Şriftin ölçüsü / 424

Elçibəydən ağlı kəsən də danışır, kəsməyən də

13 May 2017 [14:01]
Mərhum eks-prezident Əbülfəz Elçibəyin yaxın silahdaşı və müşaviri olmuş Aydın Abbasovun (Türk Aydın) Moderator.az-a müsahibəsini oxuyarkən təəccüb etdım. Aydın Abbasov bu müsahibəsində Elçibəyi ictimai-siyasi və dövlət xadimi, milli lider deyil, sadəlövh bir şəxs kimi təqdim edir. Müsahibə boyu o, "fitri istedadını”, "nostradamusluğunu” dönə-dönə vurğulayaraq, özünü daha ağıllı, daha uzaqgörən göstərməyə çalışır.

Türk Aydının "uzaqgörənliyi” və "diribaşlığı” hələ tələbəlik illərindən biruzə verməyə başlayıbmış. Dediyinə görə:"Tiflis səfərindən 2 gün sonra, 1975-ci ilin yanvarında Əbülfəzi tutdular. Mən bilirdim ki, Əbülfəz tutuldusa, dalğa bizə gəlib çatacaq. Sonra demişdilər ki, axı bu Aydının xəttidir və bundan sonra mənim də izimə düşdülər, aprel ayında da tutub apardılar, 10 gün saxladılar. Uzun dindirilmələr, sual-cavab etdilər, amma məni tora sala bilmədilər”. Amma Elçibəy həbs olunur və il yarım azadlıqdan məhrum edilir. "17-18 yaşından başlayan dostluğu, bərabərliyi AXCP-də, daha sonra prezidentlik dönəmində də davam edən, vəzifədə gözü olmayan Türk Aydını Elçibəy şöbə müdiri, müşavir təyin edir. Belə çıxır kı, sabiq prezident kadrları seçərkən peşəkarlıq və təcrübəsinə görə deyil, dostluq, şəxsi münasibətlər və yerliçiliyə görə həyata keçirirmiş.

Türk Aydının dediklərinə inansaq onda Elçibəyin ətrafının xəyanətkarlardan, satqınlardan, KQB agentlərindən ibarət olduğu görürüük. O, müsahibəsində deyir: "Məclisə sədr seçmək məsələsində isə kimlərsə Tamerlanın namizədliyini verdi. Gördüm ki, Bəy də bununla razılaşır, fasilədə soruşdum ki, Bəy, Tamerlan axı bizə sonradan mitinqlərdə qoşulub, xeyir ola mitinqlərdə gələn adamı sədr təsdiqləyirsən? Dedi ki, Aydın, Tamerlan hüquq elmləri namizədidir, cəbhədə belə adamların olması bizə lazımdır. Halbuki, Tamerlan KQB-dən cəbhəyə məxsusi göndərilmiş adam idi, ancaq Bəy buna inanmırdı.

Ancaq nəticədə bəlli oldu ki, Tamerlan da, İsa da, Nemət də, Əli də Bəyi istəmir. Hətta Əligilin əhvalı o qədər yetişmişdi ki, Bəyi cəbhədən çıxarmaq istəyirdilər. Bəy bunları görəndən sonra bir dəfə mənə dedi ki, məni heç Heydər Əliyevin represiyası bu qədər əzməmişdi, nəinki İsayla Əlinin, onların münasibəti məni sındırdı.

