Şriftin ölçüsü / 717

Azərbaycanlıların soyqırımı birləşdirici ideologiyaya və faktora çevrilməlidir

29 Mart 2017 [18:32]

(əvvəli)

Mərhum prezident H.Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı günü  kimi qeyd olunur. Azərbaycanlıların soyqırım gününə iki gün qalıb.Hələki bu haqda şərhlərə, paylaşımlara rast gəlmirəm.Ya biz tarixi hadisələri anım günü xatirinə xatırlayırıq, ya da tariximizi xatırlamaq, yad etmək istəmirik. Başqa xalqların hansısa bir tarixi günü yaxınlaşsaydı bəlkə də beş gün öncədən dövlət rəsmisi tərəfindən baş sağlığı və ya təbrik məktubu göndərilmişdi.Unutqanıq... həm torpaqlarımızı itirmişik, həm də dəyərli soydaşlarımızı...Haqq-ədalət vətən sərhədlərindən bərqərar olmalıdır. Bu fikirləri İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev öz Facebook səhifəsində yazıb. Onun bu həyacanlı və narahatdolu fikirləri bizim də diqqətimizi özünə çəkdi və qərara aldıq ki, Təbriz Musayevlə görüşüb daha ətraflı söhbətləşək. Təşkilat sədri ilə müsahibəmizdə də ilk sualımız bu narahatlığın nədən qaynaqlandığı barədə oldu.

-Təbriz bəy, olmazmı kimilərisə, hansısa göstəriş gözləmədən heç olmasa rəhbərlik etdiyiniz İrəvan Azadlıq Təşkilatı soyqırım günü ilə bağlı bir tədbir keçirəydiniz? Adından da göründüyü kimi İrəvan da daxil olmaqla indiki Ermənistan adlanan ərazilərdə soydaşlarımız daha çox kütləvi soyqırıma məruz qalıblar.

-İrəvan Azadlıq Təşkilatı hər il soyqırım günü ilə bağlı müxtəlif tədbirlər keçirib. Biz Azərbaycan türklərinə qarşı ermənilər tərəfindən həyata keçirilən soyqırım aktını təkcə ildönümlərdə yada salmırıq. Təşkilat olaraq vəhşiliklərlə, kütləvi qətllərlə bağlı silsilə tədbirlər keçirməklə kifayətlənmirik, eyni zamanda bu faciələrin nəsillərin yaddaşında möhkəm saxlanılması və tariximizin bu qanlı səhifələrinin diqqətlə öyrənilməsi istiqamətində də müntəzəm fəaliyyət göstəririk. Əsəs vəzifələrimizdən biri və birincisi Qərbi Azərbaycan türklərinin pozulmuş hüquqlarının bərbası və öz doğma-yurd yuvalarımıza qayıtmağa olan ümidlərimizin sınmasına imkan verməməkdir. Soydaşlarımızın Qərbi Azərbaycanda son deportasiyasında 29 il keçir, nəsil dəyişməkdədir, onların çoxunun qoyub gəldiyimiz torpaqlarla bağı olmayıb, yaşlılar isə iqlim və şərait dəyişikliklərinə, qaçqın həyatına dözə bilməyib dünyadan köçürlər. Qayıtmaq ümidləri də hər ötən gün üçün azlmağa doğru gedir. Qərbi Azərbaycandan ermənilər tərəfindən silahla qovulmuş 200 mindən çox azərbaycanlının həm də mal varlığına, mülkiyyətinə, əmlakına qəsd edilib ki, bunların da dəyəri milyardlarla vəsait deməkdir. Bu baxımdan da çalışırıq ki, ermənilərin zorla ələ keçirdiyi həmin əmlakın və mülkiyyətin əvəzinin ödənilməsinə də dəstəyimizi əsirgəməyək. Qərbi Azərbaycanlıların hüquqlarının bərpası və onların problemlərinin, eləcə də, haqq səsinin beynəlxalq alımə çatdırılması üçün dəfələrlə Birləşmiş Millətlər Təşkilatının, ATƏT, Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin və ABŞ, Rusiya, Fransa kimi dövlətlərin ölkəmizdəki səfirliklərinin qarşısında kütləvi aksiyalar keçirmişik. Səfirlərlə görüşüb həm yazılı, həm də şifahi şəkildə fikirlərimizi çatdırmışıq. Təəssüf doğuran odur ki, bu işlərdə Azərbaycan höküməti bu və ya digər formada bizə dəstək vermək, yardım göstərmək əvəzinə, əksinə mane olmağa çalışır, qarşımıza sədd çəkir. Biz heç vaxt kimdən tapşırıq, yaxud da göstəriş gözləməmişik və deməmişik ki, soyqırım, deportasiya kimi faciələrimiz təkcə bizim işimiz deyil. Təşkilatımız yarandığı gündən qarşımıza qoyduğumuz məqsədlərə çatmaq və üzərimizə götrüdüyümüz məsuliyyətin öhdəsindən gəlmək üçün əlindən gələni əsirgəməyib. Məhdud maliyyə və maddi imkanlarımızla çalışırıq ki, daha çox işlər görə bilək. Hər il 31 Mart Azərbaycanlıların Soyqırım günü ərəfəsində bir neçə silsilə tədbirlər, o cümlədən dəyirmi masalar, konfranslar, sərgilər keçirirdik və bunları da öz vəsaitimizlə və öz gücümüzə edirdik. Amma bu il maddi imkansızlıq ucbatından geniş şəkildə bu sadaladıqlarımı edə bilmədik. Amma görürəm ki, soyqırım günü heç kimin yadına düşməyib. Heç iqtidar da bu günlə bağlı nəsə görmək həvəsində deyil. Mərhum prezident H.Əliyev nə yaxşı ki, bunu rəsmləşdirdi, onun dövründə azərbaycanlıların soyqırımı məsələsi diqqətdə saxlanılırdı. Görünür kimlərsə, ermənilər tərəfindən azərbaycanlıların soyqırıma məruz qalmalarının diqqətdə saxlanılması, bunun nəinki beynəlxalq ictimaiyyətə, hətta, ölkə ictimaiyyətinə çatdırılması sərf etmir.

