Şriftin ölçüsü / 274

Problemləri təzyiqlərlə deyil, dialoqla həll etmək daha yaxşı olar

27 Aprel 2017 [15:09]

Əli Orucov : "Nə qədər ki, Türkiyəni təzyiqlər altında saxlayacaqlar, bu ölkə Avropadan bir o qədər uzaqlaşacaq”

Avropa Şurası Parlament Assambleyasının(AŞPA) sessiyasında Türkiyəyə qarşı qəbul edilən ədalətsiz qərar qardaş ölkədə narazılıqla qarşılanıb. AŞPA-nın Türkiyəni yenidən monitorinq altında olan ölkələr sırasına daxil etməsi bu ölkənin rəhbər şəxslərini Avropa İttifaqı ilə münasibətlərə yenidən baxmağa vadar edib. Prezident Rəcəb Tayyib Ərdoğanın "Reuters” agentliyinə müsahibəsində isə bu qərardan narazılığı daha çox hiss etmək olar. O qeyd edib ki, Avropa Şurası Parlament Assambleyasının qərarı tamamilə siyasi mahiyyət daşıyır: "Biz belə bir qərarı tanımırıq. İstədikləri qədər belə qərar qəbul edə bilərlər”.

Avropa İttifaqında hazırda dağılma prosesi baş verir
Türkiyənin Avropa İttifaqına üzvlük üçün 54 il əvvəl müraciət etdiyini xatırladan qardaş ölkə Prezidenti bildirib: "Avropa İttifaqı 54 ildir Türkiyə ilə bağlı verdiyi sözlərin heç birini yerinə yetirməyib, səmimi hərəkət etməyib. Suriyadan, İraqdan 3 milyonadək insanı ölkəmizə qəbul etdik. Həmin insanlar haradan qaçırdılar?! Bombalardan qaçırdılar. Biz bunları hazırda ölkəmizdə qonaq qəbul edirik. Bəs Avropa İttifaqı bütün bunlarla əlaqədar bizə nə söz verdi? Avropa İttifaqı dedi ki, 2016-cı ilin iyulunda sizə 3 milyard avro verəcəyik. Verdimi? Xeyr. Hətta həmin il yenə 3 milyard avro verəcəyini bildirdi. Ancaq indiyədək cəmi 725 milyon avro verib. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı da 550 milyon dollar verib”.

Avropa İttifaqında hazırda dağılma prosesinin baş verdiyini qeyd edən Prezident Rəcəb Tayyib Ərdoğan deyib: "Avropa İttifaqı bizə qarşı səmimi olmadığı üçün başqa çıxış yolları tapmağa məcburuq. Biz Avropa İttifaqının qapısında niyə bu qədər vaxt itirməliyik? Avropa İttifaqı özünə gəlməlidir. Çünki Avropa İttifaqında hazırda dağılma prosesi baş verir. Bir-iki ölkə Avropa İttifaqını saxlaya bilməz. Onlar bunu bilməlidirlər. Türkiyə kimi səmimi, fərqli dini inancı təmsil edən ölkənin orada olması onların gücünü daha da artıra bilərdi. Lakin onlar hələ də bunun fərqində deyillər. Çünki Avropa İttifaqının üzvləri arasında müsəlman ölkəsi yoxdur. Bu ölkə Türkiyə ola bilərdi, lakin onlar bunu 54 il ərzində qəbul edə bilmədilər. Bütün bunlar yavaş-yavaş ortaya çıxır. Ona görə də biz hazırda gözləməkdəyik. Hər an hər şey ola bilər”.

Ankara AŞPA ilə münasibətlərinə yenidən baxacaq

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə deyib ki, AŞPA-dakı bəzi millət vəkilləri PKK-ya ciddi dəstək verirlər. Nazir qeyd edib ki, rəsmi Ankara AŞPA ilə münasibətlərinə yenidən baxacaq: "AŞPA-nın qalmaqallı qərarı gələcək əməkdaşlığımızı zəiflədən qərardır. Münasibətlərimizə yenidən baxacağıq. Bizi buna məcbur etdilər. Mən bunu istəməzdim. Münasibətlərin yaxınlaşması üçün şəxsən çox səy göstərdim".M.Çavuşoğlu vurğulayıb ki, Avropa ölkələrində artan irqçilik və ksenofobiya bu qurumlara da sirayət edib:"AŞ PA-dakı millət vəkillərinin bir qismi PKK terror təşkilatına ciddi dəstək verir". AŞPA-nın Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı Azərbaycan cəmiyyətində də narazılıqla qarşılanıb. Siyasətçilər bu addımı ədalətsiz və qərəzli hesab edirlər.

