Şriftin ölçüsü / 123

Moskva Azərbaycana olan neqativ baxışlarından vaz keçməyib

19 May 2017 [18:45]
Əli Oruclu: "Moskva Azərbaycana olan neqativ baxışlarından vaz keçməyib”
Elçin Mirzəbəyli: "Baş verənlərdən sarsıldığımızı göstərməməliyik”

Məlumdur ki, Rusiya Ali Məhkəməsinin qərarı ilə Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatı ləğv edilib. Lakin qərar hələlik qanuni qüvvəyə minməyib, ÜAK-ın bir ay müddətində apelyasiya şikayəti vermək hüququ var. Ancaq buna rəğmən şimal qonşumuz tərəfindən atılan addım ölkə ictimaiyyəti tərəfindən çox sərt qarşılanıb və ciddi etiraza səbəb olub.

Əksəriyyət hesab edir ki, bu qərarın arxasında erməni lobbisinin barmağı var.

Məsələ ilə bağlı "Şərq”ə danışan Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi Şurasının üzvü Əli Oruclu isə hesab edir ki, erməni lobbisinin gücünü həddindən artıq şişirtmək lazım deyil. Onun fikrincə, çox vaxt erməni lobbisi çox şeyə qadir qorxunc güc kimi təqdim edilir. Amma əslində belə deyil: "Tarix boyu böyük dövlətlər ermənilərdən Azərbaycana və Türkiyəyə qarşı alət kimi istifadə ediblər. Rusiyanın Azərbaycana münasibəti isə hər zaman mənfi olub. Məhz birbaşa Moskvanın dəstəyi ilə ermənilər Azərbaycan torpaqlarını işğal ediblər. Kremlin yardımı ilə tarixi ərazilərimizdə Ermənistan adlı "dövlət” qurulub. Qarabağ münaqişəsinin 25 ildir dondurulmasının səbəbi də Rusiyadır. Biz ötən dövr ərzində şimal qonşumuzla olan münasibətləri müsbət məcraya yönəltməyə çalışsaq da, iki xalq arasında əlaqələri dərinləşdirsək də, Moskva Azərbaycana olan neqativ baxışlarından vaz keçməyib”. Partiya funksionerinin sözlərinə görə, ÜAK-ın qeydiyyatının ləğv edilməsi də həmin məsələlərdən biridir: "Burada ermənilərdən daha çox Rusiyanın imperialist qüvvələrinin fəaliyyəti önə çıxır. Son dövrlər Rusiyanın aqressiv siyasət yeritməsi, separatizmi dəstəkləməsi çox təhlükəli bir vəziyyət alıb. Kreml keçmiş sovet ölkələrinə təzyiqlərini artırmağa başlayıb. Təəssüflər olsun ki, hələ də Rusiyanı özümüzə yaxın bilirik. Rusiya Azərbaycanla heç vaxt həqiqi dost olmayıb. Ölkəmizdə rusların yüzlərlə məktəbi var, rus dili yüksək səviyyədə istifadə olunur. Amma görürsüz, bunun müqabilində Rusiya bizə necə münasibət sərgiləyir?!”.

BAXCP sədrinin müavini Elçin Mirzəbəyli bəyan edib ki, Ümumrusiya Azərbaycan Konqresinin ləğvini faciəyə çevirmək lazım deyil. Ekspertin sözlərinə görə, baş verənlərdən sarsıldığımızı göstərməməliyik: "Rusiyanın qarşısında əsla zəif görünmək olmaz. ÜAK-ın qeydiyyatının ləğv olunacağı gözlənilən idi. Çünki qərar siyasi xarakter daşıyırdı. Qeydiyyatın ləğvi ilə bağlı məhkəmə qərarında bildirilir ki, qurumun nizamnaməsinin müddəaları mövcud qanunvericiliyə uyğun deyil. Qeyd edim ki, ÜAK-ın mövcud Nizamnaməsi Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və əgər Nizamnamənin hansısa müddəaları Rusiya qanunvericiliyinə uyğun deyilsə, buna görə Ədliyyə Nazirliyi məsuliyyət daşıyır. ÜAK isə Rusiya Ədliyyə Nazirliyinin təsdiq etdiyi Nizamnamə əsasında fəaliyyət göstərib. Bu isə tamamilə qanunauyğundur. Məhkəmə qərarında yer alan başqa bir iddia qurumun adının onun fəaliyyətinin xarakterinə uyğun gəlməməsi ilə bağlıdır. Bu, o qədər gülünc iddiadır ki, hətta danışmağa belə adam xəcalət çəkir. Rusiyada ən müxtəlif adlarda diaspor qurumları qeydiyyatdan keçib, fəaliyyət göstərir -Rusiya Erməniləri İttifaqı, Rusiya Tacikləri İttifaqı, çeşidli birliklər, mədəni muxtariyyətlər və s. Yəni Ədliyyə Nazirliyinin iddiaları bəhanədən başqa bir şey deyil”.



Millət