Şriftin ölçüsü / 775

Siyasi rejimin Azərbaycanı sonu görüməyən uçuruma atmasına, soydaşlarımızı qanunsuz miqrantlara çevrilməsinə imkan verməməliyik

15 Mart 2017 [14:57]
AMİP Siyasi Şurasının üzvü Əli Orucovun Moderator.az-a müsahibəsinin davamını təqdim edirik:

Əvvəlini bu linkdən oxumaq olar--- moderator.az/news/171603.html

- Xalqın dəyişikliyə nail olunması üçün beynəlxalq dəstək də lazımdır. Bu gün Qərb nədən həmin dəstəyi vermir?

- Müdrik atalarımızın bir deyimi var "səndən hərəkət, məndən bərəkət”. Doğrudur, əvvəliki illərlə müqayisədə Azərbaycandakı demokratik inkişafa beynəlxalq ictimaiyyətin diqqəti bir qədər azalıb. Qərbin Azərbaycanda əsasən enerji, kommunikasıya və digər strateji maraqları var. Qərb üçün ölkəmizdə demokratik dəyərlərin formalaşması və inkişafı az əhəmiyyətlidir. Çünki onlar da razılaşmaları xalqa deyil, İ.Əliyevlə bazırlıq etməyi üstün tuturlar. İstədikləri güzəşti də bu yolla ala bilirlər. Bir növ ortaq maraqlar imkan vermir ki, ölkədə normal, demokratik prinsiplərə söykənən, hüququn aliliyinin təmin olunduğu bir cəmiyyət, siyasi sistem və idarəçilik formalaşsın. İkincisi də, regionda və dünyada gedən proseslər, dünyanın yenidən qütbləşməsinə doğru sürət götürməsi Cənubi Qafqaza ehtiyatlı yanaşmağa məcbur edir. Regionda Rusiya, İran və Türkiyə amilini nəzərə almadan onların maraqlarına toxuna biləcək addım atmaq, Avropa dəyərlərini süni surətdə tətbiq etmək fəlakətlərə səbəb olardı. Necə ki, bunun acı mənzərəsini Suriyada görürürük. Demokratiyanın kor-koranə ixracı sosialimzmin və kommunizmin ixracı qədər təhlükəlidir. Gərək bu istək xalqın içərsindən, cəmiyyətin daxilindən gəlsin və bunu həzm edə bilsin. Bizi əhatə edən sərhədlərimizə nəzər salsaq görərik ki, Gürcüstanı çıxmaqla avtoritar rejimlər hökm sürür. Gürcüstanı da tam demokratik ölkə adlandıra bilməsək də, Qərbin hər cür açıq dəstəyini görürük. Azərbaycanda isə əksinə Qərbin özü hakimiyyətlə birlikdə imitasiyalar etməklə, demokratik təsisatların və siyasi institutların bərbad hala salınmasında, vətəndaş cəmiyyətinin sıradan çıxmasında, beləliklə, hazırkı siyası hakimiyyətin möhkəmlənməsində birgə fəaliyyət göstərdilər. Beynəlxalq təşkilatların nümayəndələri, Qərbi təmsil edən rəsmi şəxslər Bakıya işgüzar səfərlərində cəmiyyətə heç bir təsiri olmayan, qanunla siyasi proseslərdə işirakına məhdudiyyət qoyulan bir-iki QHT sədri, yaxud da şəxslə görüşdükləri halda, həm Gürcüstanda, həm də Ermənistanda müxalif siyasi partiyalarla görüşüb geniş müzakirələr aparırlar, onlarln rəy və təkliflərini nəzərə alırlar. Rusiya, Türkiyə isə ümumiyyətlə, müxalifətdən qaçır. Məhz bu cür yanaşmaların nəticəsidir ki, istər demokratiya və Qərb dəyərləri uğrunda mübarizə aparan qüvvələr, istərsə də cəmiyyətin özü bu dəyərlərə inamı gün-gündən azalmaqda, ümidsizləşməkdə, daha qətiyyətli addımlardan çəkinməkdədir. Bəzi müxalif lider və partiyaların da səhvləri ondan ibarət olub ki, illər ərzində cəmiyyəti Qərbin dəstəyi üzərində kökləyiblər. Qulaqları Qərbin ağzında qalıb ki, nə deyəcək, nə bəyanat verəcək. Post sovet məkanında gedən proseslər və dəyişikliklər Azərbaycana transfer edilməyə çalışılıb. Xatırlayırsız, Gürcüstandakı "qızılgül inqilabı”nın, Ukraynadakı "narıncı inqilablar”ın təsirinə o qədər düşmüşdülər, Qərbin burdakı siyasi hakimiyyət dəyişkənliyinə aludə və inanmışdılar ki, hətta, qısa zamanda Azərbaycanda da belə inqilabı dəyişiklərin baş verəcəyinə həm özləri inanmışdılar, həm də xalqı inandırmağa çalışırdılar. 2003-də Saakaşvilini Gürcüstanda, 2004-də Yuşenkonu Ukraynada hakimiyyətə gətirən Qərb ikili standartlardan yanaşaraq hətta ikiüzlülük etdi. Bir tərəfdən güya demokratik düşərgəyə dəstək verir, digər tərəfdən də hakimiyyətə ixtişaşları təcili yatırtmaq, stabillik yaratmaq tələbini irəli sürdü. Beləliklə də, Qərbin vədinə inanaraq həm iqtidarın həm də elə həmin Qərbin təxribatlarına uyub bəzi müxalifət partiyaları tərəfdarlarını polis zorakılığı ilə üzə-üzə müdafiəsiz qoydu. Hər zaman belə olub. 1998-ci ildə də Qərb prezident seçkilərində qalib gəlmiş və rəsmi protokollarların da bunu təsdiq etməsinə baxmayaraq AMİP lideri Etibar Məmmədovun qələbəsinə və xalqın iradəsinə dəstək verməyərək, total saxtakarlığa göz yumdu. Azərbaycanın digər müxalifət qanadı da bu qələbəni sonacan müdafiə edib rəsmiləşdirməyə həvəs göstərmədilər. İndinin özündə də yanlış olaraq gözü Avropanın üzündə qalan, dəyərlərinə sadiq qalacağına ümid edən qüvvələr var. Anlamaq lazımdır kı, Qərb dəyərləri Qərb cəmiyyəti üçündür. Həmin sərhəddən kənarda qalan cəmiyyətlər üçün bu ya imitasiya xarakteri, ya maraqaların həyata keçirilməsi üçün, ya da məcburiyyət üçün "hədiyyə” edilir. Baxın, indiyədək Qərb Penoçet, Qəddafi, Mübarək, Səddam Hüseyn kimi ən qəddar tiranlarla sıx əməkadaşlıq edib, hər cür dəstək verib və bəhrələniblər. İndinin özündə də dünyanın ən sərt avtoritar və totalitar rejimləri ilə isti münasibətlər saxlayır. Milli maraqlar qalsın bir yana, Qərbli deputatların hakimiyyətdən aldıqları "bəxşiş”, "hədiyyələr” və "pullar” hesabına insan azadlıqları qədər vacib prinsiplərin pozulmasına göz yummaları, saxtakarlıqlara haqq qazandırmaları doğrudan da özlərinin bəyan etdikləri sivil dəyərlərə ən böyük xəyanətdir. Biz unutmamalıyıq ki, xalqdan hərəkət olmadan, özümüzün dəyərlərimizə, ənənələrimizə sadiq qalmadan, başqalarından nəsə ummaq sadəlövlük olardı. İnsan hüquq və azadlıqları, qanunların aliliyi, kollegiallıq və s. Türk və İslam dəyərlərinin əsaslarını təşkil etmirmi?