-Xocalı soyqırımı ilə bağlı hər il 26 fevral bütün dünyada anım mərasimləri keçirilir, Sizsə deyirsiniz ki, azərbaycanlıların soyqırımının tanıdılmasında iqtidar maraqlı deyil. Bunu necə izah edərdiniz?

-5-6 il öncəyədək Xocalı genosidi də sönük və ağlaşma ilə yad edilirdi. Fevralın 26-da ağlayıb-sızlayıb, faciə haqqında bir-iki səhnələşdirilmiş tədbirləri və ekran əsəri gösərilirdi, "Ana Fəryadı” abidəsi ziyarət edilirdi, bununla də yenə də hər şey yaddan çıxırdı. 1-ci vitse-prezident M.Əliyevanın rəhbərlik etdiyi "H.Əliyev Fondu” bu işi üzərinə götürəndən sonra yanaşma tamam dəyişdi. Xocalı faciəsinin atrıq beynəlxalq aləmdə tanıdılması, ən azından məlumatlandırılması istiqamətində uğurlu nəticələrə nail olundu. Bütün bunları təqdir edir və müsbət qarşılayırıq. Amma bir millətin taleyüklü məsələsini təkcə "H.Əliyev Fondu”na həvalə edib, hər şeyi fond edəcəyinə arxayın olmamalıyıq.

İkincisi, istəsə belə, nə qədər əzmkarlıqla çalışsa belə bir fondun bu qədər işlərin öhdəsindən gəlməsi faktiki mümkün deyil. Azərbaycanlıların soyqırımı elə bir mövzudur ki, hər bir azərbaycanlının danışacağı, təbliğat aparacağı, özünün fərdi faciəsi kimi yaşayacağı və yanaşacağı mövzudur. Siz baxın ikinci dünya müharibəsində faşistlər işğal etdikləri bütün ölkələrdə yəhudiləri kütləvi şəkildə qırdılar, amma yəhudilər ümumi bu soyqırıma Xolokost adını verdilər. Onlar Polşa, Fransa, yaxud da hansı şəhərlə bunu adlandırmırlar. Yaxud da ermənilər qondarma erməni soyqırımı deyirlər. Mən də anlamaqda çətinlik çəkirəm ki, niyə Xocalı faciəsi kimi 31 Mart Azərbaycanıların Soyqırımı günü də yüksək səviyyələrdə və təşkilatçıqlıqla qeyd olunmur?! Axı belə götürəndə Xocalı faciəsi Azərbaycalıların ermənilər tərəfindən soyqırıma məruz qalmasının bir epizodudur, bir parçasıdır, onlarla bundan da dəhşətli soyqırımlar törədilib və on minlərlə günahsız soydaşlarımız qətlə yetirilib. Soyqırım məsələsi həm yəhudilərdə, həm də qondarma da olsa ermənilərdə milləti birləşdirən ümumi bir ideologiyaya və faktora çevrilib. Azərbaycanlıların soyqırımı da birləçdirici ideologiyaya və faktora çevrilməlidir. Biz millət olaraq buna nail olmalıyıq. Halbuki bu cür biganəliklə, yaxud da hakimiyyətin yarıtmaz siyasəti ucbatından bizə, hətta tarixi yurd yerlərimiz unutdurulur.

-Elə bu mövzuya yaxşı toxundunuz, mən də bununla bağlı Sizə sual vermək istəyirdim ki, bir ara Qərbi Azərbaycandan gələn qaçqın soydaşlarımızın pasportlarının şəxsiyyət vəsiqələri ilə əvəz edilməsi zamanı yer adlarının göstərilməməsi ciddi müzakirələrə yol açdı. Amma vəziyyət dəyişmədi. Siz necə düşünürsünüz bu bilərəkdən edildi, yoxsa hansısa zərurətdən irəli gəldi?

