Şriftin ölçüsü / 166

ABŞ ATƏT-in Minsk Qrupunda aktivləşə bilər

05 Oktyabr 2017 [17:13]
Elşən Mustafayev: "Nüfuzlu amerikalı strateqin Dövlət Departamentində Azərbaycanın da yerləşdiyi region üzrə siyasətin formalaşdırılmasına cavabdeh şəxs postuna gətirilməsi...”

Danılmaz faktdır ki, Dağlıq Qarabağ münaqişəsinin hərb müstəvisində həlli bu gün Cənubi Qafqazda həyati maraqlara malik dövlətlərin mövqeyi ilə ziddiyyət təşkil edir. Ən azından ona görə ki, mümkün müharibə bölgədə mövcud geosiyasi, geoiqtisadi mənzərəni əhəmiyyətli dərəcədə dəyişə bilər.

Digər tərəfdən, həmin güclərə yaxşı məlumdur ki, Azərbaycan Ermənistanın danışıqlar prosesində imitasiya edərək mövqeyini sonadək qoruyub saxlaması, işğal siyasətini davam etdirməsi ilə barışmayacaq. Bu mənada böyük güclər özləri də Ermənistana qarşı real addımlar atılması, onun sülh prosesinə məcbur edilməsinin zəruriliyini yaxşı başa düşür. Əks hal isə qanlı savaş deməkdir.

Hazırda bəzi analitiklər hesab edir ki, ABŞ yenidən Cənubi Qafqazda aktivləşir: "ABŞ Senatı sentyabrın sonunda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə yeni köməkçisini təyin etdi. Əvvəllər bu vəzifəni icra edən Viktoriya Nulandı Ues Mitçel əvəz etdi. Mitçelin Cənubi Qafqazla bağlı xüsusi missiyası olacaq. Tillersonun yeni köməkçisi burada Amerikanın təsir zonasını artırmağa çalışacaq. Bunun üçün mümkündür ki, Azərbaycana Dağlıq Qarabağ məsələsində xüsusi təkliflər edilsin”. İndi hesab edilir ki, ABŞ və Rusiyanın Qarabağ münaqişəsi üzrə fəaliyyəti koordinasiyalı şəkildə həyata keçsə, konfliktin çözümü üçün müəyyən irəliləyişlər əldə etmək olar. Elə Moskva Karnegi Mərkəzinin ekspertləri də bildirir ki, real istək olduğu halda münaqişəni həll etmək mümkündür: "Bu münaqişə postsovet respublikalarındakı digər münaqişələrdən fərqlənir. Məsələn, Qarabağ münaqişəsi zonasında heç vaxt sülhməramlılar olmayıb. Atəşkəs Bakı ilə İrəvan arasında balansa əsaslanır, ancaq münaqişənin dondurulması haqda danışmaq olmaz. Ötən ilin aprelində "dördgünlük müharibə” münaqişənin dayandırılmasından bəri ən irimiqyaslı eskalasiya oldu. Ümumiyyətlə, vaxtaşırı olaraq münaqişənin eskalasiyası baş verir. Danışıqlar isə imitasiya xarakterlidir, mahiyyət üzrə getmir. İş praktiki kompromislərin, güzəştlərin və ya mübadilənin müzakirəsinə qədər gedib çıxmır. Bu, dalan vəziyyətidir və ilk baxışdan oradan çıxış yolu görünmür. Amma həmsədr ölkələrin təzyiq imkanlarından yararlanıb nəticəyə nail olması da mümkündür”.

ABŞ-ın regionda fəallaşması fonunda Dağlıq Qarabağ münaqişəsilə bağlı yeni təklif və ideyalar irəli sürəcəyi haqda səslənən fikirləri nə dərəcədə əsaslı saya bilərik?

AMİP Katibi Elşən Mustafayev qəzetimizə bildirdi ki, ABŞ-ın aktivləşəcəyi bir neçə parametr üzrə özünü büruzə verə bilər: "Həmin ölkə ATƏT-in Minsk Qrupunda aktivləşə bilər. Dövlət katibi Tillersonun Senata göndərdiyi məktubda bildirilir ki, Amerikadan olan həmsədrin missiyası dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavininə həvalə oluna bilər. Ekspertlər hesab edir ki, ABŞ-ın bu addımı Qarabağ məsələsinin ən yüksək səviyyədə müzakirə olunmasına səbəb ola bilər.

Minsk Qrupunun fəaliyyəti bütün zamanlar müzakirə predmeti olub və hətta dəfələrlə Azərbaycanın bu qurumun mandatından imtina etmək məsələsi gündəmə gəlib. Fəallaşma ilə bağlı digər istiqamət isə Nullandın yerinə təyin edilən yeni diplomatla bağlı qeyd edilir.

Cəmi 30 yaşı olan Ues Mitçell həmin vəzifəyə təyin olunana qədər mənzil-qərargahı Vaşinqtonda və Varşavada yerləşən Avropa Siyasətinin Analizi Mərkəzinin (CERA) rəhbəri olub. O, Amerikanın iri neft şirkətləri ilə yaxın əlaqələrə malikdir və Rusiyaya qarşı daha sərt siyasətin tərəfdarıdır. 2012-ci il prezident seçkiləri kampaniyası zamanı Mitçell prezidentliyə respublikaçı namizəd Mitt Romninin müşaviri olub. Hansı ki, Romni özü də Rusiyaya qarşı olanlardan sayılır.

ABŞ-la danışıqlara cəlb olunmuş Ukrayna mənbələri qeyd edirlər ki, Mitçell Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi və Ukraynaya döyüş silahları verilməsi ideyasının qatı tərəfdarlarındandır.

Cənubi Qafqazda isə ABŞ dövlət katibinin yeni köməkçisi Azərbaycana Amerikanın təsir sferasına qayıtmaqda kömək göstərməyə çalışacaq. Bu zaman boru kəmərləri layihəsi və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təkliflərdən istifadə edəcək.

Mitçell CERA-ya rəhbərlik edərkən Cənubi Qafqazda ABŞ-ın təsirlərinin gücləndirilməsinin vacibliyi haqda analitik hesabatlar hazırlayıb. Bu baxımdan gözləmək lazımdır ki, nüfuzlu amerikalı strateqin Dövlət Departamentində Azərbaycanın da yerləşdiyi region üzrə siyasətin formalaşdırılmasına cavabdeh şəxs postuna gətirilməsi Vaşinqtonun Qarabağ məsələsindəki siyasətinə ciddi təsir göstərəcək”. /Bakı Xəbər/


Millət