Şriftin ölçüsü / 195

Milli istiqlalın keşiyində

27 Iyul 2017 [09:19]
Milli-azadlıq hərəkatı dövrünün ən populyar adlarından biridir Etibar Məmmədov. Təmkinli çıxışı, özünəməxsus "bığaltı” danışığı, gündəm yaradan müxtəlif təklifləri, 1990-cı ildə 9 ay Lefortovo həbsxanasında saxlanılmasıyla yadda qalan bu adam uzun zamandır siyasi arenadan çəkilib. Hər hansı siyasi prosesə münasibət bildirmir, jurnalistlərlə təmasdan yayınmağa çalışır. Bununla belə, onun adı zaman-zaman ən ağlasığmaz ittihamlarla gündəmə gətirilir, yad edilir. Görünür, siyasi səhnədən uzaqlaşması belə, kimlərinsə nəzərində Etibar Məmmədovun təhlükəlilik dərəcəsini azaltmayıb, onun hər an ortaya çıxıb tezliklə əvvəlki populyarlığını bərpa edəcəyindən ehtiyat edilir.

Maraqlıdır ki, opponentləri də bu qorxularını gizlətmir, hər dəfə ölkədə vəziyyətin gərginləşdiyini hiss edəndə onun barəsində ən müxtəlif ittihamlar irəli sürərək, rəqiblərini bəribaşdan zərərsizləşdirməyə çalışırlar. Dünən tanınmış vəkil Aslan İsmayılovun ruspərəst qüvvələr sırasında keçmiş AMİP liderinin adını hallandırması da bu qəbildəndir. Aslan bəy özünün facebook səhifəsində ruspərəst qüvvələri "ifşa edərək” bildirir: "Yadınızdadırsa, 2013-cü ilin əvvəllərində yazmışdım ki, Azərbaycanla Rusiya arasında münasibətlər kəskinləşən kimi bir neçə keçmiş «siyasi xadim» dirilir və mətbuatda tirajlanmağa başlayırlar. Həmin dövrdə Rəhim Qazıyevin mətbuatda geniş tirajlanan Prezidentə müraciəti peyda oldu. Elə o dövrdə də Surət Hüseynovun Gəncəyə qayıtması və QHT yaratması söhbəti yayıldı. Etibar Məmmədov da deyəsən AMİP-lə bağlı hansısa tədbirlər keçirdi”.

Aslan İsmayılovun bu açıqlaması onun son zamanlar Azərbaycan hakimiyyətinin ciddi sarsıntılar keçirdiyinə inandığını göstərməklə yanaşı, özünün təbirilə desək, hələ "dirilməmiş” Etibar Məmmədov faktorundan çəkindiyini ortaya qoyur. Halbuki, ortaya çıxan bir çox suallar irəli sürülən bu iddianın tamamilə absurdluğunu təsdiqləyir. İstərsəniz, gəlin, həmin suallara bir-bir cavab axtaraq.


İlk sual: Azərbaycan hakimiyyətilə Rusiya arasındakı vəziyyətin pisləşməsi nədə özünü göstərir?

Yəqin ki, bu suala müsbət cavab vermək üçün iddia sahibləri çoxsayda əsassız mülahizələr və ehtimallar irəli sürəcəklər. Məsələn, guya Bakı ilə Moskva arasında enerji məsələsində ciddi anlaşmazlıqların yaşandığını fərziyyəsi kimi… Son zamanlar Rusiyanın Gürcüstan ərazisinə müdaxilə edib Bakı-Supsa neft kəmərinin keçdiyi əraziləri ələ keçirdiyini misal göstərərək, bunun məhz Azərbaycanın indiki hakimiyyətinə qarşı sui-qəsd kimi qiymətləndirənlər də tapıla bilər. Halbuki, Azərbaycan neft strategiyasının dərin bilicisi olan Rəsul Quliyev Ovqat.com-a açıqlamasında bu versiyanın tamamilə cəfəngiyyatdan ibarət olduğunu tam mənasıyla sübut etdi. Eks-spikerin bildirdiyinə görə, Bakı-Supsa marşrutu üzərində sadəcə 1.5 km-lik məsafəni Moskva ələ keçirib, onu da indi yox, 2008-ci ildə.