Yeri gəlmişkən, onu da deyim ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan öz müstəqilliyini elan edəndə Qərb təəccüb içində qalmışdı. Necə davranacağını bilmirdi. Sonradan özləri də etiraf etdilər ki, Baltikyanı respublikalarını çıxmaq şərti ilə digər ittifaq respublikalarının SSRİ-dən ayrılmasına hazır deyilmiş. Və bunu qətiyyən gözləmirmiş. Amma xalq iradəsini yumruq kimi ortaya qoyaraq həm şər iperiyasından xilas ola bildi, həm özünü mübariz millət kimi bir daha tanıtdı, ilin xalqı adını qazandı, həm də qurduğu dövlət beynəlxalq aləmin bir suyektinə çevrildi. Deməli, hər şey xalqdan, onun davranış və fəaliyyətindən asılıdır. Qərbə arxayın olub, nəyəsə ümid etməkdənsə xalqla işləmək, onda ruh yüksəkliyi və əzmkarlıq yaratmağa, proseslərin cəlb etməyə səy göstərilməlidir.

- Mehriban Əliyevanın 1-ci vitse-prezident postuna təyin olunmasına bir qədər ehtiyatlı və diplomatik münasibət bildirdiniz. Bunu gözləmə mövqeyi kimi qiymətləndirmək olarmı?

