qəzası yox idimi? Bu gün TV-lərdə, internet saytlarındfa daha önəmli məsələləri kənara qoyub birinci növbədə onları təqsim etməyə çalışırlar. Bu yaxınlarda bir informasiya getmişdi, bir sinifdən 5 nəfər intihar edib. Bununla nə demək istəyirik? Başqaları da gedib intiharın yolunu öyrənsin? Yaxud yol nəqliyyat hadisəsində həlak olanlarla bağlı. Allah ölənlərə rəhmət eləsin, qalanlara can sağlığı versin! Lakin elə təqdim olunur ki...Bizim həmkarlardan da buna şərh verənlər var. Buna nə şərh verəsən? Ya ehtiyatsızlıqdan olub, ya da hansısa qaydaların pozulması nəticəsində”.

Deputat televiziyaların kriminal hadisələrə geniş yer verməsinə qarşı çıxdı: "Görürsən, TV-lərdə verilişlər gedir, hamısı cinayət xronikasını göstərir. Tələm-tələsik informasiyanı cəmiyyətə çatdırmaq düzgün deyil. Bir vaxtlar televiziyada "Rezonans” verilişi var idi. Orada deyilirdi ki, cinayət törədib, amma peşmandır. Belə verilişlərin faydası var. Lakin biz tərsinə göstəririk, bilməyənlər də bilir ki, özünü asmaq, özünü vurmaq, başqasını öldürüb basdırmaq hansı formada olmalıdır. Hansısa şərhlərə görə ya internet portalının sahibi məsuliyyətə cəlb olunmalıdır, ya da yazan şəxs şəxsiyyət vəsiqəsini təqdim etməlidir”.

S.Novruzov ardınca bunları bildirdi: "Xaricdə kimsə Azərbaycan ordusu ilə bağlı məlumat yayır, bizimkilər həmin informasiyanı yayır, sonra həmin şəxs xəbəri silir, bizimkilər qalır ortada. Aprel döyüşləri ilə əlaqədar da yalan məlumatlar cəmiyyətdə yayılır. Bu, müəyyən mənada cəmiyyətə təsir edir. Ona görə də biz informasiyanın düzgün şəkilədə istifadəsini və yayılmasını müəyyənləşdirməliyik”.

Deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov ölkəmizin informasiya təhlükəsizliyi üçün önəmlidir: "Hər kəs əmin olsun ki, bu dəyişikliklər söz və informasiya azadlığının məhdudlaşdırılması demək deyil. Əksinə, dəyişikliklər qanunvericiliyimizi zənginləşdirir”.

Deputat Qənirə Paşayeva da Vikipediyada ciddi şəkildə Azərbaycan əleyhinə məlumatlar var. İstər tarixi şəxsiyyətlər, istər yer adları, istər digər məsələlərlə bağlı. İlk girilən yer Vikipediyadır. Bu mənada Vikipediayaya ciddi nəzarət olmalıdır”.

Müzakirələrin sonunda qanun layihəsi qəbul olunub. /Yeni Müsavat/


Millət