Şriftin ölçüsü / 90

Aparıcı dövlətlər ikili standartlardan əl çəkməlidir

28 Sentyabr 2017 [14:53]
Arzuxan Əlizadə: "Nəzərə almaq lazımdır ki, uzun müddətdir münaqişə həll olunmadığı üçün, bundan daha çox məhz məcburi köçkünlər əziyyət çəkir”

Məlum olduğu kimi, ATƏT Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin Azərbaycana səfər edib. O, səfəri çərçivəsində Masazırda məcburi köçkünlərlə görüşüb. Xüsusi nümayəndə məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olub, onlarla söhbət aparıb.

Məcburi köçkünlər ATƏT PA rəsmisinə doğma torpaqlarının 25 ildən artıqdır erməni işğalı altında qalması ilə bağlı narazılıqlarını çatdırıblar.

K.Vigenin, öz növbəsində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının vacibliyini bildirib. Eyni zamanda, sözügedən məsələnin həlli üçün çalışacağını vurğulayıb: "Münaqişənin sülh yolu ilə həlli üçün əlimizdən gələni edəcəyik”.

Məlumat üçün qeyd edək ki, ATƏT PA-nın xüsusi nümayəndəsi sentyabrın 24-dən 30-na qədər Azərbaycan, Gürcüstan və Ermənistanda səfərdə olacaq. K.Vigeninin Azərbaycanda Xarici İşlər Nazirliyində, Milli Məclisdə və digər qurumlarda görüşlər keçirəcəyi nəzərdə tutulub.

Səfər zamanı xüsusilə də uzun müddət davam edən münaqişələrin Cənubi Qafqaz regionunda yaşayan insanların həyatına təsiri məsələsi nəzərdən keçiriləcək.

Ümumilikdə, bu kimi müzakirələrin keçirilməsi və bununla bağlı müəyyən fikirlərin səsləndirilməsi, təkliflərin verilməsi Dağlıq Qarabağ münaqişəsinin həllinə nə kimi təsir göstərə bilər?

Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadə bunun münaqişənn həllinə birbaşa təsir göstərəcəyini istisna etdi: "Düşünmürəm ki, belə müzakirələr münaqişənin həllini tezləşdirsin. Bənzər tədbirlər, müzakirələr müxtəlif beynəlxalq qurumlar səviyyəsində əvvəllər də keçirilib. Ancaq bütün bunlar nəticə etibarilə hansısa münaqişənin birbaşa həllinə gətirib çıxarmayıb. Lakin belə müzakirələr birbaşa olmasa da, dolayı da olsa, hansısa mərhələdə münaqişənin həllinə təsir göstərə bilər. Ancaq bu yalnız o zaman ola bilər ki, münaqişənin həlli ilə bağlı ortada beynəlxalq siyasi iradə olsun. Yəni aparıcı dövlətlər ikili standartlardan əl çəkərək, beynəlxalq təşkilatlar vasitəsilə işğalçı Ermənistanı kompromislərə getməyə məcbur etsinlər. O zaman belə müzakirələr tərəflər arasında etimad mühitinin formalaşmasına müəyyən müsbət təsir göstərə bilər. Ümumilikdə, bu cür səfərlər çərçivəsində məcburi köçkünlərin problemlərinin beynəlxalq qurumların təmsilçilərinə çatdırılması faydalıdır. Nəzərə almaq lazımdır ki, uzun müddətdir münaqişə həll olunmadığı üçün, bundan daha çox məhz məcburi köçkünlər əziyyət çəkir. O baxımdan maksimum çalışmalıyıq ki, Dağlıq Qarabağ məsələsi dünya ictimaiyyətinin diqqət mərkəzində olsun”./Bakı Xəbər/



Facebook



Millət