Şriftin ölçüsü / 85

Cənubi Qafqazda Rusiyaya Ermənistan yox, əslində Azərbaycan lazımdır.

15 Iyun 2017 [15:56]
"Rusiya hər bir sahədə Ermənistana daha çox üstünlük verməklə yanlış bir siyasət yürüdür” - ekspert

Məşhur amerikalı politoloq və sosioloq, böyük geosiyasi strateq Zbiqnev Bjezinski ölümündən az öncə Güney Qafqazın gələcəyi kontekstində maraqlı fikirlər bildirib. Bjezinski Qarabağda müharibənin qaçılmaz olduğunu söyləyib. Həmçinin problemin həllini ləngidən tək ölkənin Rusiya olmasına diqqət yönəldib. Hətta Qarabağla bağlı Bakı və İrəvan birbaşa sülhə səbəb olacaq hansısa ortaq təşəbbüslə çıxış edərsə, Kremlin müqaviməti ilə üzləşəcəyi haqda xəbərdarlıq edib. Eyni zamanda Rusiyanın çökəcəyi təqdirdə Ermənistandakı rus hərbi bazaların ilk növbədə Ermənistanın özü üçün ciddi təhlükə kəsb edəcəyini söyləyib. Ümumiyyətlə, o, Gümrüdəki hərbi bazanın Ermənistanı Türkiyədən qorumaq məqsədi güdmədiyini deyib.

Əksər siyasi təhlilçilər də gerçəyin məhz bundan ibarət olduğunu bildirirlər. Qeyd edilir ki, Rusiyanın davası Azərbaycan üstündədir, ölkəmizi Avrasiya layihələrinə qoşmaq uğrundadır. Moskvada yaxşı anlayırlar ki, regionun açar ölkəsi nə Ermənistandır, nə də Gürcüstan. Bu, Azərbaycandır. Müşahidələr göstərir ki, Rusiya hətta Dağlıq Qarabağ məsələsində hər hansı irəliləyiş olmadan, ənənəvi təzyiq-təhdid yolu ilə Azərbaycanı Putin layihələrinə qoşmağa çalışır. Şimaldan ölkəmizə qarşı özünü göstərən son de-marşların arxasında həm də bu niyyətin durduğu barədə rəylər var.

Eyni zamanda ortaya belə bir sual da çıxır ki, Cənubi Qafqazda Rusiyaya Ermənistan yox, əslində Azərbaycan lazımdırsa, nədən Rusiya Azərbaycana Qarabağ məsələsində kömək etmir, Ermənistana dəstək verir?

AMİP Beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev bildirdi ki, əslində doğrudan da strateji olaraq Cənubi Qafqazda Azərbaycan Rusiya üçün daha vacib dövlətdir. İstər coğrafi, istərsə də iqtisadi baxımdan bugünkü reallıqlarda Azərbaycan regionda mühüm əhəmiyyət daşıyan, dünya və Rusiya üçün vacib dövlətdir. Bunu nəzərə alaraq Azərbaycana qarşı münasibət məhz bu çıxarlarla nəticələnməlidir: "Rusiyaya güclü Azərbaycan yox, zəif Azərbaycan lazımdır. Çünki zəif dövlətə təsir etmək daha asandır. Reallıqda Rusiya hər bir sahədə Ermənistana daha çox üstünlük verməklə yanlış bir siyasət yürüdür. Hesab edirəm ki, bu, Rusiyanın yanlış olaraq yüz illərlə yürütdüyü imperiya siyasətindən imtina etmək istəməməyindən doğur. Tarixən erməni xalqı, sonradan isə Ermənistan dövləti könüllü olaraq hər mənada Rusiyanın xidmətində olub, Moskvanın təsiri altında qalmaqdan razı olublar. Rusiya onlardan bütün qara və çirkli oyunlarda istifadə edib, indi də istifadə edir. Əgər bu üsul keçən əsrin 90-cı illərinə qədər az çox nəticə verirdisə, sonradan bu siyasət Rusiyanın özünün əleyhinə işləməyə başladı. Bunu görməməzlikdən gələrək Rusiya hələ də Qarabağ məsələsində Ermənistanın mövqeyini müdafiə edir. Rusiya Qarabağ məsələsini həll edilmədən saxlamaqla onun üçün əhəmiyyət kəsb edən Azərbaycana və forpostu olan Ermənistana güclü təsir rıçaqını əldə saxlamaq istəyir”.

Ekspert dedi ki, artıq dünyada mövcud olan bugünkü geosiyasi vəziyyətdə Rusiyanın vəziyyəti o haldadır ki, keçmişdə yürütdüyü siyasətinə yenidən baxmağa məcburdur. Böyük dünya siyasətində xırda siyasi gedişlər etmək və gələcəyi görməmək Rusiyanın özü üçün pis nəticə verə bilər.




Millət