Şriftin ölçüsü / 743

Ölkəni şişirtmə rəqəmlərlə talayıblar

14 Aprel 2017 [16:31]
Hesablama Palatası dövlət qurumlarında apardığı yoxlamaların nəticələrini Milli Məclisin müzakirəsinə təqdim edib. Qurum maliyyə nöqsanları və büdcə qanunsuzluqları aşkarladığı rayon icra hakimiyyətlərinin adını açıqlayıb. Bunlar Qaradağ, Sabunçu (Bakı), Abşeron, Salyan, Şirvan, Zaqatala, Goranboy, Ağcabədi, Hacıqabul, Masallı rayon icra hakimiyyətlərində mənzil-kommunal təsərrüfatları, Biləsuvar, Cəlilabad, Tovuz, Siyəzən, Quba, Oğuz rayon icra hakimiyyətlərində isə investisiya üzrə sahələrdir.

Bu günə qədər Hesablama Palatası apardığı yoxlamaların nəticəsi ilə bağlı hesabatları ümumi şəkildə təqdim edirdi. Ancaq indi aparılan yoxlamaların nəticəsi haqqında tək-tək hesabat verilir və yol verilmiş qanun pozuntularını ictimaiyyətə təqdim edir. Bəs aşkarlanan yeyinti faktlarına görə məsuliyyəti kimlər daşıyır?

"Onlar "vurulacaq””

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov isə adları çəkilən icra başçılarının "vurulacağını” deyib.

Onun sözlərinə görə bu məsələdə əsas məsuliyyəti Nazirlər Kabineti və Maliyyə Nazirliyi daşıyır: "Bu cür faktlar təkcə 14 İcra hakimiyyəti ilə məhdudlaşmır. Büdcə maliyyəsi hesabına işləyən bütün dövlət qurumlarında bu cür faktlara rast gəlmək mümkündür. Düzgün araşdırma aparılsa, məlum olar ki, ölkəni şişirtmə rəqəmlərlə talayıblar. Bütün bunlar təkbaşına həyata keçirilməyib, onların arxasında hər zaman dayağı, "krişası” olub. Əslində bu yoxlamalar yaxşı haldır. Bu davamlı olmalıdır ki, israfçılıq edən məmurlar, qurumlar cəzalansın və bu da digərlərinə dərs olsun. Amma bu məsələnin siyasi tərəfi də var. Görünən odur ki, kimlərinsə "vurulma” prosesinə start veriləcək. Həmin şəxs haqqında ifşaedici materialları da bilərəkdən mətbuata buraxırlar. Bu tip məlumatları nə Hesablama Palatası, nə də siyasi məqsəd güdməyən şəxslər verə bilərlər.

Bütün bunlar cəmiyyəti qıcıqlandıran addımdır. Bu yeyintilərin hesabatını da "yuxarı”lar verməlidir. İlk növbədə də məsuliyyəti Nazirlər Kabineti daşıyır. Digər tərəfdən Maliyyə Nazirliyi birbaşa məsuliyyət daşıyır. Çünki, Maliyyə Nazirliyində mütəxəssislər var və onlar hər kəsdən yaxşı bilir ki, nəyin qiyməti neçəyədi. Sadəcə olaraq bunlar hamısı şərikli şəkildə mənimsənilib. Bu məsələdə ən yuxarıda oturanlardan tutmuş, ən aşağıda olanlara qədər hər kəsin məsuliyyəti var”.


"Cümhuriyət” qəzetinə şərhində Xətai rayon İcra Hakimiyyətinin sabiq başçısı, politoloq Zəlimxan Məmmədli deyib ki, əsas məsələ yoxlamanın xarakteridir. Onun sözlərinə görə bütün hallarda Azərbaycan ictimai rəyində xalqa xidmət etməli olan qurumlar korrupsiya yuvası kimi oturuşub: "Bu həm bələdiyyələrə, həm İcra hakimiyyətlərinə, həm də digər dövlət orqanlarına aiddir. Bu Azərbaycana yaraşmayan və sözün həqiqi mənasında utanc gətirən bir haldır. Hesablama Palatasının özünə etimadın olması şübhəli məsələdir. Rəsmi səlahiyyətli qurumlar və şəxslər əsasən xalqa xidmət etmək, öz səlahiyyətləri çərçivəsində mümkün olanları etmək yox, tamamilə başqa düşüncə ilə yaşayırlar. Bu gün Azərbaycanda istənilən İcra hakimiyyəti yoxlanılsa, bəlkə də indikindən artıq yeyinti faktları aşkarlanar. Yoxlama aparan qurumların özlərində şəffaflıq olmalıdır ki, onların hesabatlarına güvənə bilək. Ancaq bundan sonra obyektiv təhlil aparmaq mümkün olar”.


Ümid Partiyası sədrinin müavini Taleh Əliyev də eynilə adıçəkilən İcra hakimiyyətlərinə rəhbərlik edənlərin vəzifədən kənarlaşdırılacağını vurğulayıb: "Hesab edirəm ki, bu daha çox "vurulması” planlaşdırılan icra başçılarının siyahısıdır. Hakimiyyət onlarla yollarını ayırmaq istəyir və buna görə də onların fəaliyyətindəki nöqsanlar araşdırılır, ictimaiyyətə təqdim olunur. Ölkənin bütün icra qurumlarında yeyinti, korrupsiya, dövlət əmlakını mənimsəmə faktları mövcuddur. Hesablama Palatası bu kimi yoxlamalarını digər yerlərdə də şəffaf formada apararsa, daha çox yeyinti faktları aşkarlana bilər. Məsuliyyəti isə hər bir qurumun sərəncam vermə səlahiyyətlərinə malik şəxsləri daşıyır. Əgər İcra hakimiyyətinin daxili vəsaitləri mənimsənilibsə bunun məsuliyyəti birbaşa icra başçılarının üzərindədir”.

Vilayət Muxtar


Millət