- Bu təyinat gözlənilirdi.Tarixən saraylarda qadınlar dövlət işlərində rəsmi, yaxud qeri-rəsmi də, olsa fəal iştirak ediblər. M.Əliyeva da dövlətin idarə olunmasında, kadrların yerləşdirilməsində iştirakı vardı. Referendumla bu iştirak sadəcə rəsmləşdirildi. Maraq doğuracaq hal bu təyinatın tələm-tələsik həyata keçirilməsi, sanki hakimiyyətin sürətlə təhvil verilməsi prosesidir. Demokratik və ya qanuni olub-olmamasından asılı olmayaraq təyinat gerçəkləşib və o, dövlətin 2-ci şəxsidir. Bundan sonrası vacib olan odur ki, M.Əliyeva ölkəni və siyasi rejimi düşdüyü ağır böhrandan çıxarmağa köməyi dəyəcəkmi, yoxsa bu təyinat əksinə ciddi daxili sarsıntılar və gərginliklər gətirəcək. Lakonik desək, batmaqda olan gəmini xilas etməyə gücü çatacaqmı? Bütün bu prosesləri və ilkin nəticələri görmək və dəyərləndirmək üçünsə müəyyən zaman lazımdır. Sivil dövlətlərdə yeni seçilmiş ölkə başçısına eləcə də kabinetə 100 gün vaxt tanınır. Eyni zamanda birinci vitse-prezidentin hansı səlahiyyətlərə malik olacağı, fəaliyyət sferası və bu kimi məsələlər qanunla tam tənzimlənməyib.

Nəzərə almaq lazımdır ki, M.Əliyeva oturuşmuş və şəbəkələşmiş oliqarx-məmur və bürokrat odrusu ilə mübarizə aprmadan, onları zərərsizləşdirmədən, dövlət hakimiyyət aparatını çevik və işlək hala gətirmədən, korrupsiyanı, rüşvəti, qohumbazlığı, regionçuluğu aradan götürmədən hansısa uğura çatacağı absurddur. Bütün sahələrdə köklü və radikal islahatlar aparmalıdır. Bunlar isə çox çətin və müşkül məsələdir və bütün bunların öhdəsindən gəlmək isə təkcə İ.Əliyevin dəstəyi ilə mümkün deyil. Xalqa və mütərəqqi, saf qüvvələrə arxalanmalı, ictimaiyyətin geniş dəstəyini qazanmalıdır. Lakin nəzərə alsaq ki, o da bu siyasi sistemin yetirməsidir və yuxarıda sadaladıqlarıma müharibə açmaq öz əli ilə oturduğu qayığı suda batırması anlamı verır. Ona görə də bu təyinatın yaxşılığa doğru nəyinsə dəyişəcəyinə o qədər də inanmıram və hələ ki optimist deyiləm. Amma istərdim ki, Azərbaycanda fundamental islahatlar və dəyişikliklər məxməri, ağrısız və itkilərsiz keçsin.

- AMİP hər zaman sağ-mərkəzçi partiya kimi, milli burjuaziyanın maraqlarının müdafəçisi kimi çıxış edib. Partiyanız bir zamanlar ən imkanlı, maddi cəhətdən də güclü partiya olub. Amma müşahidələrimiz onu deməyə əsas verir ki, AMİP də artıq maliyyə sıxıntılarından danışır və daha çox sollara məxsus xətt götürüb, sosial şüarlarla çıxış edir. Bunu necə izah edərdiniz?

