Şriftin ölçüsü / 605

Qarabağ probleminin yaranmasına rəvac verən əsas dövlət Rusiyadır

14 Aprel 2017 [16:10]
Suriya olayları Qarabağ münaqişəsi ilə bağlı yeni vəziyyət yaradır
Elşən Mustafayev: "Hər şey iki dövlət arasında yaşanan gərginliyin daha da kəskinləşməyə doğru nə dərəcədə inkişaf etməsindən asılıdır” Fikrət Sadıxov: "Aparıcı dövlətlər regionumuzda stabilliyin olmasında maraqlıdırlarsa, sadəcə olaraq, işğalçı siyasətilə stabilliyi pozan Ermənistana təzyiq göstərməlidirlər”

ABŞ-ın Suriyada hərbi bazanı bombalaması Ermənistanda ciddi qorxuya səbəb olub. İrəvan Suriyada ABŞ-Rusiya qarşıdurmasının Dağlıq Qarabağda Ermənistanın xeyrinə olmayan nəticələrə səbəb olacağını düşünür. "Lragir” saytı yazır ki, Suriyada qarşıdurma dalğası Cənubi Qafqaza çata bilər: "Ekspertlər hesab edirlər ki, ABŞ-la qarşıdurma fonunda Rusiya Qarabağ münaqişəsi üzrə Avropa ilə danışıqlar apara bilər. Bu formatda Rusiyanın davranışı çox mənalıdır. O, bir tərəfdən formatı saxlamağa, digər tərəfdən öz liderlik mövqelərini qorumağa çalışır. Gözləntilər var ki, Rusiya Qarabağda kəskinləşməyə gedə bilər. Ümumiyyətlə, Suriyanın Amerika tərəfindən bomblamasından sonra çoxları o haqda danışır ki, dalğa Ermənistan sərhədlərinə gəlib çaxacaq. Çünki Rusiyanın Yaxın Şərqdən sıxışdırılmasından sonra növbə Cənubi Qafqaza çata bilər”.

Hadisələrin gedişi, ABŞ dövlət katibi Reks Tillersonun Moskvada apardığı danışıqlarda nəticə hasil olmaması ondan xəbər verir ki, Ağ Evlə Kreml arasında ziddiyyətlər pik nöqtəyə qədər kəskinləşə bilər. Hətta bəzi analitiklər bu iki dövlət arasında yaşanan ziddiyyətləri keçən əsrin 60-cı illərin əvvəllərində baş verən Karib böhranı ilə eyniləşdirirlər. ABŞ-la Rusiya araslnda münasibətlərin kəskin xarakter alması fonunda isə hazırda dünyada mövcud olan müxtəlif konfliktlərin yenidən alovlanması ehtimalı da istər-istəməz artır. Görünür, işğalçı Ermənistanı da məhz bu məqam narahat etdiyindən Vaşinqtonla Moskva arasında qarşıdurmanın kəskinləşməsindən bu qədər qorxuya düşüblər. Çünki, işğalçı rejim keçən ilin aprel döyüşlərində şanlı Azərbaycan Ordusunun əsgərləri tərəfindən sarsıdıcı və dağıdıcı zərbələrə məruz qalmalarını unuda bilmirlər. Proseslərin gedişi həm də ondan xəbər verir ki, Vaşinqtonla Moskva arasındakı qarşıdurma hələ uzun müddət davam edəcək. İndilikdə tərəflərdən hər hansı birinin güzəşt istiqamətində birinci olaraq addım atmağa gedəcəyi gözlənilmir. Əksinə, Vaşinqton və Moskvada mövcud olan hazırkı ritorika daha da kəskinləşəcək. Bəs, ABŞ-Rusiya qarşıdurmasının dərinləşməsi Qarabağ münaqişəsinə nə vəd edir və ABŞ konfliktin həllində aktivləşə bilərmi?

Politoloq Elşən Mustafayevin fikrincə, Vaşinqtonla Moskva arasında gərgin atmosferin yaranması nəticə etibarı ilə Qarabağ məsələsinin həllinə müsbət çalarlar gətirə bilər: "ABŞ və Rusiya Qarabağ münaqişəsilə bağlı yaradılan ATƏT-in Minsk qrupunun həmsədrləridir. O da məlumdur ki, ötən müddətdə bu üçlük münaqişənin həllində hər hansı bir irəliləyişə nail ola bilməyib, ya da bunu istəməyiblər. Hər halda mövcud Minsk qrupu formatının fəaliyyəti uğurlu bir sonluğa gəlib çıxmayıb. Amma məsələnin digər tərəfi də var.