Siyasi şərhçi Əli Orucov AŞPA-nın belə qərar qəbul etməsini təşkilatda müsəlman ölkələrinə qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlanması kimi də dəyərləndirib. Onun sözlərinə görə, müstəqil dövlətlərə təzyiq göstərmək və onların milli maraqlarına zərbə vurmaq məqsədi ilə atılan bu kimi addımlar həmişə əkseffekt verir. O hesab edir ki, Azərbaycan cəmiyyəti Avropa təsisatlarının təkcə qardaş Türkiyəyə qarşı deyil, eləcə də özünə qarşı ədalətsiz mövqeyini, Qərbin islamofob dairələrinin müsəlman ölkələrini hədəfə almaq cəhdlərini heç vaxt qəbul etməyəcək: "Ümumiyyətlə, qeyd edim ki, Türkiyəyə qarşı qərəzli addımlar, əsasən, referendumdan sonra daha çox artdı. Bu qərarın da ədalətsiz olması aşkar görünür. Sirr deyil ki, Avropa istəmirdi ki, qardaş ölkə müstəqil siyasət yürüdən güclü bir dövlət olsun. Avropa istəyirdi ki, ölkəni təsir altında saxlamaq üçün ona tabe iqtidarlar formalaşsın. Bildiyiniz kimi, Türkiyədə konstitusiya dəyişikliklərinə qədər hökumət parlamentdə səs çoxluğu qazanan partiyalar tərəfindən qurulurdu. Bu da istənilən halda müəyyən qrupların xarici təsirlər altına düşməsinə gətirib çıxarırdı. Ona görə də referendumdan sonra artıq dövlətçiliyin möhkəmləndirilməsi və mərkəzi hakimiyyətin gücləndirilməsi avropalılara, xüsusən də Almaniyaya xoş təsir bağışlamadı. Bu baxımdan da hesab edirəm ki, belə bir qərar, əsasən, Almaniyanın və onun orbitində olan dövlətlərin təzyiqi altında qəbul olundu. Hər halda, bununla Türkiyədə nəyinsə dəyişəcəyini gözləmək olmaz.


"Biz belə bir qərarı tanımırıq. İstədikləri qədər belə qərar qəbul edə bilərlər”

Ərdoğanın da dediyi kimi, istədikləri qədər belə qərarlar qəbul edə bilərlər”. Əli Orucov deyir ki, Türkiyə təzyiqlərə baxmayaraq, artıq öz yolunu tutub və bu yolda inamla addımlayır. Avropanın da Türkiyəyə qarşı bu cür təzyiq və basqıları effektiv olmayacaq: "Əksinə, düşünürəm ki, nə qədər ki, Türkiyəni küncə sıxışdırmağa çalışıb, təzyiqlər altında saxlayacaqlar, bu ölkə Avropadan bir o qədər uzaqlaşacaq. Hətta Türkiyə birdəfəlik olaraq Avropaya olan istiqamətini dəyişə də bilər. Bu da, əslində, Avropa ölkələrinin özünə də sərf eləmir. Xüsusən də indiki terrorizm və separatizmin geniş vüsət aldığı bir dönəmdə Türkiyəsiz Avropanın bu problemlərin öhdəsindən gələcəyi inandırıcı görünmür. Bu mümkün də deyil. Türkiyə həmişə bir çox məsələlərdə Avropa üçün açar rolunu oynayıb”. Siyasi şərhçi deyir ki, ikili standartlar, əsasən, müsəlman ölkələrinə tətbiq edilir və haqsız qərarlar da məhz Türkiyə, Azərbaycana qarşı qəbul olunur. Ermənistan kimi işğalçı bir ölkəyə qarşı ciddi tədbirlər görməyən Avropanın bu gün qərarlarında səmimi görünməsi inandırıcı deyil : "İnkar etmirəm ki, Türkiyədə hansısa sahələrdə problemlər yoxdur. Bəli, bəzi arzuolunmaz hallar yaşanır, müəyyən qüsurlar var. Elə Azərbaycana qarşı da ikili standartlarla yanaşan bu qurum daha çox qüsurlarımızı önə çəkirlər. Hansı ölkədə problemlər yoxdur ki? Bizdə də qüsurlar, problemlər var. Amma burada vacib bir məsələ var ki, niyə belə problemləri yoluna qoymaq üçün ölkələri təzyiq altında saxlamağa çalışırlar? Bunu təzyiqlərlə deyil, dialoqlarla həll etmək olar axı. Hazırda dünyanın həyəcanla izlədiyi bir ölkədən çox sadə bir misal çəkim. Bu gün dünya Şimali Koreyanı blokada şəraitində saxlayır. Həmin dövlətin də xarici mühitlə, demək olar ki, əlaqələri yoxdur. Nə dəyişdi, nəyə nail oldular? Əksinə, orada ölkədə bəzi məsələlər daha da gücləndi və bu gün bu dövlət nüvə silahı olan ölkəyə çevrilib. Kimsə ona hər hansı bir düşünülməmiş addım atsa, bu dünyanı fəlakətə soxacaq. Yəni, bu baxımdan, əslində, sözügedən təzyiqlərin çoxalması, təcridetmələr təkcə belə ölkələrin başqa istiqamətdə güclənməsində deyil, Qərbə meyilli, demokratiya tərəfdarlarına da zərbə olur. Çünki bu cür ölkələrdə həmin qüvvələrin əhatə dairəsi zəifləyir. Oxşar problemlərlə üzləşən dövlətlər nə qədər sıxılsa, əksinə, orada qapalı cəmiyyət formalaşacaq. Bu yanlış taktikadır. Nə qədər həmin cəmiyyətlərə qapılar açıq olsa, inteqrasiya güclənsə, o qədər həmin problemlərin aradan qaldırılması asan olar. Avropalıların təbirincə desək avtoritar rejimlər də zəifləyər. Əks halda, təzyiqlə, qapalılıqla bütün qapıları bağlamaq həmin ölkələrin vətəndaşlarının da nifrətini qazanmaq deməkdir. Qısası, bu, uğursuz gedişdir. Bu cür addımları analiz edəndə görürsən ki, avropalıların özləri maraqlı deyillər ki, Orta və Yaxın Şərq coğrafiyasında inkişaf olsun, inteqrasiya güclənsin. Əksinə, onlar sanki istəyirlər ki, konfliktlər daha da dərinləşsin, daha çox ziddiyyətlər olsun, xaotik durum yaransın. Ölkələr beləcə, inkişafdan da qalsın. Yənibelə qərarlar ancaq buna xidmət edə bilər”.


Millət