Şriftin ölçüsü / 116

Əgər belə olubsa...

Əgər belə olubsa...

09 Iyun 2017 [15:25]
Ekspert: "Hüquqi baxımdan prezident məhkəmə qərarını ləğv edə bilməz, amma...”


Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Rəyasət Heyəti, ÜAK-ın regional bölmələrinin rəhbərləri və Azərbaycanın rusdilli əhalisini təmsil edən təşkilatlar ÜAK-la bağlı prezident Vladimir Putinə müraciətlər göndəriblər.

ÜAK Rəyasət Heyətinin müraciətində deyilir ki, bu gün əminliklə demək olar ki, Ümumrusiya Azərbaycan Konqresi və onun regional bölmələri onların qarşısındakı vəzifələrin öhdəsindən gələ bilib, müasir Rusiyanın dövlət və milli siyasətində əhəmiyyətli və hamı tərəfindən qəbul edilən əlaqə vasitəsi olub. ÜAK-ın Rəyasət Heyətinin Vahid Rusiya Partiyası ilə uğurlu əlaqələri yaranıb. Rusiyada prezident və Dövlət Dumasına seçkilərdə Azərbaycan diasporu hakim partiyanı aktiv şəkildə dəstəkləyib, öz səsini Vladimir Putinin Rusiya Federasiyasının prezidenti seçilməsi üçün verib. Yuxarıda qeyd olunanları nəzərə alaraq, ÜAK-ın Rəyasət Heyətinin üzvləri Ali Məhkəmənin qərarını qeyri-məhsuldar hesab edir: "Fikrimizcə, 200 il Rusiya xalqı ilə vahid tarixi-coğrafi məkanda yaşayan xalqın ictimai diaspor təşkilatının ləğvi Azərbaycan diasporu tərəfindən düzgün qəbul edilmir”.


ÜAK-ın Rəyasət Heyətinin üzvləri məsələnin ədalətli həllinə yardım göstərməyi xahiş ediblər.


ÜAK-ın 62 regional bölmələrinin rəhbərlərinin müraciətində isə deyilir ki, ÜAK-ın fəaliyyəti yarandığı gündən Rusiyada vətəndaş sülhünün və millətlərarası dostluğun möhkəmlənməsinə istiqamətlənib: "Biz, demək olar ki, Rusiyanın bütün regionlarında XX yüzilliyin 90-cı illərinin əvvəlində, SSRİ-nin süqutu dövründə regionlarda yaşayan xalqlar arasında tükənmiş milli birlik, dostluq və qardaşlıq dəyərlərini diriltdik. Regional təşkilatlar Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının regionları arasında qarşılıqlı sərfəli əməkdaşlıq meydançasının genişləndirilməsinə yardım edib. ÜAK-ın regional bölmələri Azərbaycan əsilli vətəndaşların Rusiyanın mədəniyyət və hüquq sahəsinə inteqrasiyasına yardım etmək üçün böyük işlər görüb.


ÜAK-ın ləğvi müxtəlif destruktiv qüvvələrin və təşkilatların həmyerlilərimizi öz tərəflərinə çəkməsinə səbəb ola bilər ki, bu da mənfi nəticələr verə bilər. Biz Ümumrusiya İctimai Təşkilatı olan Ümumrusiya Azərbaycan Konqresinin Rusiyadakı Azərbaycan diasporunun gələcək inkişafına dair bir sıra böyük siyasi, sosial-iqtisadi, mədəni və digər məsələlərin həllində vacib və aktiv rol oynadığını nəzərə alaraq, ölkənin ali rəhbərliyindən Rusiya Ali Məhkəməsinin ÜAK-ın ləğv edilməsi qərarı ilə bağlı yaranan vəziyyətə anlayışla yanaşmasını xahiş edirik. Ümid edirik ki, Rusiya Federasiyasının yuxarı məhkəmə instansiyaları dəlillərimizə və narahatlığımıza diqqətlə yanaşacaq, iki ölkənin və qardaş xalqların rifahı naminə bundan sonra uğurlu fəaliyyətə yardım edəcək müsbət qərar qəbul edəcəklər".


Azərbaycanın rusdilli əhalisini təmsil edən təşkilatların Putinə müraciətində isə qeyd edilib ki, Azərbaycandakı ruslar və rus icmaları Rusiya Ali Məhkəməsinin ÜAK-ın bağlanması ilə bağlı mayın 15-də çıxardığı qərardan ciddi narahatdırlar: "Biz anlayırıq ki, bu qərar siyasi xarakter daşımır və iki ölkə arasında münasibətlərə heç cür mənfi təsir etməyəcək. Azərbaycanda yaşayan rusiyalı həmvətənlilər ölkənin ali rəhbərliyinin və bütün Azərbaycan cəmiyyətinin rus dilinin qorunması, millətlərimizin mədəniyyət və ənənələrinin dəstəklənməsi və inkişafı istiqamətindəki qayğıkeş münasibətini yüksək qiymətləndirir. Biz ölkələrimiz arasında mövcud olan münasibətlərdən çox məmnunuq. Onun əsasında çoxəsrlik dostluq və mehriban qonşuluq ənənəsi, bir-birinin maraqlarına hörmət dayanır”.