- AMİP müstəqilliyimizə yenidən qovuşduqdan sonra yaranan və rəsmi qeydiyyatdan keçən sağ-mərkəzçi təmayüllü partiyadır. Partiya iqtisadiyyatın liberallaşdırılmasının, azad bazara və rəqabətə imkan yaradılmasının və şəxsi mülkiyyətin toxunulmazlığının tərəfdarı olub. AMİP vergilərin azaldılması, əlverişli biznes mühitinin və şəffaflığın yaradılmasını iqtisadi inkişafı başlıca şərtlər kimi görür. Bu şərtlər eyni zamanda dayanıqlı sabitliyin və inkişafın əsasını təşkil edir. İnkişaf etmiş ölkələrdə orta təbəqə körpü və barışdırıcı rol oynayır. Amma Azərbaycanda orta təbəqə yoxdur. Ölkənin maliyyə-iqtisadi resurslarını əlində cəmləşdirən oliqarxiya və günü-gündən kasıblaşan, lümpenləşən təbəqə var. Bu fərq də 90-nın 10-na nisbətindədir. Monopoliya və inhisarçılıq həm iqtisadi inkişafa, həm də siyasi sabitliyə çiddi təhlükə törətməkdədir. Hakimiyyət daxilində hansı qruplaşma güclənirsə özünə rəqib bildiyi qruplaşmanı zəiflətməyə və sıradan çıxarmağa çalışır. Məğlub olunan qruplaşmanın də əlində olan bütün varidat, əmlak əlindən alınır. Bu qorxulu tendensiyadır. Mülkiyyət toxunulmazlığı tanınmadığınadan heç kəs Azərbaycanda mülkiyyət sahibi olmaq istəmir, Sərmayə qoyuluşu risklidir. Azərbaycan xarici investorlar üçün də cəlbedici deyil. Hansısa iş adamı Azərbaycanda kapital qoyub fəaliyyət göstərmək istəyir, amma bunun üçün hakimiyyətdə kimlərəsə külli miqdarda rüşvət verməlidir. Yaxud da hansısa yüksək çinli məmurlarla şərikli işləməlidir. Hələ bu da son deyil, qur, yarat, sonradan iriranqlı məmurlardan biri gəlib hər şeyə sahiblənsin, səni də didərgin salsın, həbslərdə çürütsün. Zülfüqarlı qardaşları, Hüseyn Arabul kimi iş adamları buna əyani misaldı. Ona görə də Azərbaycana heç kim kapital qoymaq istəmir. Kapitalı və əmlakları Azərbaycanda olanlar bunu xaricə daşıyır. Təkcə Gürcüstana Azərbaycan tərəfindən qoyulan sərmayənin həcmi yüz milyon dollarla ölçülür və Azərbaycan Gürcüstana qoyulan xarici kapitalın həcminə görə liderdi. Bu gün Azərbaycanda beynəlxalq təşkilatlatların hesabatlarında da, proqnoz və təhlillərində də iqtisadi azadlıqların səviyyəsinə, şəffaflıq və digər ölçülərə görə axırıncı yerləri tutur. Təsadüfi deyil ki, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü Azərbaycanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə üzvülükdən çıxatdı. Azərbaycanda bəlkə də milyardelərin və milyonerlərin sayı onlarladı. Amma indiyədək bir nəfər rəsmi milyoner yoxdur. Niyə? Çünki bu milyonlar halal yolla, alın təri ilə qazanılmayıb. Oğurluq, talançılıq, dələduzluqla əldə edilib, vergilərdən gizlədilib. Bu çirkli qazancla da təsadüfi adamlar deyil, hakimiyyətdəkı ayrı-ayrı məmurlar və onların çətiri altındakılar məşğul olub. Dövlətin gücündən və imkanlarından sui-istifadə edib rəsmən reketçilik, soyğunçuluq edən MTN kimi bir mötəbər qurumun ifşasından hər kəs xəbərdardır. Aparılan istintaq və məhkəmə prosesi daha hansı rəzalətləri üzə çıxarmalıdır ki, Azərbaycandakı acınacaqlı real və biabırçı mənzərə görünsün?! Keçmiş MTN və Rabitə Nazirliyinin simasında bir daha təsdiqləndi ki, ordenli-medallı, rütbəli-çinli dövlət məmurları, nazirlər bu dövlətə və millətə qənim kəsiliblər. İndi cinayətdə suçladıqları Akif Çovdarova, Eldar Mahmudova verilən təltiflərin, orden-medalların sayı heç faşizm üzərində qələbə çalan Sovet generalitetində olmayıb. Əli Abbasov və indi də vəzifələrində qalan müavinləri qanunsuz yolla ayda filan qədər paket aldığını etiraf etsə də, onlara qarşı şahid ifadələri olsa da, heç biri cəzalandırlmayır. Amma Əli İnsanov dəlil-subut, şahid ifadələri olmadan 12-ci ildır ki həbsxanada yatır.

Onlarla zərəçəkən olduğu halda bir nəfər də hüquqlarını qorunması üçün nə indiyədək hüquq-mühafizə orqanlarına, nə də məhkəmələrə müraciət etməyib. Ona görə ki, qanunlar işləmir, ölkə korrupsiya və rüşvət girdabında boğulur. Məhkəmələr də hüquq-mühafizə orqanları da yarıtmaz gündə, bu çirkabın içindədir. "Oğrudan oğruya halaldır” prinsipi hələ də aktuallığını saxlayır.

