Şriftin ölçüsü / 325

Əgər müharibəyə gedilərsə...

23 Iyun 2017 [18:42]
Cəbhə xəttindəki son durumu şərh edən siyasi ekspertlər düşmənin başqa çıxış yolu saxlamadığı qənaətindədirlər


Son günlər cəbhədə vəziyyət kifayət qədər gərginləşib. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, iyunun 20-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupunun qarşısı alınıb. İtki verərək geri çəkilən kəşfiyyat qrupunun bir üzvü hərbçilərimiz tərəfindən ələ keçirilib.

AMİP-in sədr əvəzi Arzuxan Əlizadə bildirdi ki, Azərbaycan hakimiyyəti Ermənistanı yerində oturtmaq, torpaqlarımızı azad etmək üçün real müharibəyə başlamalıdır, başqa yol qalmayıb: "Əgər müharibəyə gedilərsə, müxalifət partiyalarından dəstək olacağı şübhəsizdir. Biz partiya olaraq daim bu mövqedən çıxış etmişik ki, işğal altında olan Azərbaycan ərazilərinin işğaldan azad olunması Azərbaycan dövlətinin hüququdur. İllərdir məsələnin həllindən daha çox konservləşdirilməsinə, mövcud status-kvonun qorunub saxlanmasına çalışan beynəlxalq təşkilatlar, aparıcı dövlətlər, eləcə də həmsədrlər başa düşməlidirlər ki, Azərbaycan xalqı torpaqlarının işğalı faktı ilə heç vəchlə barışmayacaq. Bu gün cəbhədə itirilmiş hər bir insan həyatına görə də bilavasitə onlar məsuliyyət daşıyırlar. Qarabağ danışıqlarının dalana dirənməsi yenilik deyil, lakin buna baxmayaraq, hazırkı vəziyyətdə müharibənin başlanması ehtimalını bir o qədər də yüksək qiymətləndirmirəm. Ancaq müharibə yolu seçilərsə, hesab edirəm ki, bu məsələdə siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs birmənalı olaraq Azərbaycan dövlətinin yanında olacaq”. /musavat.com/


Millət