Şriftin ölçüsü / 915

İrəvan Azadlıq Təşkilatı Milli Şuranın mitinqi ilə bağlı bəyanat verdi

05 Aprel 2017 [17:44]

Milli Şuranın 8 apreldə təyin etdiyi mitinqlə bağlı İrəvan Azadlıq Təşkilatı (İAT) bəyanat yayıyıb. Təşkilatdan "Millət"ə daxil olan həmin bəyanatda deyilir:

Milli Şuranın mitinq barədə verdiyi qərar sosial sifarişdən irəli gəlir və indiki halda cəmiyyətin bütün təbəqələrinin maraqlarına cavab verir. Ölkədə tüğyan edən korrupsiya, rüşvətxorluq, dövlət əmlakının və büdcənin hakimiyyət tərəfindən acgözlüklə talanması, əhalinin günü-gündən həyat və məişət səviyyəsinin pisləşməsi, bahalaşma, idarəetmə orqanlarında yarıtmazlıq, monarxiya təhlükəsi hər kəsi ciddi narahat edir və düşündürür.

Azərbaycanın gələcək taleyinin bəlli olmayan və qaranlıq istiqamətə yönlədirilməsi xalqın və millətin birləşərək öz etiraz səsini daha ucadan səsləndirməyi, bu acınacaqlı proseslərın qarşısnı qətiyyətlə almasını labüdləşdirir. Qanı, canı bahasına qurduğu dövlətinin bir qrup talançı rüşvətxor şəxslərdən xilas etməyin real vəziyyətdə yeganə yolu meydanlara çıxıb milli iradəni ortaya qoymaq, haqqın, demokratiyanın yanında olmaqdır.

Bu baxımdan da cəmiyyətin ayrılmaz tərkib hissəsi olan İrəvan Azadlıq Təşkilatı Milli Şuranın 8 aprel 2017-ci il tarixdə "Məhsul” stadionunda keçirəcəyi mitinqə kütləvi, mütəşəkkil və aktiv şəkildə iştirak edəcəyini bəyan edir. Təşkilat olaraq təmsil olunduğu regoindan, siyasi partiyadan, vətəndaş institutlarından, işlədiyi idarə və müəssisədən asılı olmayaraq hər kəsi bu mitinqə fəal şəkildə qoşulmağa çağırırıq. Əgər biz birlikdə "Monarxiyaya yox!”, "Talana yox!”, "Siyasi Məhbuslara Azadlıq!” hayqıra bilsək, Vətənimizi, Dövlətimizi, Millətimizi, Özümüzü, Övladlarımızı bu rejimin zülmündən və istidbadından qurtara bilərik! Meydanlarda birləşək ki, bu iqtidar meydanlarımızı bizə dar edə bilməsinlər!


Fərid Pəmbəkli