Şriftin ölçüsü / 258

Fransanın Avropa İttifaqında qalması labüddür

06 Aprel 2017 [17:06]
Avropa parlamenti Brexit haqqında qərarı təsdiqləyib. Belə ki, Avropa Parlamentinin Strasburqda keçirilən plenar iclasında Böyük Britaniyanın Avropa İttifaqından çıxması barədə Brexiti səsverməyə çıxararaq qəbul edib.
Bu arada Fransada prezidentliyə namizəd Can Lyuk Melanşon hesab edir ki, ölkənin gələcəyi Avropa İttifaqı çərçivəsindən kənarda olmalıdır. O bu fikri bütün 11 prezidentliyə namizədin iştirakı ilə keçirilən teledebat zamanı səsləndirib: "Hesab edirəm ki, Fransa Avropa İttifaqının bütün əsas razılaşmalarından imtina etməlidir. Brüsseldən biz kapitalistlərə ölkədə hansı iqtisadi və sosial islahatlar keçirilməsinin diktə edilməsi yolverilməzdir” ("Trend”).
Bəs görəsən, Avropa İttifaqı ilə bağlı proseslər nə vəd edir? Hazırkı məqamda qurumda Almaniya ilə bərabər böyük nüfuza malik olan Fransa da bu addımı ata bilərmi? Avropa İttifaqı dağılmaq təhlükəsi ilə üz-üzədirmi?

Politoloq Əli Orucluya görə, Avropa İttifaqında bir sıra ölkələr var ki, qurumun bəzi fəaliyyətlərindən narazıdır: "Elə qurumun özünün rəhbəri də Avropadakı bəzi bürokratiyadan, qərarların qəbulunda çevikliyin olmamasından narahatlığını ifadə edib. Təbii ki, yeni bir idarəetmə sisteminə keçmək istəyirlər, islahatlar aparmaq istəyirlər. Hər halda mən düşünmürəm ki, İngiltərənin qurumdan çıxmasından sonra Avropa İttifaqı dağılacaq. Məncə, islahatlara gedəcəklər”.

Əli Oruclu qeyd etdi ki, təkcə Can Lyuk Melanşon deyil, Fransada digər bir prezidentliyə namizəd də belə bir təklif səsləndirib ki, Fransa məhz Fransa üçündür və Fransa Brüsseldən verilən qərarlara tabe olmamalıdır. Politoloqun fikrincə, bu millətçilik ideologiyası, millətçi xətt artıq Avropada getdikcə vüsət almaqdadır: "Bu da ondan irəli gəlir ki, Avropada həm miqrant böhranı, həm iqtisadi çətinliklər, təhlükəsizlik məsələləri var ki, bütün bunlar qurumda narazılıqlar yaradır. Macarıstanın özü Avropa İttifaqının bəzi xəttindən, yürütdüyü siyasətindən o qədər də razı deyil. Macarıstan miqrantlarla bağlı çox sərt reaksiya göstərir və sərhədləri bağlayır. Təbii ki, hansısa qurumda islahatlar olmayanda, narazı təbəqənin istəklərinə adekvat cavab verilməyəndə həmin qurumda ciddi problemlər yaranır. Amma mən hesab etmirəm ki, Avropa İttifaqı dağılacaq”.

Avropa İttifaqında iki əsas dövlət - Almaniya və Fransanın qaldığını deyən müsahibimiz hesab edir ki, Fransa Avropada, eləcə də dünyada maraqlarını təkbaşına indiki qədər həyata keçirmək iqtidarında deyil. "Yəni dünyanın böyük oyunçuları, super gücləri var. Bununla müqayisədə Fransa milli maraqlarını reallaşdırmaq imkanında deyil. O baxımdan, Fransanın Avropa İttifaqında qalması labüddür. Düşünmürəm ki, Fransa Avropa İttifaqından çıxsın. Onsuz da, Fransada rəy sorğularında da ilkin nəticə ondan ibarətdir ki, inteqrasiya tərəfdarlarının reytinqi daha yüksəkdir. Bu da Avropa İttifaqının saxlanmasının, inkişafının labüdlüyü deməkdir. Seçki öncəsi müəyyən elektorata hesablanmış bu cür çıxışlar və davranışlar təbii və normal qarşılanır. Amma ümumilikdə ölkənin maraqları var, ölkənin siyasi kursunu müəyyənləşdirən qurumlar, institutlar var və bunların xətti və yanaşması daha önəmlidir”, - deyə Ə.Oruclu bildirdi.

Politoloq Nəsimi Məmmədli bildirdi ki, Avropa İttifaqının indiki hala gəlib çatması xeyli uzun dövrü əhatə edir. Həmsöhbətimiz qeyd etdi ki, İkinci Dünya müharibəsindən sonra Avropada yeni əməkdaşlıq və təhlükəsizlik doktrinasının vacibliyini qəbul edən əsas iri dövlətlər tədricən daha sıx inteqrasiyaya nail oldular: "Xüsusilə də, ABŞ-ın bu istiqamətdə iqtisadi, siyasi və hərbi maraqları ilə Avropa dövlətlərinin maraqları tamamilə üst-üstə düşdüyündən, qarşılıqlı mənfəət əldə edərək güclənməyə nail oldular. Soyuq müharibə dönəminin bitməsi ilə dünyada, o cümlədən də Avropada yeni siyasi dövr başlandı. İri Avropa dövlətləri qlobal siyasi oyunçular arasında öz yerlərini möhkəmləndirməklə yanaşı, həm də Avropanın geosiyasi məkanında vahid iqtisadi-siyasi və maliyyə platforması yaratmaqla kənar təsirləri azaltmağı hədəfləyirdi. Hətta son illər bu yanaşmanın bir çox hallarda ABŞ-ın iqtisadi-siyasi maraqlarına da toxunduğu üzə çıxır. Təhlükəsizlik çətiri kimi NATO çərçivəsində əməkdaşlıq qalsa da, tədricən iqtisadi-siyasi əlaqələrə yeni məzmun gəlməyə başlayıb. Aİ-nin bir sıra iqtisadi-siyasi məsələlərdə fərqli siyasət yürütməsi beynəlxalq münasibətlərdə ABŞ-ın mövqelərinə təsirsiz ötüşmür”.

Məmmədlinin bildirdiyinə görə, ümumiyyətlə, Qərbin qlobal siyasi proseslərə baxışında müəyyən fikir ayrılıqlarının olduğunu görməmək mümkün deyil. "Odur ki, hazırda beynəlxalq siyasət doktrinasında ziddiyyətlərin maraqları üstələdiyi hallar da artmaqdadır. Bu, heç də o anlama gəlməməlidir ki, yaxın dövrdə Avropa İttifaqının dağılması prosesi güclənəcək. İndiki situasiyada Avropa İttifaqının böyük dövlətləri olan Fransa və Almaniyanın belə addımları atması real deyil və bu, onlara daha çox zərər vura bilər. Avropa cəmiyyətlərində səslənən ayrı-ayrı tezislər isə daha çox mühafizəkar seçicilərin səsini almağa yönəlmiş siyasi gedişlərdir. Son illər Avropada baş verən ard-arda terror olaylarına görə mühafizəkar baxışlar artmaqdadır. Mənə belə gəlir ki, yaxın dövr üçün dünya siyasətində gərginliklər artacaq və yeni böyük beynəlxalq əməkdaşlıq platformasının yaranması aktuallaşacaq”, - deyə politoloq bildirdi.


Millət