Bəzən onların hansısa fikirlərini eşidəndə şübhə edirəm, xüsusən Asim Mollazadənin, Qüdrət Həsənquliyevin bəzi fikirlərini görəndə özlüyümdə deyirəm, axı, Elçibəyin törəmələri belə danışmamalıydı, yox, Elçibəy sağ olsaydı, bunlar onun yanında olmazdı”
. Yaxud da vəzifələrə çəkilməyin kriteriyası mitinqlərə nə vaxtdan qoşulub-qoçulamamaqdır. Bilə-bilə ki, prezident dostu Elçibəyin ətrafı xəyanətkarlardan, satqınlardan ibarət olub, onun xilas edilməsi üçün nədən çaba göstərməyib, onların vaxtında ifşa olunmasına nail olmayıb? Üzərindən illər ötəndən sonra ictimaiyyətdən gizlətdiyi həqiqətləri açmasının özü də xəyanət kimi bir şeydir. Elçibəy o zaman niyə saf, sadiq və əqidəli şəxsləri ətrafına yığıb, onlarla işləmək istəməyib, ay Aydın bəy?

Hələ bu harasıdır. Türk Aydın humanist, rəhmli adam dediyi Elçibəy haqqında görün nələr danışır:

" - Aydın müəllim, Əbülfəz Elçibəyin Heydər Əliyevlə məşhur 8 saatlıq görüşü haqqında da bir qədər danışmağınızı xahiş edirəm. Həmin məşhur görüşdə nə danışmışdılar? Sualına onun verdiyi cavaba baxın:

"- Həmin görüşdə çox da əlamətdar məsələlər danışılmamışdı.(Əlamətdar məsələlərə baxın ha!-Ə.O.) Elçibəy Heydər Əliyevə demişdi ki, sənin təşkilatçılıq qabiliyyətin bu gün millətə daha çox lazımdır. Bu baxımdan sənə səlahiyyəti veririk, ancaq bir şərtlə. Hakimiyyətə tabe olmayan bəzi qüvvələr var ki, onlar lokallaşdırılmalıdır. Lokal qüvvələrdən də biri elə Sürət Hüseynov idi ki, Rusiyaya bağlıydı, bəziləri İran kəşfiyatına işləyirdi. Bəy də Heydər Əliyevə deyirdi ki, sənə bu səlahiyyəti veririk ki, özünü doğruldasan, göstərəsən ki, sən əlsində heç vaxt millətinin əleyhinə olmamısan, sadəcə Sovet dövründə bəzi addımları atmağa məcbur olmusan. Ancaq bu səlahiyyəti sənə müəyyən vaxta qədər veririk, 1998-ci ildə dinməz-söyləməz kənara çəkilməlisən ki, biz fəaliyyətimizə davam edək.

Söhbətin kökündə bu məsələ dayanmışdı. Bəy onu da bildirmişdi ki, bu gün təslim olmayan qüvvələri mən represiya edə bilmərəm, vicdanım yol verməz, amma sən mənə baxma, bunu eləməlisən. H.Əliyev də həmin qüvvələri məhv elədi. Elçibəy zəif, qorxaq deyildi ki, bunu bacarmasın, sadəcə o qədər rəhmli idi ki, vicdanı ona yol vermirdi.

"Məlik Məmməd” nağılı danışan Türk Aydın iddia edir ki, rəhmdil, vicdanı təmiz olan Elçibəy ona tabe olmayan və ram edilməyən qüvvələri H.Əliyev vasitəsi ilə məhv etdirmək istəyirmiş. H.Əliyevi də məhz bu məqsədlə Bakıya dəvət edilibmiş. Özünün repressiya edə, sıradan çıxara bilmədiyi qüvvələri başqalarının əli ilə həyata keçirməyin harası humanist oldu? Uzun illərdi AXC iqtidarının devrilməsini müxtəlif yerlərə bağlayan və yozumlayan şəxslərin özləri özlərinin süqutlarının baiskarları olduqları bir daha təsdiqlənir. Əslində bu məntiqlidir. Bir halda ki, prezidentın ətrafı, yaxın adamları, silahdaşları və komandası xəyatkar, satqın, başqa yerlərə işləyəndirlərsə bu iqtidarın aqibəti də faciəvi sonluqla bitməliydi. Necə ki belə də oldu.
Türk Aydının maraqlı fikirlərindən daha biri:

