Şriftin ölçüsü / 378

Moskvanın geri çəkilməsi inandırıcı deyil

06 Aprel 2017 [16:45]
Elşən Mustafayev: "Rusiya tək Yaxın Şərq probleminin içində olduğu üçün tənqidlərə və təhdidlərə tuş gəlmir"

"İstər daxili, istərsə də xarici siyasətində çoxlarını qane etməyən narazı salan məqamlar kifayət qədərdir"

Beynəlxalq terrorizm yenə aktiv fəaliyyətdədir. Türkiyə və Avropanın ardınca bu dəfə Rusiya Federasiyası bu terrorun qurbanı oldu. Xəbərlərdən də aydın olduğu kimi bu günlərdə Sankt-Peterburq şəhərindəki metro stansiyalarından birində dəhşətli terro aktı həyata keçirilib. Terrakt nəticəsində 10 nəfər həlak olub, 50-dən çox insan müxtəlif dərəcəli xəsarət alıb. Bir qayda olaraq terrorun bu və ya digər ölkəni atmış olduğu hansısa addımlardan geri çəkindirmək məqsədi daşıdığını nəzər alsaq belə qənaətə gəlmək mümkündür ki, Sankt-Peterburq terroru da məhz Rusiyaya terror yolu ilə verilən bir mesajdır. Yəni şimal qonşumuzun Yaxın Şərqdə tədricən söz sahibinə çevrilməsi müəyyən beynəlxalq gücləri ciddi şəkildə narahat edir. Bu səbəbdən Rusiya terrorun hədəfinə çevrildi. Bəs görəsən bu barədə ekspertlər nə düşünür? Bu və ya digər məsələlərlə bağlı Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayevə müraciət etdik.

-Elşən bəy, bu günlərdə Rusiyada baş verən terror aksiyası sizcə nəyə hesablanıb və bu Rusiyaya bir xəbərdarlıq mesajı sayıla bilərmi?

-İlk öncə deyim ki , bunu günahsız mülki insanların qətli kimi dəyərləndirirəm. Həlak olanların ailələrinə baş sağlığı, yaralılara isə şəfa diləyirəm. Hadisə yeni baş verib, istintaq və araşdırmalar davam edir. Terror aktının hələ heç kim öz üzərinə götürməyib. Ona görə də bu hadisənin nəyə hesablandığı barədə konkret bir söz deməyə çətinlik çəkirəm. Müxtəlif ehtimallar irəli sürülür. Bəziləri burada Şimali Qafqaz izi axtarır, digərləri İŞİD-lə bağlı olma ehtimallarını dilə gətirirlər. Hətta daxili siyasi mübarəzəyə bağlamaq istəyən qüvvələr də var. Kimsə bu hadisəni boynuna götürərsə və ya təşkilatçılar barədə dəqiqləşmə olarsa, o zaman terror hadisəsinin məqsədi və verdiyi mesaj barədə danışmaq olar. Belə də isə ehtimallardır.

-Bu arada terraktın arxasında erməni barmağının, xüsusilə Daşnaksütyunun olduğu barədə fikirlər səslənir. Düzdür, bu fikirlər bəzi KİV-lərin iddiası olsa da, amma ümumilikdə terrorda erməni izi ola bilərmi?

-Bu barədə rəsmilərin adından hər hansı fikirləri eşitməmişəm. Amma yəqin ki, istintaqda bütün mümkün ehtimallar araşdırılacaq. KİV-lərdə gedən məlumatları da kənarda qoymayacaqlar. O cümlədən Daşnaksütyunla bağlı fikirlərə də laqeyd qalmayacaqlar. Ən azından Daşnaksütyunun hələ SSRİ vaxtı Moskvada və digər şəhərlərdə qanlı terror hadisələri törətməsini çoxları unutmayıb . Həmin vaxt uzun axtarışlardan sonra ermənilər həbs olundular və güllələndilər.

-Bu terraktların Rusiyanı öz yolundan və Yaxın Şərqdən çəkindirmək üçün davamlı olaraq həyata keçirilməsi gözlənilirmi?

-Təəssüf ki, hər şey ola bilər. Rusiya tək Yaxın Şərq probleminin içində olduğu üçün tənqidlərə və təhdidlərə tuş gəlmir. İstər daxili, istərsə də xarici siyasətində çoxlarını qane etməyən narazı salan məqamlar kifayət qədərdir.

-Bəs, Moskva nə dərəcədə geri addım atacaq?

-İndiki halda nəticənin nə şəkildə olmasından asılı olmayaraq Moskvanın geri çəkilməsi inandırıcı deyil. 2000-ci ilin əvvəllərində çeçen müharibəsinin ikinci fazası ərəfəsində Moskvada qisa zaman fərqi ilə bir neçə 5 mərtəbəli yaşayış binaları partladıldı , başqa obyektlərdə terror hadisələri oldu . Bu hadisələr çox saylı insanların həlak olması və yaralanması ilə nəticələndi. Məhz bu hadisələrdən sonra Rusiya hakimiyyəti Çeçeninstanda geniş miqyaslı hərbi əməliyyatlara başladı və sonda istədiyini müəyyən mənada əldə etdi. Doğrudur o zaman həmin terror aktlarının çeçenlər tərəfindən yox, müharibənin başlanmasında maraqlı olan güclər tərəfindən törədildiyini deyənlər də var idi. Amma istənilən halda o məlumdur hər hansı terror hədəsi və ya təhdidi ilə Rusiya hakimiyyəti asanlıqla geri çəkilməyəcək.

-İŞİD amilinin terraktda iştirakı mümkündürm?

-Bir məsəyəyə diqqət çəkmək lazımdır ki , Rusiya bir neçə istiqamətdə özünə düşmən hesab etdiyi qüvvələrlə mübarizə aparır. Şimali Qafqazda, o cümlədən Dağıstanda mütamadi silahlı əməliyyatlar aparır, Suriyada İŞİD-ə qarşı döyüşür və s. Bunlar görünənlərdir. Əlavə olaraq Rusiyaya konkret prezident Vladimir Putinə düşmən münasibətini açıq biruzə verməyən nə qədər qüvvə var , bu da məlum deyil. Eyni zamanda daxildə hər tərəfdən belə vəziyyətlərdən istifadə etməklə siyasi planlarını həyata geçirmək istəyənlər də ola bilər. Nəzəri olaraq bunların hamısının ayrı ayrılıqda terraktda iştirakı mümkündür. Yekun olaraq isə hərtərəfli , obyektiv, ciddi araşdırmalardan sonra ehtimalları bir tərəfə qoyub hansısa obyektin üzərində durmaq olar.

Süleyman


Millət