-Mən bunu düşünülmüş şəkildə edildiyini düşünürəm və bunu da soyqırımın davamı kimi qiymətləndirirəm. Bir milləti yer üzündən silmək üçün onu təkcə fiziki olaraq məhv etmirlər. Onun tarixini, yaddaşını, məişətini, mədəniyyətini, mənəvi- maddi irsini, toponimlərini də məhv edirlər ki, izi-tozu qalmasın. Ermənilər azərbaycanlıları təkcə fiziki cəhətdən soyqırıma məruz qoymayıblar, tariximizə, mədəniyyətimizə, müsiqimizə, hətta mətbəximizə belə əl uzadaraq özününküləşdirməyə çalışırlar. Pasportlarda gəzdirdiyimiz yaşayış məntəqələrinin adları təkcə toponimlər, coğrafi adlar deyildi, Qərbi Azərbaycan türklərinin tarixi və yaddaşı, varlığı idi. Bu torpaqların əzəli sahiblərinin möhürü və izi idi. Bilərəkdən həmin izi itirdilər. Bunun əksinə olaraq ermənilər və gürcülər bizə məxsus olanlara yiyələnməkdə davam edirlər. İrəvanın ən uca zirvəsində olmayan "soyqırıma” məhtəşəm abidə ucaldıb və bunu rəsmi protokola salıblar. Bizdə isə nəinki belə bir abidə, muzey, anıt yeri yoxdur, əksinə olanları da məhv edirlər. Hakimiyyətdə yüksək postda olanlar sanki İrəvan, Göyçə, Zəngəzur, Pəmbək və s. adlardan qorxur. Siz təsəvvür edin, Qərbi Azərbaycan adı ilə bağlı bir dənə də dişə vurulası təşkilat, ictimai birlik, qurum rəsmi dövlət qeydiyyatından keçməyıb. On il bundan qabaq "İrəvan” adlı, ardınca isə "Qərbi Azərbaycan”adında qəzetlər çıxdı, onların ömürləri heç bir ildən çox çəkmədi. Halbuki buna ciddi ehtiyac və zərurət var. Yeri gəlmişkən, bir hadisəni danışım, yüksək rütbəli məmurlardan biri nədən təşkilatın adının başqa bir dövlətin paytaxtının adını qoymağımızı bizə irad kimi bildirərək əlavə etdi ki, prezident İ.Əliyev sülhpərvər siyasət aparır, sizsə buna mane olmağa çalışırsız. Təşkilatınızın adını dəyişin xahiş və kömək edək sizi rəsmi qeydiyyata alsınlar. Mən heyrətdən donub qaldım ki, hakimiyyətdə yüksək vəzifələrdə əyləşən bəzi məmurların kafaları doğrudan da erroziyaya uğrayıb, ya da heç olmayıb. Bu kimi düşünən nadanlar hələ də anlaya bilmirlər ki, İrəvan Azərbaycanının əzəli və ayrılmaz bir hissəsidir. O torpaqlar Qüdüs, Məkkə, Məhşəd, Kərbala kimi bizim üçün müqəddəsdir. Biz qeydiyyatsız da fəaliyyət göstərə bilərik, amma təşkilatımızın adındakı İrəvan adı və embilemimizdəki İrəvan xanlığının təsvirini heç nə ilə dəyişmərik. Biz ancaq o vaxt təşkilatımızn adını dəyişə bilərik ki, İrəvanımızı düşmənlərdən azad edə bilək və itirdiyimiz bu müqəddəs torpaqlara qayıdaq və İrəvan Azadlıq Təşkilatı adlı quruma ehtiyac qalmayacaq.

-Həmin məmurun adını açıqlaya bilərsinizmi?

-Mənim həmin məmurun adını açıqlamağım heç nəyi dəyişmiyəcək onsuz da. Yazıqlar olsun ki, hakimiyyətdə belə düşünənlərin sayı bir deyil, iki deyil, onlarladır. Əgər belələri tək-tək olsaydı Qərbi Azərbaycan məsələsinə çox həssaslıqla və diqqətlə yanaşılardı. Bu profilli qurumlara qayğı və kömək göstərilərdi, ümummili faciələrimizə biganəlik aradan götürülərdi. Bu da ondan irəli gəlir ki, bəzi məmurlar kimlərin və nələrinsə köməyi ilə layiq olmadıqları postlarda oturublar. Yaxud da bunların hamısı mütəşəkkil qaydada bir mərkəzdən idarə olunur.

-Sizin dediklərinizdən belə çıxır kı, hökümət daxilində "erməninin dəyirmanına su tökənlər” var...

(davamı var)




Fərid Pəmbəkli