Üstəlik, bu neft kəmərinin iqtisadi əhəmiyyəti də bizim şişirdiyimiz qədər böyük deyil. İldə cəmi 7 min ton neft nəql etmək potensialına sahib olan bu kəmər hazırda 3/1 gücüylə işləməkdədir-ildə cəmi 2.4 milyon ton. Azərbaycan Energetika Nazirliyindən Trend-ə verilən məlumatlara inansaq, bu ilin may ayında respublika üzrə gündəlik neft hasilatı 785,3 min barrel olub. Başqa sözlə desək, Bakı-Supsa kəmərilə bir ildə ixrac edilən neft Azərbaycanın sadəcə, 3 günlük hasilatına bərabərdir. Bu fakt sübut edir ki, Bakı-Supsa kəməri bağlansa belə, Azərbaycanın neft hasilatı və ixracatı ciddi təsirlənməyəcək. Elədirsə, Gürcüstanın 2008-ci ildə baş verən hadisəni birdən-birə böyütməsini Rusiyanın Azərbaycana təsir etməsi kimi əsaslandırmaq absurddur.

Digər versiya kimi, Rusiyanın son zamanlar Ermənistanı silahlandırmaqla Azərbaycana təzyiq etməsi mülahizəsi də ciddi tənqidə dayanmayacaq qədər zəifdir. Çünki Moskvanın ermənipərəst siyasəti yalnız indi ortaya çıxmayıb. Dağlıq Qarabağ problemi başlayandan bəri Rusiya eyni mövqedə dayanıb, Azərbaycanın öz topraq bütövlüyünü bərpa etməsinin qarşısını alıb. Doğrudur, bu gün Moskva Ermənistana ən müasir silahlarını verməklə onu daha da qüvvətləndirir. Amma onu da nəzərə alaq ki, bizə bənzər silahları satan yenə həmin Rusiyadır. Moskvanın bu siyasətdə yeganə məqsədi isə Ermənistanı qalib etməkdən daha çox, problem uzun müddət sürdürmək istəyiylə əlaqədardır.

Rusiyanın Ermənistanı silahlandırmaqdakı digər başlıca məqsədlərindən biri də NATO-nun şərq ayağında yerləşən Türkiyəni basqı altında saxlamaq və özüylə əməkdaşlığa cəlb etməkdir. Etiraf edək ki, buna böyük ölçüdə nail də olub. Hazırda Rusiya ilə Türkiyə arasında yaxın münasibətlər yaranır və Moskvanın indiki halda Azərbaycanın əleyhinə Ermənistanı dəstəkləməsi bu münasibətlərə zərər vura, irəli sürdüyü Avrasiyaçılıq strategiyasını tamamilə heçə uğrada bilər. Nədən ki, Rusiya yaxın qonşusu Türkiyəni yanına alaraq bu strategiyanı davam etdirmək imkanına malikdir. İki dövlət arasında yaxın münasibətlərin pisləşməsi qlobal güclərə qarşı təklənən Rusiyanın daha çox əleyhinədir.

Azərbaycanın indiki hakimiyyəti ilə rəsmi Moskva arasında ziddiyyət axtaranların əsaslana biləcəyi digər arqument isə bizim hakimiyyətin Qərbyönümlü siyasət kursu tutmaq istəyi versiyasıdır. Bu versiyanın nə qədər absurd olduğu isə məktəbli uşağa da sirr deyil. Baxmayaraq ki, son zamanlar Azərbaycan siyasi iradəsinin əsas orqanı olan Prezident Aparatında aparılan struktur islahatları, ilk baxışdan, bu cür təəssürat yaradır. Açıq danışsaq, xanım Mehriban Əliyevanın vitse-prezident təyin olunması və onun Qərb dairələrindəki nüfuzu bəlkə də bu mülahizələri qidalandıran əsas faktorlardan biri kimi ortaya çıxır. Bununla belə, Azərbaycan siyasi hakimiyyətinin indiki olduqca kritik anda ənənəvi balanslaşdırılmış kursundan vaz keçməsi də mümkün görünmür. Xüsusilə Ukraynada baş verən hadisələr bizim üçün "gözüçıxmış qardaş” nümunəsi yaratdığı kimi, strateji müttəfiqimiz sayılan Türkiyənin də son zamanlar Rusiyayla yaxınlaşması, üstəlik, İran təhlükəsi rəsmi Bakının ənənəvi mövqeyini davam etdirməsini şərtləndirir.