Bu gün partiylaşma sıradan çıxarıldığınadn partiyların ölkədəki proseslərə və cəmiyyətə təsir gücü aşağıdır. Eyni zamanda partiyalar totalitar rejimlərdə cəlbedici görünmürlər və perspektiv vəd etmirlər. Bu baxımdan da iş adamları, ayrı-ayrı sosial qruplar və təbəqələrin partiyalara marağı azalıb. Müxalifət partiyaların da vəziyyət daha kritikdir. Ölkədə orta təbəqə olmadığından partiyaların maliyyələşməsi də çətinləşdirilib. Hakimiyyət müxalif partiyalarla bu və ya digər formada əlaqəsi olan hər kəsi sərt şəkildə cəzalandırır. Partiyaların özü belə davamlı təzyiqlər və basqı altında saxlanılır. Belə olan halda partiyaların maliyyələşməsi də, fəaliyyəti də məhdudlaşır. AMİP milli burjuaziyanın formalaşmasına çalışıb. Lakin iqtidar milli burjuaziyanın formalaşmasına həm də ona görə imkan vermədi ki, müstəqil düşünən, və sərbəst fikir yürüdə bilən insanlar olmasın. Ölkədə alternativlik yaranmasın. Müstəqil insanların sayının çox olması hakimiyyətlərdən asılığı aradan qaldırır, bütün sahələrdə rəqabət mühiti yaradır. Vergi ödəyicilərinin sayı artdıqca hökümətin də məsuliyyəti artır. Daha dövlət büdcəsini itdədiyi kimi xərcləməyə, talan etməyə imkan vermir, hökümət üzərində total nəzarət yaranır. AMİP də bunu hədəfləyir. Əliyevlərin hakimiyyəti illərində də AXC iqtidarı dövründə də ən çox haqsızlığa, repressiyalara, basqılara qalan partiya da AMİP olub. Biz həm müxalifətin, həm də iqtidarın çarpaz atəşi altında qalmışıq. Təəssüf ki, indi də bu basqıları hiss edirik, bizə qarşı yaradılan süni problemlərlə hər an üzləşirik. Qərargahlarımız əlimizdən alınıb, əmlakımız və arxivimiz dağıdılıb məhv edilib. Bütün bunların müqabilində AMİP bu gün də ölkənin aparıcı siyasi təşkilatıdır.

O ki, qaldı sollara məxsus siyasi xətt məsələsinə, demokratik və yüksək inkişaf etmiş ölkələrdə fəaliyyət göstərən siyasi partiyalar kimi AMİP üçün də əsas faktor insan amilidir. Vətəndaşların maddi və sosial rifah halının yaxşılaşdırılmasıdır. Xalq dövlət üçün deyil, dövlət xalq üçündür. Bu gün əhalinin 90 faizi açlıq, səfalət içindədir, kasıb yaşayır. İnsanlar daha çox nədən narazı qalırlar, sosial vəziyyətdən. "Ac qılınca çapar” deyərlər, ac adam daha baxmır ki, atacağı addım qonunidir, ya qeyri qanuni, məqbuldur, ya yox. Sosial partlayış baş verəndə bu xaotik və amansız vəziyyət yaradır və bundan da maraqlı qüvvələr asanlıqla istifadə edə bilirlər. Məhz buna görə də AMİP olaraq sosial probelmlərin getdikcə çətinləşməsi, bahalıq, hökümətin fəaliyyətsizliyi, üstəlik də elementar insan hüquq və azadlıqlarının hər addımbaşı pozulması, zorakılıq və hallarının artması, çox təhlükəli həddə gəlib. Ona görə də müstəqilliyini qazandıran dövləti quran insanlar onun taleyindən narahatçılıq keçirmələri təbiidir. Bir balaca təhlükə hiss etdikdə məmur təbəqəsinin çoxu çirkli pullarla xaricdə aldıqları mülklərinə qaçıb gedəcək. Mən demirəm iqtidardakıların hamısı pisdir, rüşvətxor, korrupsioner və talançıdır. Vicdanlı, Vətənini, Millətini sevən insanlar da çoxdur. Lakin rejim onları da müti və çıxılmaz duruma salıb, əl-qollarını bağlayıb. Lakin onlara deyəcəyim qısaca ondan ibarətdir ki, çəkinməsinlər, qorxmasınlar, onsuz da qaradan tünd rəng yoxdur, birlikdə əl-ələ, çiyin-çiyinə bu dövləti, bu milləti, bu xalqı dərin problemlərdən çıxaraq, imkan verməyək ki, siyasi rejim Azərbaycanı sonu görüməyən uçuruma atsın, soydaşlarımız qanunsuz miqrantlara çevrilsinlər.