Şriftin ölçüsü / 441

Azərbaycan hakimiyyəti son dövrlərdə Avropa dəyərlərini tamamilə ayaq altına alıb

17 Aprel 2017 [17:09]
Əli Orucov: "Azərbaycan Avropaya inteqrasiyanı xarici siyasətdə prioritetə çevirməlidir”

Taliyət Əliyev: "Avropa Azərbaycanla münasibətləri pisləşdirmək istəmir”

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi aprelin 25-də Bakıda keçiriləcək. "Cümhuriyət” qəzeti xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyindən bildirilib. Görüşdə Azərbaycanın təqdim etdiyi və Aİ-nin dəyişikliklər təklif etdiyi sənəd üzrə danışıqlar aparılacaq. Danışıqlar ilkin olaraq siyasi məsələləri əhatə edəcək. Aİ-nin danışıqlar üzrə heyətinin rəhbəri Avropa Xarici Əlaqələr Xidmətinin əməkdaşı Luk Devindir. Qeyd edək ki, tərəflər arasındakı əvvəlki görüş Brüsseldə baş tutmuşdu.

Avropa İttifaqı Azərbaycana qapıları hansı şərtlərlə aça bilər?

İlin əvvəlindən Brüssel və Bakı arasında sıxlaşan təmasları nəzərə aldıqda hesab etmək olar ki, növbəti görüşdə assosiasiya sazişinin imzalanması məsələsi yenidən gündəmə gələ bilər. Lakin bunun üçün Avropa İttifaqının bundan əvvəl də Azərbaycan qarşısında irəli sürdüyü şərtlərin üzərində dayanacağına şübhə yoxdur. İttifaq qapılarını o zaman Azərbaycana açar ki, rəsmi Bakı demokratiya sahəsində ciddi islahatlar aparıb siyasi məhbus, azad seçki, şəffaf məhkəmə sistemi, söz və mətbuat azadlığı, QHT-lərin azad fəaliyyətlərinin təmin olunması və insan haqları sahələrindəki problemlərini həll edəcək. Həmçinin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük məsələsi şərt kimi irəli sürülə bilər. Lakin Brüsselin şərtlərinin nə olmasından asılı olmayaraq, demokratiya sahəsində problemləri həll etmək Azərbaycan hakimiyyəti üçün o qədər asan məsələ deyil. Bu, həm uzun vaxt, həm də ciddi siyasi iradənin tələb etdiyi islahat məsələsidir. Bu baxımdan rəsmi Bakının tezliklə Brüssel yaxınlığında lövbər salıb dayanacağını gözləmək problematikdir.

"Şərtlər ağır ola bilər”

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov "Cümhuriyət” qəzetinə bildirib ki, Avropa İttifaqı və bütöv Qərbin Azərbaycanda iqtisadi maraqları var. Ə.Orucov hesab edir ki, Qərb xüsusilə, enerji təhlükəsizliyi sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır:

"Amma Qərb həmişə Azərbaycanda insan haqları və demokratiya sahələrindəki problemlərin həllində maraqlı olub. Bir çox vaxtlarda buna görə ya sərt münasibət bildiriblər, çox vaxt isə göz yumublar. Amma Rusiya faktoru var. Rusiya Qərbin enerji təhlükəsizliyi və iqtisadi maraqlarına təhdid mühiti yaradır. Rusiya şaxələndirilmiş enerji layihələrinin həyata keçirilməsinə imkan vermək istəmir. Bu baxımdan Avropa İttifaqı - Azərbaycan görüşündə bu məsələlər gündəmə gələ bilər. Bundan əvvəl də Amerikanın enerji məsələləri üzrə rəsmi nümayəndəsi Bakıda olmuşdu. Şərtlər çox ağır da ola bilər. Azərbaycan hakimiyyəti son dövrlərdə Avropa dəyərlərini tamamilə ayaq altına alıb. Eyni zamanda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədi. Artıq Qərbdə Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsindən danışılır. Bunun tərkib hissəsi kimi Mədən Sənayesində Şəffaflıq Təşkilatı Azərbaycanla əməkdaşlığı dayandırdı”.

