Şriftin ölçüsü / 493

İrəvan Azadlıq Təşkilatı Ə.İnsanovla bağlı beynəlxalq ictimaiyyətə müraciət edəcək

20 Aprel 2017 [15:05]

İrəvan Azadlıq Təşkilatı sabiq Səhiyyə Naziri Əli İnsanova qarşı qurulan saxta məhkəməyə etiraz bəyanatı verib. Bəyanatda deyilir:

Əli İnsanova qarşı qurulan məhkəmə qanunsuzdur və siyasi xarakter daşıyır. Ona qarşı irəli sürülən qondarma ittihamlarla keçirilən məhkəmə prosesinin qapalı şəraitdə aparılması indiyədək görünməmiş hal olmaqla yanaşı, insanlığa da sığmır. Heç bir dəlil-sübut və şahid olmadan aparılan məhkəmədə təkrarən daha aydın oldu ki, hakimiyyət nə qədər saxtalaşdırmaya yol versə də, öz istəyinə nail ola bilməyib.

Məlum olub ki, "sübut” kimi təqdim edilən məhkumun ekspertizaya aparılan paltarları bir aydan sonra evdən gətirilən paltarlar olub. Hakim elan etdiyi ekspertiza rəyinə əsasən Əli İnsanovun paltarlarının uzərində zərərçəkənin paltarlarının lifləri aşkarlanıb. Digər tərəfdən narkotik maddələrin müxtəlif rənglərdə (ağ, qırmızı və göy) sənədləşdirilsə də, əslində, narkotik tərkibli dərmanlar rəngsiz olur. Bununla yanaşı "narkotik vasitələrin üzərində Ə.İnsanovun əl izləri yoxdur. Zərərçəkmiş kimi qələmə verilən Anar Məmmədov adlı şəxsin döyülməsi faktı da öz sübutunu tapmayıb və onun 35 gün xəstəxanada stasionar müalicə alması barədə deylənlər də uydurmadan başqa bir şey deyl. Heç bir "maddi sübut” məhkəməyə gətirilməyib, nə də göstərilməyib.

Məhkəmə bütün bu qanunsuzluqlarla kifayətlənməyib, eyni zamanda ciddi prosessual pozuntulara yol verilib. İttiham olunan Ə.İnsanovun vəkillərinə müdafiə imkanları yaradılmayıb və onların verdikləri vəsatətlər bir qayda olaraq rədd edilib. Üstəlik də psixoloji və mənəvi təzyiqlər də davam etməkdədir.

Bütün bunların hamısı Ə.İnsanovun qanunsuz olaraq yenidən həbsdə saxlanılmasına, məhbus həyatının uzadılmasına, fiziki məhvinə yönəldilib.

Bu hakimiyyətin Akademik Əli İnsanova qarşı apardığı iyrənc oyunları əsas verir ki, istənilən vaxt hər kəs şərlənərək müxtəlif cəza alətinə çevrilə, mənəvi və fiziki işgəncələrə məruz qala və hətta, öldürülə bilər. İrəvan Azadlıq Təşkilatı hesab edir ki, əgər ölkə vətəndaşları kimliyindən asılı olmayaraq hakimiyyət tərəfindən istənilən halda qanunsuzluqların və haqsızlıqların qurbanına belə rahat və asanlıqla çevrilə bilirsə, bu təhlükə hər bir şəxs üçün realdırsa, o zaman bu hala qarşı öz etirazını ucaltmalı, qarşısını almaq üçün hərəkətə keçməlidir.

İrəvan Azadlıq Təşkilatı iqtidarı Ə.İnsanova qarşı qisasçılıq əməllərindən əl çəkməyə, sabiq nazirin simasında azad və müstəqil düşünən insanlara qarşı şər-böhtan kampaniyalarına, həmçinin məhkəmələrin öz şəxsi məqsəd və mənafelərinə alət etməsinə son qoymağa çağırır.

Təşkilat bəyan edir ki, bundan sonra da Əli İnsanovun müdafiəsi və hüquqlarının qorunması üçün fəaliyyətini davam etdirəcək. Lazım gələcəyi təqdirdə mütərəqqi qüvvələrə və beynəlxalq ictimaiyyətə müraciət edəcək.




Millət