Üstəlik, neftdən ümidləri kəsilən Azərbaycan hakimiyyəti son zamanlar qeyri-neft sektorunun inkişafını özünün ən böyük prioritetinə çevirib. Sözsüz ki, qeyri-neft sektorunda ən ciddi pay aqrar sənayeyə və kənd təsərrüfatı məhsullarına düşəcək. Bu sahədə ölkəmiz üçün ən böyük potensial bazar isə Rusiyadır. Özünün neft dövründə istər-istəməz Qərbə yönəlmək məcburiyyətində qalan Azərbaycanın indi iqtisadi zərurətlər üzündən Rusiyaya yönəlməsi də Qərbpərəst siyasət yürütməsi ehtimalını çətinləşdirir.

Uzun illər hakimiyyətdə olan və Rusiyanın təsiri altında fəaliyyət göstərən mövcud Azərbaycan hakimiyyətinin birdən-birə Qərbə üz tutması da ağlasığan deyil və siyasi iradə də bunun fərqindədir. Son zamanlar rəsmi Bakının Qərb dövlətləriylə münasibətinin gərginləşməsinin və Qərbyönümlü müxalif qüvvələrin sıradan çıxarılmasının da başlıca səbəbi budur.

Sadalaya biləcəyimiz bu kimi digər faktorlar Azərbaycanla Rusiya arasında hər hansı ziddiyyətlərin mövcudluğunu tamamilə inkar edir. Əksinə, son zamanlar Rusiya-Azərbaycan arasında münasibətlərin dərinləşməsi nəzərlərdən qaçmır. Prezident İlham Əliyevin rusiyalı həmkarıyla Soçu görüşünün olduqca səmimi şəkildə keçirildiyi mediaya sızdırılan foto-şəkillərdən də aydın görünürdü. İki liderin görüşə qalstuk taxmadan gəlməsi dünyaya verilmiş mesaj xarakteri daşıyırdı. Bu mesajın altında yatan hikmət isə dostyana münasibətləri ortaya qoymaqdı. Təsadüfi deyil ki, görüşdən bir müddət əvvəl rus mətbuatının yazdığına görə, Prezident İlham Əliyev jurnalistlərlə söhbətlərinin birində "Putin Azərbaycanı satmaz” ifadəsini işlətmişdi. Bu fikir liderlərin bir-birinə etimadının təzahürü təsirini bağışlayır.

İkinci sual: Aslan İsmayılovun təbirilə desək, son zamanlar Etibar Məmmədovun "dirilməsi” nədə özünü büruzə verir?

Yuxarıda da qeyd etdiyimiz kimi, AMİP-in qurucusu olan Etibar Məmmədov artıq uzun illərdən bəridir ki, siyasətdən uzaqlaşıb. Sözsüz ki, bunun mühüm səbəbləri var. Azərbaycandakı siyasi vəziyyətin partiya fəaliyyətini normal yürütməyə imkan verməməsi, rəhbəri olduğu təşkilatın mövcudluğunu qorumaq üçün müxtəlif kirli oyunlara getmək məcburiyyəti ləyaqət hissini qoruyan istənilən siyasi lideri məhz bu addımı atmağa məcbur etməliydi. O, ya öz tərəfdarlarının represiya maşınının dişləri arasında məhv olmasına göz yummalı, ya da hakimiyyətin "kukla müxalifəti”nə çevrilməliydi. Böyük siyasi məktəb keçən Etibar Məmmədov isə üçüncü yolu seçdi- siyasətdən ayrılmaq yolunu.

