Şriftin ölçüsü / 33

Odlar Yurdu Universiteti Azərbaycan Universitetlərinin I Təhsil Sərgisində təmsil olunmuşdur

09 Iyun 2017 [15:42]

Hədəf Kursları Azadlıq filialının sərgi zalında Hədəf Globalın təşkilatçılığı ilə Azərbaycan Universitetlərinin I Təhsil Sərgisi keçirilmişdir. Layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən dövlət və özəl universitetləri və orta ixtisas məktəblərini abituriyentərə tanıtmaq olmuşdur.

Hər tədris ilinin sonunda abituriyentlər universitet və ixtisas seçimində müəyyən çətinliklər çəkirlər. Buna səbəb abituriyentlərin Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali məktəblər, xüsusən də həmin ali məktəblərdə yeni yaradılan ixtisaslar haqqında kifayət qədər məlumata sahib olmamalarıdır. Görüş zamanı ali və orta ixtisas məktəblərinin təmsilçiləri öz qurumları haqqında abituriyentlərə ətraflı məlumat vermiş, abituriyentləri maraqlandıran sualları cavablandırmışlar.

Təhsil sərgisində Odlar Yurdu Universiteti də təmsil olunmuşdur. Sərgi çərçivəsində ziyarətçilərə universitetin bakalavriat, magistratura, doktorantura, eləcə də ikinci ali təhsil və MBA proqramı, o cümlədən ikili diplom, xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar barədə məlumatlar verilmişdir. Ziyarətçilər sərgidə Odlar Yurdu Universitetinin nümayəndələri ilə ünsiyyət quraraq qəbul prosesi, qəbula daha yaxşı hazırlıq, sənəd qəbulu müddəti, təhsil haqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab tapmışdır.

Odlar Yurdu Universitetinin Beynəlxalq əlaqələr və innovasiyalar üzrə prorektoru Ceyhun Osmanlı bildirmişdir ki, "Belə sərgilərin keçirilməsinin şagirdlərdə elmə marağın artırılmasında rolu çox böyükdür. Universitetlərin sərgidə təmsil olunması şagirdlərdə universitet haqqında təəssürat oyadır ki, bu da onların düzgün ixtisas seçimlərində böyük rol oynayır. Universitetimizin maddi–texniki bazası və burada fəaliyyət göstərən müəllim, professor heyəti bizə geniş imkan verir ki, müxtəlif xarici ölkələrdən də universitetimizə tələbə cəlb olunması istiqamətində işlər aparaq”.

Sərgidə universitetin tanıtımı üçün hazırlanmış videoçarx nümayiş etdirilmiş, Odlar Yurdu Universitetinin jurnalı və təbliğat xarakterli bukletlər sərgi iştirakçılarına təqdim olunmuşdur.



Nisə Rəhimova