"Bəy bir növ bilərəkdən özünü qurban verdi. Deyirdi ki, mən gedirəm, ancaq bilirəm ki, bir azdan məni aşıracaqlar, "bu millət bizim yerişimizi dərk etməyəcək”, əleyhimizə də işləyənlər çoxdur. Bəy buna baxmayaraq yürüdü. Əgər Heydər Əliyevin adminstrativ xüsusiyyəti ilə Elçibəyin humanizmi bir şəxsiyyətdə olmuş olsaydı, Bəy dinməz-söyləməz ona səs verərdi”. Elçibəy əgər doğrudan da "aşırılacaqlarını”, "millətin onların yerişlərini dərk etmək” qüdrətində olmadığını bilə-bilə hakimiyyətə qəlib, sonra da gecənin birində heç kəsə məlumat vermədən uzaq Kələkiyə getməsinin nə anlamı vardı? İkincisi də "bu millət bizim yerişimizi dərk etməyəcək” deyərək aşağılayan Aydın Abbasov Eliçibəyi o zaman hansı millətin milli lideri adlandırır?

"Bu gün İlham Əliyev prezidentlikdən getsə, yerinə keçə biləcək başqa bir adam görmürəm” nəticəsinə gələn A.Abbasovun əqidəsini dəyişməkdə suçladığı Asim Mollazadəyə, Qüdrət Həsənquliyevə və başqalarını ittam etməsi başa düşülən deyil.

A.Abbasovun müsahibədə E.Məmmədov barədə dedikləri də cəfəngiyyatdan başqa bir şey deyil. Ağlı başında olan adam belə fikirləri qətiyyən işlədə bilməz. Etibar Məmmədovun hərəkata sonradan qoşulduğunu və vəzifədən doymamağını söyləyən "Türk” Aydın ciddi surətdə yanılır. Əvvəla Hərəkatın Milli Azadlıq Hərəkatına çevrilməsi məhz E.Məmmədovun adı ilə bağlıdır, vəzifə məsələsinə gəlincə isə o, ona ayrı-ayrı iqtidarlar tərəfindən təklif olunan ən yüksək vəzifələrdən imtina etmiş qadir şəxsdir. Ay Aydın bəy, Etibar bəy nə vaxt vəzifədə oldu ki, onun dadından doymasın da? Vəzifədən doymayan, ona tamarzı qalan da elə sizlər olmadınızmı?!

O, özünü necə Türk Aydın adlandırır ki, qardaş Türkiyənın tanınmış ictimai-siyasi və dövlət xadimi S.Dəmirələ böhtan ataraq, onu ən ağır əməldə ittiham edərək deyir: "Sonuncu dəfə Bəy Türkiyəyə, Gülhanəyə gedəndə görüşdük. Dedim ki, Bəy, deyəsən biz müxalifətdə qala-qala gerçəkliyi yeridə bilməyəcəyik. Çox nikbincəsinə cavab verdi ki, nə danışırsan, gedirəm, qayıdım gəlim hər şey tamamilə başqa cür olacaq, pessimist düşünmə. Gedəndən sonra da dəmirəllərin əliylə Bəyin xəstəliyini bir qədər də sürətləndirdilər. Plan elə idi ki, Elçibəy 2003-cü il seçkilərinə çatmamalıydı, çünki artıq onda heç kim Bəyə mane ola bilməyəcəkdi. Yolu açmaq üçün də Elçibəy mütləq getməliydi...”

Görünür, bu müsahibəni verəndə A.Abbasov ya ayıq olmayıb, ya oyaq, ya da S.Cəlaloğlu demişkən mikrafon, diktafon görəndə ona izafi enerji gəlibmiş. Aydın Abbasov kimilərin Elçibəy haqqında danışmaları, hətta etdiyi tərifləri əks effekt verir.

Ə.Orucov,
AMİP Siyasi Şurasının üzvü


Millət