Hazırda ABŞ-la Rusiya arasında yaşanan münasibətlərin son dərəcədə gərginləşməsi nəticə etibarı ilə Dağlıq Qarabağ probleminin həllində müsbət çalarlar əmələ gətirə bilər. Bilirsiniz ki, Qarabağ probleminin yaranmasına rəvac verən əsas dövlət Rusiyadır. İstər problem yaranan dövrdən, istərsə də aprel döyüşlərində Moskvanın konfliktə münasibətdə tutduğu mövqeyi nəzərə alsaq, görürük ki, problemi yaradan və onun həllində aparıcı rola malik olan ölkə də Rusiyadır. Sözsüz ki, ABŞ-la Rusiya arasında münasibətlərin gərginləşməsi fonunda Moskvanın da Qarabağ probleminə diqqəti azalır. Bu problem onun üçün beşinci dərəcəli məsələyə çevrilir. Bu fonda da problemə diqqət azalır. Problemə diqqətin azaldığını deyəndə onu nəzərdə tuturam ki, həll prosesinə maneə olacaq diqqətlər azalır. Hazırda ABŞ-la Rusiya arasında yaşanan gərginlik Karib böhranından sonra yaranan ilk ciddi problemdir. Son dəfə ABŞ-la Sovet imperiyası arasında yaranmış bu tip soyuqluq Karib böhranı dövründə özünü göstərmişdi. Hazırkı situasiyadada demək olar ki, eyni prosesləri yaşayırıq. Belə proseslərin genişlənməsi fonunda da Dağlıq Qarabağ məsələsi ümumiyyətlə, Rusiyanın diqqətindən kənarda qala bilər.

Eyni zamanda, hansısa siyasi məqsədləri naminə həmin problemi ABŞ ortaya ata, onun həllinə doğru addımların atılmasını tələb edə bilər. Hər şey iki dövlət arasında yaşanan gərginliyin daha da kəskinləşməyə doğru nə dərəcədə inkişaf etməsindən asılıdır. Bu fonda erməni mətbuatı həqiqətən də məsələyə doğru istiqamətdə yanaşır. Çünki Rusiyanın beynəlxalq aləmdə mövqeyi nə qədər güclü olarsa, onun iradəsinə zidd Dağlıq Qarabağ məsələsinin həll olunması da sual altında qalmaqda davam edəcək. Amma Rusiya daxilində ciddi problemlər yaşanarsa, onun beynəlxalq aləmdən təcrid olunması genişlənərsə, Dağlıq Qarabağ problemi də Moskva üçün prioritet məsələlər sırasında yer almayacaq. Çünki buna onun nə imkanı, nə vaxtı, nə də problemin həllinə əngəl törətməyə həvəsi olacaq. Azərbaycan da yarana biləcək bu kimi geosiyasi proseslərdən məharətlə istifadə etməyi bacarmalıdır. Azərbaycan heç kimi torpağını işğal etməyi düşünmür. Sadəcə, öz torpaqlarımızın qaytarılmasını tələb edirik ki, buna da haqqımız var. Fikrimcə, yaxın aylarda ABŞ-Rusiya qarşıdurmasının hansı istiqamətə doğru gedəcəyi daha aydın şəkildə görünəcək”.

Politoloq Fikrət Sadıxov isə düşünmür ki, ABŞ-la Rusiya arasındakı münasibətlərin pisləşməsi və yaxud mülayimləşməsinin Dağlıq Qarabağ məsələsinə hansısa bir müsbət və ya mənfi təsiri olsun: "Məsələ ondadır ki, Qarabağ münaqişəsinə oxşar bir sıra konfliktlərlə bağlı Vaşinqtonla Moskva arasında ciddi fərqliliklər var. Ukrayna, Cənubi Osetiya və Abxaziya münaqişəsində vəziyyət məhz bu cürdür. Qarabağ konfliktinə gəldikdə isə, həm ABŞ, həm də Rusiya daima çalışır ki, Azərbaycan mövcud şərait daxilində Ermənistanla yaxınlaşsın. Onlar Bakını hansısa ciddi kompromislərə getməyə səsləyirlər. Bu isə mümkün deyil.

Aparıcı dövlətlər regionumuzda stabilliyin olmasında maraqlıdırlarsa, sadəcə olaraq, işğalçı siyasətilə stabilliyi pozan Ermənistana təzyiq göstərməlidirlər. Hətta Rusiya və ABŞ-ın iştirakı ilə vaxtilə BMT-də münaqişə ilə bağlı 4 qətnamə qəbul edilib. Sadəcə olaraq, onun yerinə yetirilməsinə çalışmaq lazımdır. Ona görə də düşünmürəm ki, Dağlıq Qarabağ məsələsi Moskva ilə Vaşinqton arasında münasibətlərin hansısa istiqamətdə dəyişməsindən asılı olmalıdır. Çox şey özümüzdən asılıdır”.


Millət