Şriftin ölçüsü / 165

Əli İnsanova qarşı daha bir haqsızlıq

04 Oktyabr 2017 [16:39]

Musavat.com xəbər verir ki, sabiq nazir Qaradağ rayon Məhkəməsinin barəsində çıxardığı hökmdən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin edilməmişdi.

Bundan sonra Əli İnsanov Ali Məhkəməyə müraciət edib. Amma onun şikayətinə hələki baxılmır.

Əli İnsanov haqqındakı hökmdən Ali Məhkəməyə verdiyi şikayətə baxılmamasından narazıdır. Ona görə də Ali Məhkəmənin sədri Ramiz Rzayevə məktubla müraciət edib.

Bu barədə məlumatı Ə.İnsanovun vəkili Toğrul Babayev verib.

"Əli İnsanov kassasiya şikayəti üzrə məhkəmə baxışının təyin olunmamasından narazıdır. Bu səbəbdən oktyabrın 2-də saxlandığı 11 saylı cəzaçəkmə müəssisəsindən Ali Məhkəmənin sədrinə müraciət edib. Məktubda yazıb ki, süründürməçiliyə yol verilməsin, onun kassasiya şikayəti üzrə məhkəmə baxışı təyin olunsun" - deyə vəkili bildirib.

Vəkil qeyd edib ki, Əli İnsanovun 7 il azadlıqdan məhrum edilməsi haqda Qaradağ Rayon Məhkəməsində çıxarılmış hökm iyunun 22-də Bakı Apellyasiya Məhkəməsində qüvvədə saxlanılıb. Həmin qərardan az sonra Ali Məhkəməyə şikayət verilsə də, hələ heç iş üzrə məhkəmə baxışı təyin olunmayıb.

Qeyd edək ki, Ə.İnsanov barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2-ci (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri üzrə cinayət işi başlanmışdı. Ona törətdiyi əmələ görə 7 il 5 gün azadlıqdan məhrumetmə cəzası təyin edilmişdi.

Xatırladaq ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunmuşdu. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham edilirdi. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunan Ə.İnsanovun cəza müddəti ötən ilin oktyabr ayında başa çatmışdı.


Millət