Şriftin ölçüsü / 405

İnternat məktəblərinin məzunları üçün aşpazlıq kursları

20 Aprel 2017 [16:31]

İnternat məktəblərini bitirən məzunlar üçün aşpazlıq kursları başlayıb. Üç ay nəzərdə tutulan kursların əsas məqsədi gənclərin bu peşəyə dərindən yiyələnməsi və gələcəkdə onların cəmiyyətdə iş tapmasına, karyera quraraq, müstəqil həyatda özlərinə layiqli yer tutmasına dəstək olmaqdır. Aşpazlıq kursları Sahibsiz Uşaqlara Kömək İctimai Birliyi (SUK İB) Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Etibarlı gələcəyin qurulması üçün birgə fəaliyyət” adlı layihə çərçivəsində reallaşdırılır.

Layihə çərçivəsində Bakı şəhəri Qaradağ rayonunun Qızıldaş qəsəbəsindəki 8 saylı peşə liseyində internat məktəblərini bitirmiş 30 nəfər gənc qız və oğlan kurslara cəlb edilib. Kursu uğurla bitirənlərə sertifikatlar təqdim ediləcək. Kurslarla yanaşı, gənclərə 3 ay ərzində pulsuz hüquqi və psixoloji yardım da ediləcək. Layihənin sonunda onların işlə təmin olunmasına kömək göstəriləcək.

Sahibsiz Uşaqlara Kömək İctimai Birliyinin sədri Məlahət Abbasova bildirib ki, internat məzunları cəmiyyətin ən həssas qruplarına daxil olan insanlardandır. Təcrübə göstərir ki, bu kateqoriyadan olan insanlar arasında uğurlu həyat qura bilən olsa da, cinayətkarlığın, insan alverinin qurbanına çevrilənlər də az deyil. Odur ki, yeniyetmə və gənclərin internat məktəblərini bitirdikdən sonra həyatda müstəqil olaraq uğurla fəaliyyət göstərməsi üçün onların ilk növbədə, bir peşəyə yiyələnməyə, karyera qurmağa ehtiyacları var. Məlahət xanım dedi: "Biz təşkilat nümayəndələri ilə bir neçə ay əvvəl internat məktəbində həmin gənclərlə görüşüb, söhbət etdik, arzu və istəklərini öyrəndik. Onların ən böyük qayğısı işsizlik idi. Onlara öz təklif və tövsiyələrimizi bildirərkən, bizə hər hansısa bir kursda iştirak etmək istədiklərini bildirdilər. Odur ki, əmək birjasını da gözdən keçirib,Qızıldaş qəsəbəsindəki 8 saylı peşə liseyində internat məktəbinin məzunları üçün aşpazlıq kurslarını təşkil etməyi qərara aldıq. Ümid edirəm ki, bu kurslarda öyrəndikləri onların həyatında müsbət mənada dönüş yaradacaq, gələcəkdə karyera qurmalarında, işlə təminatlarında da öz töhfəsini verəcək. "

Qeyd edək ki, layihə 2017-ci il aprelin 15-dən iyulun 15-dək davam edəcək.


Nisə Rəhimova