Şriftin ölçüsü / 179

Yaxın Şərqdə sabitliyin qurulması hələ uzun zaman alacaq

02 Iyun 2017 [17:49]
Ekspertdən ABŞ-ın İran avantürası haqda açıqlamalar

Donald Tramp hakimiyyətə gəldikdən sonra ABŞ-İran münasibətləri gərginləşmək xətti götürüb. Mayın 21-də Səudiyyə Ərəbistanında keçirilən "Ərəb-İslam-Amerika” sammiti hələ də dünya gündəminin əsas hadisələrindən biri olaraq müzakirə olunur və bir sıra ekspertlər hesab edir ki, bu sammit ABŞ-ın İrana qarşı planlarını həyata keçirmək istiqamətində atdığı ciddi addımlardandır. ABŞ prezidentinin Ər-Riyada gəlməsi, Kral Salmanla 350 milyard dollar dəyərində anlaşma, yeni hərbi koalisiyanın yaranması haqda razılaşma da İrana hədəflənmiş addım kimi şərh edilir. Bildirilir ki, Yaxın Şərqdə yeni hərbi blokun qurulması və onun döyüşən hərbi gücünün yaradılması yeni savaş deməkdir. Bu isə onsuz da ağır, yorucu terror müharibələrinin davam etdiyi bölgə üçün ağır və ümidsiz gələcək vəd edir.
Bəs ABŞ-ın son zamanlar atdığı bir sıra addımlar İran ətrafında halqa yaratmaqdırmı? Hesab etmək olarmı ki, ABŞ İranı həm də müsəlman dövlətlərinin vasitəsilə sanki mühasirəyə alır? ABŞ-ın İrana hərbi hücum planı varsa belə, bu, avantüra sayılmalıdırmı? Belə bir avantüra bölgəyə nə vəd edər?


AMİP Beynəlxalq məsələlər üzrə katibElşən Mustafayev bildirdi ki, son 30 ildə İran məsələsində ABŞ prezidentlərinin siyasəti demək olar eyni olub, ciddi fərqlənməyib: "Yəni münasibətlər həmişə gərgin olub. Sadəcə, müəyyən zamanlarda bu gərginlik açıq şəkildə üzə çıxıb. İranla bağlı Donald Trampın atacağı addımlar, verəcəyi qərarlar bu məsələ ilə bağlı illərlə formalaşan cizgidən kənara çıxmayacaq. İran dünyada ən zəngin neft ehtiyatı olan dövlətlərdən biridir və yerləşdiyi coğrafiya xüsusi əhəmiyyətə malikdir. Bununla belə, İran özünə qarşı olan basqıları həmişə özü stimullaşdırıb və özünü pis vəziyyətə qoyub, ABŞ timsalında düşmən obrazı formalaşdırıb. Yaxın Şərq məsələsində tutduğu mövqe, Suriyada Əsəd rejiminə verdiyi hərbi və siyasi dəstək davam edərsə, İrana qarşı əməliyyatların olacağı istisna deyil. Bunun adını nə qoyurlarsa-qoysunlar, hətta avantüra da desələr, bunun baş verəcəyi halda məqsədə çatmaq üçün sona qədər gediləcək. Qaliblər isə mühakimə olunmur. Bu aksiyanın həyata keçirilməsinə hüquqi bazanı İran özü illərdi ki, formalaşdırır. Ermənistan və Rusiya xarici qonşuları ilə olan soyuq münasibətləri, onlarla zaman-zaman yaşadığı problemlər üzündən İran ətrafında həlqə demək olar ki artıq yaradılıb. Yəni bir hadisə baş verəcəyi halda ən azından qonşu dövlətlərin seyrçi mövqeyi ortada ola bilər. Həmçinin İsrailin rolunu, ABŞ siyasətinə təsirini da unutmaq olmaz. İsrail dövləti həmişə İran tərəfindən təhdid olunub. Obamanın prezidentlik dönəminin son illərində İrana qarşı sanksiyaların böyük bir hissəsi qaldırıldı. Çox güman ki, həmin zamanlar tərəflər danışıqlar zamanı ortaq bir nöqtəyə gəlmişdilər. Amma artıq görünür ki, razılaşmalar pozulub və münasibətlər əvvəlkindən də kəskinləşib. Bölgədə isə onsuz da qeyri-sabit vəziyyət illərdir ki, sürür”.

Ekspertin sözlərinə görə, belə görünür ki, Yaxın Şərqdə sabitliyin qurulması hələ uzun zaman alacaq. Amma İran istəsə, müəyyən güzəştlərə getməklə, bəzi ambisiyalarından çəkilməklə bu problemlərdən yayına bilər.