Şriftin ölçüsü / 655

YUĞ Dövlət Teatrının aktrisası Fəxri Fərmanla təltif olundu

13 Mart 2017 [17:51]

YUĞ Dövlət Teatrının aparıcı səhnə ustası Sonaxanım Mikayılova Milli Teatr Günündə teatr sənəti sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə, Azərtbaycan Dövlət Mədəniyyət və Turizm Nazirliyinin Fəxri Fərmanı və Azərbaycan Teatr Xadimləri İttifaqının Sənətkar medalı ilə təltif olundu.

Sonaxanım Mikayılova 1979-cu ildə Moskva Dövlət Kinematoqrafiya İnstitutunu (Yevgeni Semyonoviç Matveyevin emalatxanasında təhsil alıb) bitirdikdən sonra yaradıcılıq fəaliyyətinə Z.Abbasovun "Onun bəlalı sevgisi" (Xalidə) filmi ilə başlamış, K.Əzimzadənin «İsmayıl bəyin sandıqçası» filmində Ana, K.Əzimzadənin «İmtahan» filmində Ana, Ənvər Əblucun «Sarı köynək» filmində Zəminə, E.Qasımovun «Köhnə bərə» filmində Əminə, Ş.Nəcəfzadənin «Kral ölüb yaşasın kral» filmində kraliça, E.Səfərovun «Məhbus» filmində Ana, K.Rüstəmbəyovun «Bakı» filmində Jurnalist, V.İbrahimoğlunun «Qurama» filmində Ana, R.Mirzəyevin «Əkinçi» filmində Hənifə xanım, «Dronqo» filmində Nərminə obrazlarını yaratmışdır.

Aktrisa 1989-cu ildən "Yuğ" teatrında çalışır. Fərdi ifa tərzinə, səhnə mədəniyyətinə və duyumuna malik olan aktrisa "Yol", "Dəli Domrul", "Yuxu", "Salam", "Savalan", "Can üstə", "Birinci akt", "Vəsl" ("Mən, Məhəmməd Füzuli..." layihəsi), "Naməlum Axundzadə", "Medeya. Sekvensiya 01" tamaşalarında maraqlı obrazlar yaratmışdır.

S.Mikayılova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğuldur.

Sona Məmmədağa qızı Mikayılova Azərbaycan Respublikası Prezidentinin 3 may 2011-ci il tarixli sərəncamı ilə əməkdar artist fəxri adına layiq görülmüşdür. Prezident Mükafatçısıdır.