Şriftin ölçüsü / 94

Azərbaycan ordusu hazırda regionun ən güclü ordusudur

15 Iyul 2017 [11:56]
AMİP-in sədr əvəzi Arzuxan Əlizadə "Yeni Müsavat”ın bir neçə məsələ ilə bağlı suallarını cavablandırıb.

- Arzuxan bəy, ermənilərin iyulun 4-də qətlə yetirdi iki yaşlı Zəhranın məzarını və qətlə yetirildiyi yeri bir sıra deputatlar, müdafiə naziri, ictimai xadimlər, diplomatlar ziyarət etdilər və etməkdədirlər. Müxalifət düşərgəsindən hələ ki orada heç kimin görünməməsinin səbəbi nədir?

- Dinc və mülki əhalinin ermənilər tərəfindən qətlə yetirilməsi ilk hadisə deyil. Müharibə başladığı vaxtdan indiyədək ermənilər dinc əhaliyə, xüsusilə də qadınlara və uşaqlara qarşı misli görünməmiş vəhşiliklər ediblər. Törədilmiş cinayətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması bizim vacib vəzifələrimizdəndir. Bu mənada hadisə törədilən yerə ilk növbədə diplomatik missiya nümayəndələrinin səfərlərini təşkil etmək lazımdır. Müdafiə nazirinin, deputatların, dövlət rəsmilərinin işçi qaydasında hadisə baş verən əraziyə getməsi, yerli əhaliyə və zərər çəkmiş şəxslərə mənəvi və maddi dəstək göstərmələri də vacib məsələlərdir. O ki qaldı müxalif siyasi partiya mənsublarının belə səfərlərinə, təəssüf ki, bu, cəmiyyətdə bəzən reklam təəssüratı da yarada bilir. Görünür, müxalifət nümayəndələrini belə səfərlərdən çəkindirən səbəblər içərisində bu amil olmamış deyil.

- Türkiyədə ana müxalifət partiyasının təşəbbüsü ilə 25 gün davam edən 425 kilometrlik yürüş keçirildi. Azərbaycanda müxalifət bu cür yürüş keçirə bilərmi? Keçirmək istəsəniz başlanğıc və son dayanacaq kimi hansı ünvanları seçərdiniz?

- Bu gün Azərbaycanın müxalif siyasi partiyaları ilə Türkiyənin müxalifət partiyalarının mövcud durumunu bir çox parametrlərə görə heç cür müqayisə etmək olmaz. Bunun da bir sıra səbəbləri vardır. Həmin səbəblər, eləcə də bu səbəbləri doğuran səbəblər üzərində dayanmadan yalnız onu deyə bilərəm ki, hazırkı şəraitdə Azərbaycan müxalifəti Türkiyədə baş tutan yürüşlə müqayisədə analoji yürüş keçirə bilməz. Amma belə bir yürüş baş tutarsa, onun Bakıdan başlamaqla son dayanacağının Xankəndi olmasını istəyərdik.

- Qarabağ məsələsinin sülh yolu ilə həlli variantı tükənmiş sayıla bilərmi? Azərbaycan Qarabağda hərbi əməliyyatlara başlamalıdırmı?

- İstənilən hərbi əməliyyat itkilər, məhrumiyyətlər deməkdir. Bütün münaqişə və müharibələrin sonu da danışıqlarla, sülh sazişləri ilə bitir. Bu prizmadan yanaşsaq, əlbəttə ki, problemin danışıqlar yolu ilə çözülməsi daha məqsədəuyğundur. Necə ki, Azərbaycan uzun illərdir ki, problemin sülh yolu ilə həll olunmasında maraqlı olduğunu nümayiş etdirib. Məsələnin nizamlanması üçün artıq 25 ildir ki, ATƏT-in Minsk Qrupu fəaliyyət göstərir. Bu illər ərzində BMT-nin, Avropa Şurası, ATƏT PA-nın bir sıra ATƏT PA-nın bir sıra qətnamələri qəbul olunub, həmsədrlərin bölgəyə saysız-hesabsız səfərləri, tərəflər arasında ikitərəfli və çoxtərəfli görüşlər baş tutub. Amma bütün səylərə baxmayaraq, ortada nəticə yoxdur. Nəticənin olmaması isə birmənalı olaraq ermənilərin maraqlarına uyğundur. Sirr deyil ki, Ermənistan şimal qonşumuzun hərbi dəstəyi ilə Dağlıq Qarabağı və Dağlıq Qarabağdan daha böyük ərazi olan ətraf 7 rayonumuzu işğal edib və bu torpaqların yerli azərbaycanlı əhalisini öz dədə-baba yurdlarından didərgin salıb.

