Şriftin ölçüsü / 149

Kimlərə və nəyəsə ümid bəsləmək əbəsdir

03 Oktyabr 2017 [15:13]
Ermənistanın məqsədi bilərəkdən danışıqlar prosesini pozmaqdır


Son günlər Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müəyyən aktivlik müşahidə edilməkdədir. Xarici işlər nazirlərinin Nyu-York görüşündən sonra həmsədrlər əsas diqqəti prezidentləri bir araya gətirməyə yönəldiblər. Vasitəçilərin məqsədi münaqişə tərəflərinin liderlərini masa arxasına gətirməklə qarşılıqlı etimad mühitini formalaşdırmaq, mümkün variantda danışıqlar prosesində irəliləyişə nail olmaqdır.

Bu mənada gələn həftə həmsədrlərin regiona səfərləri və rəsmilərlə görüşləri gözlənilir. Lakin hər zaman olduğu kimi erməni silahlıları prosesdən yayınmaq üçün cəbhə xəttində növbəti təxribata əl atıb. Düşmən tərəf cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi mütəmadi pozaraq, hərbi mövqelərlə yanaşı, yaşayış məskənlərini də hədəf alıblar. Məsələ ilə bağlı "Şərq”ə danışan siyasi elmlər namizədi, politoloq Zaur Məmmədov deyib ki, düşmənin məqsədi bilərəkdən danışıqlar prosesini pozmaqdır: "Erməni tərəfi danışıqlar masasından qaçmaq istəyir. Ona görə də hər fürsətdə bu cür təxribatlara əl atırlar. Münaqişənin uzanmasının əsas baiskarı isə təbii ki, Sarkisyan və onun rəhbərlik etdiyi cinayətkar rejimdir. Hər dəfə vacib görüşlər ərəfəsində ermənilər cəbhədə təxribatlara əl atırlar”.

AMİP funksioneri, siyasi-ekspert Əli Orucov isə "Şərq”ə deyib ki, o, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı xüsusi aktivlik müşahidə etmir:

"Xarici işlər nazirlərinin görüşlərində irəliləyişin olacağını gözləmirəm. İndiyədək saysız-hesabsız bu cür görüşlər keçirilib, danışılar aparılıb. Heç bir müsbət nəticə, irəliləyiş olmayıb. Erməni tərəfi birmənalı şəkildə öz təcavüzkar mövqeyini ortaya qoyur. Yəni bildirirlər ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində olmayacaq və onların işğal etdikləri torpaları qaytarmaq fikirləri yoxdur. Ermənilərin öz mövqelərindən bir addım da olsa geri çəkilmədikləri təqdirdə, sülh prosesinə ümid bəsləmək sadəlövhlükdür. Özümüzü niyə aldadırıq?! Yalandan kimlərə və nəyəsə ümid bəsləmək əbəsdir”.

Ekspertin sözlərinə görə, erməni tərəfinin atəşkəsi müntəzəm pozmasının səbəbi sadəcə sülh prosesinə mane olmaq deyil, eyni zamanda təmas xəttinə yaxın ərazilərdə yaşayan əhalini qorxu altında saxlamaqdır.

Məqsəd oradakı həyatı iflic etməkdir. Bunun da cavabı layiqincə Silahlı Qüvvələrimiz tərəfindən verilir. Ancaq düşmənə ən layiqli cavab işğalçıları torpaqlarımızdan birdəfəlik qovmaqdır”.