Şriftin ölçüsü / 239

Bizim üçün hakimiyyət məqsəd deyil, vasitədir

11 May 2017 [17:49]
Pənah Hüseyn: "Bu nə vaxt baş verəcək, necə və hansı formada baş verəcək, bu məsələ barədə qəti fikir bildirmək çətindir”; İqbal Ağazadə: "Biz siyasi partiya olaraq hər gün hakimiyyətə gəlmək üçün çalışırıq, bunun nə zaman olacağı isə...”

1990-cı illərin sonu - 2000-ci illərin əvvəllərində Azərbaycan müxalifətinin hakimiyyətin bir addımlığında olduğu iddia edilirdi. Müxalifətdə və cəmiyyətin müəyyən kəsimində o zamanlar iqtidara gələcəyinə inam da var idi. Son illərdə isə müxalifət o dərəcədə zəifləyib ki, hətta mövcudluğunu saxlaya bilməsi çətinləşib. Maraqlıdır ki, belə bir durumda da müxalifət nə zamansa hakimiyyətə gələcəyinə inanır.

Xalq Partiyasının sədri Pənah Hüseyn bildirdi ki, qanuni şəkildə müxalifətin iqtidara gəlməsi şəraiti, şansı həmişə mövcuddur: "Ölkədəki sosial, iqtisadi vəziyyət, əhalinin durumu, sistem böhranının yaşanması əvvəl-axır dəyişikliyi zəruri edən prosesdir. Bu prosesin iqtidar dəyişikliyi ilə nəticələnməsi də gözləniləndir. Amma bu nə vaxt baş verəcək, necə və hansı formada baş verəcək, bu məsələ barədə qəti fikir bildirmək çətindir”.

Ümid Partiyasının sədri İqbal Ağazadə isə bildirdi ki, 1993-cü ildən sonrakı bir-iki ildə də müxalifətin güclənəcəyinə inanan az idi: "Amma 1990-cı illərin sonu, 2000-ci illərin əvvəllərində vəziyyət birdən-birə dəyişdi, müxalifət güclü dövrünü yaşadı. İndi də heç kim dəqiq proqnoz verə bilməz ki, müxalifət sabah və daim zəif olacaq, onun perspektivi yoxdur. Çünki həm ətrafımızda, həm Azərbaycan daxilində sosial, iqtisadi vəziyyətdə, dünyanın siyasi mənzərəsində ciddi dəyişikliklər baş verir. Belə vəziyyətdə kimsə hakimiyyətə gələ bilər, kimsə qala bilər, kimsə qala bilməz proqnozunu vermək düzgün deyil. Biz siyasi partiya olaraq hər gün hakimiyyətə gəlmək üçün çalışırıq. Bunun nə zaman olacağını isə şərait, zaman və şərtlər diktə edəcək. Bunu da siyasi institut kimi prosesi aparıb Azərbaycan Konstitusiyasının imkan verdiyi çərçivədə gerçəkləşdirməyə çalışacağıq”.

AMİP katibi Əli Orucov isə qeyd etdi ki, müxalifətin hakimiyyətə gəlməyə inamı hər zaman var, indi buna inanır. Bu inam olmasaydı illər uzunu ən ağır şərtlər daxilində indiyədək mübarizə aparmazdı: "Hakimiyyətin təbliğat maşını rəsmi və qeyri-rəsmi olaraq bu fikri geniş aşılamağa çalışır ki, onların hakimiyyətdə qalmaları əbədidir, müxalifət isə əbədi olaraq müxalifətdə qalacaq. Sovet imperiyası kimi güclü və vahid bir imperiya bir göz qırpımında süquta uğradı. Hakimiyyətlər uzun ömürlü ola bilər, amma əbədi ola bilməz. 1990-2000-ci illərdə müxalifət ona görə güclü idi ki, cəmiyyət fəal idi. Siyasi partiyalara və siyasi məkana müəyyən imkanlar yaradılmışdı. Siyasi institutlar indiki kimi formal deyildi və partiyaların ictimai həyatda rolu yüksək idi. Eyni zamanda ölkəyə hələ milyardlarla dollar neft pulları daxil olmurdu. Beynəlxalq münasibətlərdə Rusiya faktoru əsas faktorlardan biri deyildi. Azərbaycan iqtidarının addımlarına beynəlxalq diqqət və basqılar güclü idi. Rəsmi Bakı Qərbin şaxələndirilmiş enerji və kommunikasiya layihələrində xüsusən də regional və enerji təhlükəsizliyi məsələsində həlqə deyildi. İctimai və dövlət nəzarətində də güclü idi. Amma indiki durum belə deyil. Radikalizm və dini təmayüllü qruplaşmaların mövqeləri güclənir. Siyasi partiyaların hakimiyyətə gəlməsinin mümkünsüz olması təbliğatı əslində bu qüvvələrin meydan sulamasına rəvac verir. Bizim üçün əsas olan odur ki, dövlətçiliyimizə və suverenliyimizə təhlükə yaranmasın. Bizim üçün hakimiyyət məqsəd deyil, vasitədir”.




Millət