Şriftin ölçüsü / 326

Ölkənin imicinə növbəti ağır zərbə vuruldu.

27 Aprel 2017 [15:16]
BAP sədri Elşad Musayev Ə.İnsanova verilən hökümlə bağlı öz facebook səhifəsində fikirlərini paylaşıb:

" Bu gün İki parodoksal hadisə baş verdi. Sabiq səhiyyə naziri, akademik Əli İnsanova heç nədən 7 il 5 gün növbəti həbs cəzası kəsildi. Prokuror Fərahim 8 il 9 gün həbs cəzası istəmişdi. Vəkil Toğrul Babayev az qala üsyan edirdi: "Nədən axı 8 il, ortada ağ kağızdan başqa heç nə yoxdur, bu şər, böhtandan başqa bir şey deyil! 11 il adamı nahaqdan yatırtdınız. Axı bu nə hüquqa, nə ədalətə, nə də insanlığa sığmır. Dünyada ixtiraçı alim, akademik kimi Azərbaycanı tanıdan 71 yaşlı ziyalıya bu cür zülm etməyin anlamı nədir"? Məhkəmə prosesinə qayıdarıq.

 Bu gün Prezident İlham Əliyev Cənubi Afrika Respublikasının prezidenti Zumanı CAR-ın milli bayramı- Azadlıq Günü münasibətilə təbrik edib. Elə həmin gün də öz ölkəsində dünya şöhrətli akademiki məhkəmənin əli ilə 7 il azadlıqdan məhrum etdirib. Paradoks budur. CAR Azadlıq Gününü Aparteid əleyhinə mübarizə apardığına görə 27 il həbsdə yatan, ilk qara dərili prezidentləri Nelson Mandelanın hesabına qeyd edir. Mandelaya "ömürlük" veriləndə 45 yaşı vardı, həbsdən çıxanda isə 72. Hələ ötən əsrdə CAR kimi vəhşi bir ölkədə belə 72 yaşlı Mandelanı həbsdən azad etdilər və o, 76 yaşında ölkəsində prezident seçildi. Bizdə isə 71 yaşlı akademikə şəxsi antipatiyaya görə 7 il iş kəsirlər. İnsanov haqlı olaraq bunu özünün timsalında akademikə, ziyalıya və xalqa qarşı terror adlandırdı. Bir akademiki narkotik ittihamı ilə həbsə göndərən prokuroru və onun sifarişçilərini insanların cibinə narkotik atan polis serjantı ilə eyni səviyyədə hesab etdiyini dedi. Akademik Əli İnsanov "yuxarı"lara da mesaj göndərdi- nə cəza kəsirsiniz kəsin, heç bir isterikaya qapılmayacağam, məni azad etməyə məcbur olacaqsınız.

Ədaləti və içtimai rəyi unutmayın! Əks halda küçə ilə üzbəüz qalacaqsınız. 1789-cu ildə Fransanın kraliçası kraldan soruşur ki, bu insanlar niyə küçələrə çıxıb? Kral cavab verir ki, çörəkləri yoxdur, çörək istəyirlər. Kralişa məzələnir: "Çörəkləri yoxdur, pirojna yesinlər". İctimai rəylə, küçə ilə hesablaşmayan kralın və kraliçanın aqibətləri çox faciəvi olur. Sonra Əli müəllim Süleyman Dəmirəllə görüşərkən onun "sokaklara sultanlardan bəri kimsə qalib gəlməyib" misalını çəkdi. Nəhayət, bizdə kral da var, kraliça da . Yuxarıda dediklərimdən ibrət götürsünlər, ictimai rəydən Allahdan qorxduqları kimi qorxsunlar mesajını göndərdi. Beləliklə, Azərbaycan hakimiyyəti 71 yaşlı akademiki göz görə-görə şərləyərək yenidən həbsxanaya göndərməklə növbəti ciddi səhvini buraxdı. Həm ölkə daxilində, həm də ölkə xaricində bu səhvin bədəlini ödəmək çox çətin olacaq. Ölkənin imicinə növbəti ağır zərbə vuruldu. Nəhayət bu son deyil. Allah qapını açsın ƏLİ İnsanov!"


Millət