Zaman keçdikcə özünü qarabağlı sayan, lakin Şuşanı, Laçını, Kəlbəcəri, Xankəndini görməyən yeni nəsil formalaşır. Bununla da bir çox məsələlər yaddan çıxır və bu səbəbdən də erməni tərəfi təbii ki, problemin konservləşdirilməsində, mövcud status-kvonun saxlanılmasında maraqlıdır.

Mən Dağlıq Qarabağın da əzəli torpaqlarımız olan Dərbəndin, Borçalının, Göyçənin, Zəngəzurun, İrəvanın və adını çəkmədiyim digər ərazilərimizin taleyini yaşamasını istəmirəm. Nəhayət, bir millət olaraq itirdiklərimizin fərqində olmalı və olanlardan ciddi nəticə çıxarmalıyıq. Bu prizmadan yanaşaraq hesab edirəm ki, Azərbaycan sözdə deyil, əməldə hərbi əməliyyatlara başlamaq əzmini nümayiş etdirməlidir. Ötən ilin aprel savaşları göstərdi ki, biz bunu bacarırıq. Azərbaycan ordusu hazırda regionun ən güclü ordusudur, əsgərlərimizin və əli silah tutan hər bir azərbaycanlının torpaqlarımızı işğaldan azad etmək ruhunu və əzmini də bura əlavə etsək, qarşımızda heç bir gücün dayana bilməyəcəyinə də əminəm. Bütün bunlarla yanaşı, şübhəsiz ki, regionda maraqları olan beynəlxalq güclər, xüsusilə də Rusiya amili nəzərə alınmalı, torpaqlarımızı işğaldan azad edə bilməyimizə mane olacaq faktorları neytrallaşdırmaq üçün qabaqlayıcı tədbirlər görülməlidir.

- AMİP-in qurultayı nə zaman keçiriləcək, gecikmə və sədrliyə iddialılar varmı?

- AMİP-in 11-ci qurultayının keçirilməsi gündəmdədir. Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi fəaliyyət göstərir. Təşkilat Komitəsinin müəyyən etdiyi qrafikə uyğun olaraq artıq bütün yerli rayon və şəhər təşkilatlarımızda hesabat-seçki konfransları keçirilib, qurultaya nümayəndələr seçilib. Sadəcə, bəzi texniki xarakterli məsələlər həll edilməli və bir də ən əsası qurultayın keçiriləcəyi məkanla bağlı məsələyə aydınlıq gətirilməlidir. AMİP oturuşmuş ənənələrə malik siyasi təşkilatdır, qurultaylarımız heç vaxt sıradan bir tədbir kimi keçirilməyib və həmişə ölkədə müəyyən rezonansa səbəb olub. Növbəti qurultayımızın da lazımi səviyyədə keçirilməsinə çalışırıq, lakin onu da qeyd etməliyəm ki, işimizdə bir qədər gecikmə var. Gecikmənin səbəblərindən biri də maliyyə çatışmazlığı ilə əlaqədardır. Əlbəttə ki, ölkənin ilk rəsmi dövlət qeydiyyatından keçmiş və 25 illik tarixi olan partiyasının normalda belə problemləri olmamalıdır. Lakin bu da günümüzün reallığıdır və bu gün ölkədə fəaliyyət göstərən digər siyasi təşkilatlar da təəssüflər olsun ki, analoji problem yaşayırlar. Belə problemlərin olmaması və ölkədə siyasi partiyalaşma institutunun tamamilə sıradan çıxmaması üçün bir sıra addımlar atılmalı və ilk növbədə "Siyasi Partiyalar haqqında” Qanunda müvafiq dəyişikliklər edilməlidir.

Qurultayda partiya sədrliyinə irəli sürüləcək namizədlərə gəldikdə isə onu deyə bilərəm ki, partiya daxilində AMİP sədrliyinə iddialı və layiqli kifayət qədər namizəd var. Amma AMİP-də əvvəlcədən yazılmamış bir qayda var. Bu qaydaya əsasən sədrliyə namizədlər yalnız qurultayın günü elan ediləndən sonra iddialarını ortaya qoyur və bir növ seçki kampaniyasına başlayırlar. Bu da ona görədir ki, namizədlər bərabər şərtlər və imkanlar daxilində mübarizə aparsınlar. Çünki adi halda partiya rəhbərliyində olan şəxslərlə sədrliyə namizədliyini irəli sürmək istəyən sıravi üzvün mətbuat orqanlarına çıxmaq, eləcə də partiya daxilində müxtəlif rayon təşkilatları içərisində təbliğat aparmaq imkanları eyni deyil.


Etibar SEYİDAĞA


Millət