AMİP yetkilisinin sözlərinə görə, Azərbaycan Avropaya inteqrasiyanı xarici siyasətdə prioritetə çevirməlidir: "Bu, siyasətdə ana xətt olmalıdır. Çünki Rusiyanın təhlükəli manevrləri, İran, Türkiyə və Suriya ətrafında gedən proseslər, terrorizm və separatizmin geniş vüsət alması Azərbaycan üçün də ciddi siqnallar verir. Təkbaşına bu təhlükələrdən yayınmaq mümkün deyil. Buna görə də Qərblə bu sahələrdə geniş və ciddi əməkdaşlığa və demokratiya sahəsindəki problemlərin aradan qaldırılması üçün Avropa İttifaqı ilə işbirliyinə ehtiyac var”.

"Həmin problemlər sadalanacaq”

Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin müavini Taliyət Əliyev "Cümhuriyət” qəzetinə deyib ki, Aİ ilə Azərbaycan arasındakı münasibətlər son 10 ildə inkişaf mərhələsindədir. T.Əliyev vurğulayıb ki, ittifaqın əməkdaşlıq üçün öz prinsipləri var: "Avropa İttifaqı əsasən demokratiya sahəsində islahatlar aparan, insan haqlarını qoruyan, demokratik seçkilər keçirən, müstəqil məhkəmə sistemi olan, vətəndaşlarına azad bazar iqtisadiyyatı tanıyan ölkələrlə əməkdaşlıq edir. Avropa İttifaqı Azərbaycan və digər post-sovet məkanı ölkələrini bu standartlara uyğunlaşdırmaq üçün bir sıra şərtlər irəli sürür. Azərbaycan hakimiyyətinin qarşısına da bu şərtlərlə çıxır. Amma Azərbaycan hakimiyyəti üzərinə götürdüyü bu öhdəlikləri yerinə yetirməkdə maraqlı olmayıb. Bu gün də maraqlı görünmür. Azərbaycanda insan haqlarının kobud formada pozulması, siyasi məhbusların olması amili, seçkilərin qeyri-demokratik keçirilməsi və azad bazar iqtisadiyyatının olmaması ölkəmizlə Avropa arasındakı münasibətləri zaman-zaman pisləşdirib”.

ADP rəsmisi qeyd edib ki, Avropanın Azərbaycanda enerji təhlükəsizliyi sahəsində maraqları var: "Buna görə də Azərbaycanla münasibətləri pozmaq istəmir. Avropa bu yöndə ölkəmizdə öz maraqlarını qorumaqla, siyasi müstəvidəki problemləri həll edib əməkdaşlıqda maraqlıdır. Hesab etmirəm ki, gələcək görüşlərdə də Avropa İttifaqı Azərbaycan qarşısında qoyduğu bu öhdəliklərdən geri çəkilsin. Yenə də həmin problemlər sadalanacaq. Azərbaycanda demokratiya sahəsində olan problemlərin aradan qaldırılması ittifaq üçün prioritetdir.

Normal əməkdaşlıq qarşılığında ilk növbədə 100-dən çox siyasi məhbus azadlığa buraxılmalıdır. Amma görünən budur ki, Azərbaycan hakimiyyəti üzərinə götürdüyü beynəlxalq öhdəlikləri daşımaq istəmir. Əksinə zaman-zaman bu öhdəliklərin kobud formada pozulmasının şahidi olmuşuq. Avropa Şurasına üzv olmamışdan əvvəl Azərbaycanda demokratiyanın vəziyyəti indikindən qat-qat yaxşı idi. Şuraya üzv olduqdan sonra vəziyyət pisləşməyə başladı. Bu baxımdan növbəti görüşdən sonra bu yöndə olan problemlərin tezliklə həll olunacağını gözləmirəm. Bunun üçün ilk növbədə hakimiyyət siyasi idarə nümayiş etdirməlidir”.


Millət