Əlbəttə ki, ölkədə aktiv siyasi fəaliyyət üçün şərait yaranarsa, bir çoxları kimi, vətənpərvərlik hisləri güclü olan bu adamın öz yerində sakit oturacağına bu yazının müəllifi də inanmır. Elçibəy məktəbi keçən, gizli təşkilatdan indiyə qədər keşməkeşli yolları aşıb gələn Etibar bəyə də əslində yaraşan məhz budur və zərurət yaranarsa, onun siyasətə qayıtması ölkəmizin qazancı olar. Bəs, niyə kimlərsə bundan narahatlıq duyurlar? Axı demokratik cəmiyyət bütün iddialıların ortaya çıxıb hakimiyyət uğrunda mübarizə arapa biləcəyi toplum deməkdir. İddiaçıların sayı nə qədər artarsa, ölkənin demokratikləşməsi bir o qədər tezləşər, yeni keyfiyyət qazanar. Bu mənada kimlərinsə siyasətə qayıdacağından xoflanmamaq, əksinə, buna sevinmək lazımdır. Xüsusilə də böyük siyasi təcrübələri olan, hakimiyyətin kirli müxalifət oyunlarında iştirak edib öz nüfuzuna kölgə salmayan şəxsiyyətlərin, zərurət yaranacağı təqdirdə, ortaya çıxması ümumi işin xeyrinə nəticələnərdi.

Amma bu zərurət yetişibmi? Nə yazıq ki, bu suala müsbət cavab vermək hələlik mümkün deyil.

Etibar Məmmədovun Rusiya adamı olduğunu söyləyənlər onun keçdiyi həyat yoluna nəzər salsalar, nə qədər yanıldıqlarını görə bilərlər. Hər halda AMİP lideri başqaları kimi Rusiyanın hansısa ali məktəbində təhsil almayıb, indiki BDU-nin məzunu olub. Dolayısıyla onu Rusiya ilə bağlayan tellər də çox deyil. Hələ tələbəlik illərində Etibar Məmmədovun universitetin divar qəzetinə yazdığı bir məqaləyə görə ali məktəbdən uzaqlaşdırılması, rəhmətlik Elçibəyin ən sınanmış tərəfdarlarından olması onun milli dəyərlərə bağlılığının ən bariz sübutudur. Yaxınlarının bildirdiyinə görə, 1990-ci ildə Lefortovoda 9 ay həbsdə yatdıqdan sonra Etibar Məmmədov bir daha Rusiyaya getməyib. Lefortovo zindanına düşməsi isə sırf Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmasıyla bağlı olub. Bilindiyi kimi, 20 Yanvar faciəsiylə bağlı Moskvada xarici jurnalistlərə brifinq verdiyi zaman həbs olunan Etibar bəy bu fədakarlığının bədəlini 9 ay həbsdə yatmaqla ödəyib. O vaxtdan indiyə qədər isə 27 il keçir. Bu zaman ərzində bir dəfə də Rusiyaya getməməsi, daha çox Türkiyə ilə yaxın təmaslarıyla tanınan Etibar Məmmədovu necə rusun adamı saymaq olar?

Etibar Məmmədov artıq 62 yaşa qədəm qoyub. Kifayət qədər də iddialı adamdır. Ölkənin qismən demokratik çağlarında onun bütün prezident seçkilərinə qatılması və uğurlu kampaniyalar aparması bu adamın ciddi iddialarından xəbər verir. Hətta gənclik dövründə belə, iddialarından heç kimə güzəştə getməyən AMİP liderinin öz ahıl çağında nəyin xətrinə ruspərəstliyə yuvarlanması cavabı olmayan suallardandır.

O ki qaldı dirilmək söhbətinə, Etibar Məmmədov ölməyib ki, dirilə. Həyatını yaratdığı partiyanın adından da göründüyü kimi, milli istiqlala həsr etmiş Etibar bəy Azərbaycanın müstəqilliyini təsəlli bilib inzivaya çəkilib. Əgər milli istiqlalımız təhlükə altında qalarsa, ortaya ilk çıxanın da bu adam olacağı, təbii ki, istisna edilməməlidir. Görünür, durduğu yerdə hücumlara məruz qalması da elə bu ehtimalla bağlıdır. Onu "siyasi ölü” kimi görənlərin məntiqindən yanaşsaq, belə bir nəticə ortaya çıxır: Etibar bəyin "ölüsü” də opponentləri üçün qorxuludur.

Ovqat.com