Müraciətdə sonra bildirilir ki, son illər iki ölkə prezidenti arasında qarşılıqlı ehtiram, səmimiyyət və etimad əlaqələri formalaşıb: "Biz ölkələrimizin inkişafına yönəlmiş daxili və xarici siyasəti, həmçinin iki ölkə arasında dost və qonşuluq münasibətlərinin inkişafı və dərinləşməsinə yönəlmiş siyasəti dəstəkləyirik. Əminik ki, ÜAK hər zaman öz fəaliyyətini Rusiya qanunları çərçivəsində həyata keçirib. Rusiyada ictimai-siyasi sabitlik, ölkənin siyasi quruluşuna loyallıq təşkilatın fəaliyyətinin dəyişməz prioriteti olub. Ali Məhkəmənin qərarına dərin hörmətlə yanaşaraq sizdən xahiş edirik ki, məhkəmənin qərarının yumşaldılması və ÜAK-ın fəaliyyətindəki təşkilati və digər çatışmazlıqların aradan qaldırılması, yeni Nizamnamənin qəbuluna təkan verəcək növbədənkənar qurultayının çağırılması üçün imkan və zamanın verilməsinə köməklik göstərəsiniz”.


Sənədi Azərbaycandakı Rus İcmasının sədri, Milli Məclisin üzvü Mixail Zabelin, "Sodrujestvo” Respublika Cəmiyyətinin, Rus Mədəniyyət Mərkəzinin, Azərbaycanın Rusdilli Təhsil Müəssisələri Müəllimlərinin Assosiasiyasının, Azərbaycan Rus Gəncliyi Assosiasiyasının, "Samur” Ləzgi Milli Mərkəzinin, Leninqrad Mühasirəsi İştirakçıları Assosiasiyasının, "Tuqan Tel” Tatar Mədəniyyət Cəmiyyətinin rəhbərləri, eləcə də Azərbaycan kazaklarının atamanı imzalayıblar.


Bu müraciətlərin müsbət təsiri gözlənilimri? Putin müraciətləri nəzərə alıb məsələnin müsbət həllinə şərait yaradılması üçün addım ata bilərmi?




AMİP Katibi Elşən Mustafayev bildirdi ki, Rusiya rəhbərliyinə müraciətlər lazımdır, lakin məsələni yüz faiz bu müraciətlərin həll edəcəyi inandırıcı deyil: "Mən hesab edirəm ki, ÜAK-ın bağlanması siyasi qərardır. Amma burada hüquqi prosedurlar qanunla bərkidilib. Rusiya Ədliyyə Nazirliyinin əsas gətirdiyi pozuntulara qalanda isə, Rusiya təcrübəsində istək olmasa bu cür problemə görə təşkilat bağlamırlar. Eyni zamanda məhkəmə qərarına qədər Azərbaycanda kifayət qədər bununla bağlı yazılar getmiş, münasibətlər bildirilmişdi və ölkə rəhbərliyi bununla bağlı məlumatlı idi. Burada məni düşündürən iki variant üzərində durmaq istəyirəm. Birincisi, ola bilsin ki, Bakıdan yüksək səviyyədə bu məsələ ilə bağlı Rusiya hakimiyyətinə müraciətlər , xahişlər olub və bu müraciətlər müsbət cavablandırılmayıb. Əgər belə olubsa, o zaman bu qərarın verilməsi iki ölkə arasında münasibətlərin əvvəlki səviyyədə olmadığını, soyumağa doğru getdiyini göstərir. Rusiya rəhbərliyi ən azı Ədliyyə Nazirliyinin məhkəməyə müraciət etməsinə və qərarın çıxarılmasına mane olmayıb. Bu versiyaların hansının çəkisinin daha ağır olmağına toxunmadan demək olar ki, istənilən halda bu siyasi qərar idi. Əgər ÜAK-ın qeydiyyatı bərpa olunacaqsa və ya hər hansı yeni təşkilat formalaşacaqsa, bu, kimlərinsə yazılı müraciətlərinin nəticəsindən asılı olmayacaq. Bu, daha yüksək səviyyədə danışıqlarda həll olunur, o da əgər hər iki dövlətin marağındadırsa”.




Millət