Şriftin ölçüsü / 655

Tillersonun verdiyi bəyanat öncədən gözlənilən idi

21 Aprel 2017 [16:14]
Dövlət katibi Reks Tillerson bəyan edib ki, 2015-ci ildə İranın nüvə proqramına dair imzalanmış müqavilə iflasa uğrayıb; sərhədimizdə olan ölkə ilə qarşıdurma Azərbaycanı da təhlükə ilə üz-üzə qoya bilərmi?

ABŞ dövlət katibi Reks Tillerson bəyan edib ki, 2015-ci ildə beynəlxalq vasitəçilərin iştirakı ilə İranın nüvə proqramına dair imzalanmış müqavilə iflasa uğrayıb. Tillersonun bu çıxışı İran siyasətində Obama hakimiyyətindən fərqli olaraq kəskin dönüş kimi xarakterizə edilir.

Bəs bu qədər kəskin dönüşün səbəbi nədir? Obama yanlış etmişdi, yoxsa zamanla vəziyyət dəyişib? Sərhədimizdə olan ölkə ilə ABŞ-ın qarşıdurması Azərbaycanı da təhlükə ilə üz-üzə qoya bilərmi?

AMİP beynəlxalq katibi Elşən Mustafayev bildirdi ki, Tillersonun verdiyi bəyanat öncədən gözlənilən idi. Məlum idi ki, Obama administrasiyasının 2015-ci ildə İranla imzaladığı müqavilədə digər məsələlərlə bağlı da razılıq əldə olunmuşdu: "Sözsüz ki, burada Suriya məsələsi ilə bağlı da ilkin razılaşmalar olmuşdu. Buna baxmayaraq, bu gün Əsəd rejimini dəstəkləyən iki dövlətdən biri İrandır. Nüvə texnologiyası ilə bağlı da İran rəsmiləri artıq fərqli münasibətlər sərgiləməyə başlayıblar. Yəni görünür ki, 2015 müqaviləsindən sonra razılaşdırılmış məsələlər öz həllini tapmayıb. ABŞ hərbi qüvvələrinin Suriyaya qarşı raket hücumundan sonra İrana yönəlik tədbirlərin görüləcəyi ilə bağlı bəyanatların verilməsi situasiyaya uyğun olaraq gözlənilən idi".

Ekspert dedi ki, məsələnin təhlükəli tərəfi İranın ortaq məxrəcə gəlməyəcəyi halda hadisələrin hərbi müstəviyə keçəcəyi ehtimalıdır: "Obamadan fərqli olaraq Tramp Rusiya və İranı saya salmadan Əsədin nəzarət etdiyi hərbi aviabazaya 60-a yaxın ”Tomaqavk" raketləri atırsa, deməli, problemi köklü həll etmək üçün qərarlıdır. Bu istiqamətdə ona mane olacaq hər kəsi qarşısına alacaq. Azərbaycan sərhədlərində hərbi qarşıdurmaların olması bizim üçün də təhlükəlidir. İranla Azərbaycanı təxminən 760 km sərhəd uzunluğu ayırır. Bu çox böyük məsafədir. İrana qarşı hər hansı hərbi əməliyyatlar olarsa, bu məsafədə sərhədi mühafizə etmək çətin olacaq. Sərhəd boyu yaşayan insanlarımızın təhlükəsizlik problemi ortaya çıxacaq. Orada yaşayan milyonlarla soydaşımızın üzləşə biləcəyi problemləri də nəzərə alsaq, mənzərə tam aydın olar. Hesab edirəm ki, İran hakimiyyəti Suriya məsələsində Əsəd rejiminə dəstək verib, dövlətini və insanlarını təhlükəyə atmaqdansa, regionda marağı olan dövlət kimi post - Əsəd dövrünün Suriyasının qurulması danışıqlarına qatılmaqda maraqlı olmalıdır".


Millət