Şriftin ölçüsü / 67

Yuğ Teatrında tədbir keçirilib

18 Oktyabr 2017 [16:59]
Bu gün Azərbaycan Dövlət YUĞ Teatrı Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı ilə birlikdə18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibəti ilə tədbir keçirəcək.

Mərasimdə özünün suverenliyini qeyd edən və dünya siyasi xəritəsində öz dövlətçilik ənənələrini uğurla yaşadan dövlətimizin şanlı müstəqillik tarixinə nəzər salınacaq.

Bayram ovqatlı tədbir kompozisiya ilə davam edəcək. Belə ki, hər iki teatrın aktyorlarının ifasında şeirlər səsləndiriləcək, tamaşalardan səhnəciklər nümayiş olunacaq. Tədbirin davamı olaraq Kukla Teatrı nəzdindəki "Oyuq” teatr-studiyasının balaca istedadlarının təqdimatında vətənpərvərlik mahnılarından ibarət konsert proqramı təqdim olunacaq.

Qeyd edək ki, bu gün Yuğ Teatrı üçün ikiqat bayramdır. Belə ki, Yuğ teatrının və onun yaradıcısı ustad rejissor Vaqif İbrahimoğlunun doğum günüdür. Bu gün teatrın kollektivi V.İbrahimoğlunun məzarını ziyarət edib.

"YUĞ” teatr-studiyası 18 oktyabr 1989-cu ildə Akademik Milli Dram Teatrının nəzdində rejissor Vaqif İbrahimoğlu və Həsənağa Turabov tərəfindən yaradılmışdır.

1992-ci il 3 dekabr tarixində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 644 saylı qərarı ilə studiyaya dövlət statusu verildi və Azərbaycan teatr məkanında "YUĞ” teatr-studiyasını YUĞ Dövlət Teatrı əvəzləmişdir.

Akademik Milli Dram Teatrının kiçik zalında fəaliyyət göstərən teatr 18 iyul 2003-cü ildə M.Muxtarov küçəsi №83-də yerləşən binaya köçürülmüşdür. 2016-ci ildə Bakı şəhərinin baş planına uyğun olaraq, Yasamal rayonu ərazisində yenidənqurma işləri çərçivəsində binası söküldükdən sonra Yuğ Teatrı müvəqqəti olaraq A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının binasında fəaliyyətini davam etdirir.


Nisə Rəhimova