Şriftin ölçüsü / 40

Ərdoğanla Putinin Qarabağı müzakirə edəcəyinə inanmıram

14 Noyabr 2017 [17:54]
AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Oruclu isə "Ekspress”ə bildirdi ki, o, Ərdoğanla Putinin Qarabağı müzakirə edəcəyinə inanmır. "Biz də çox istərdik ki, onların görüşündə Qarabağ məsələsi müzakirəyə çıxarılsın və müsbət nəticələrini versin. Ən azı ümidlər yaransın” – deyən politoloq qeyd etdi ki, Türkiyənin daha ciddi problemlərinin olduğunu nəzərə almaq lazımdır. Onun sözlərinə görə, Türkiyənin Qarabağdan da vacib təhlükəsizliklə bağlı problemləri var: "Bildiyiniz kimi separatizm və terror Türkiyəni ciddi təhdid etməkdədir. Bundan öncəki görüşlərdə də biz şahidi olduq ki, Ərdoğanla Putinin əsas müzakirə mövzuları İraqda, Suriyada baş verən hadisələrdir. Ona görə də iki dövlət başçısı Türkiyə və Rusiyanın narahat edən, onun maraqlarında öncül yer tutan problemləri müzakirə edəcəklər. Bu gün Türkiyə də, Rusiya da Qərbin təzyiqləri altındadır. Rusiyaya qarşı ciddi sanksiyalar var, Türkiyəyə qarşı isə ciddi təzyiqlər var. Eyni zamanda, dediyim kimi bu iki ölkəni Suriya və İraqda gedən proseslər narahat edir. Çünki bu gün Aralıq dənizində Rusiyanın mövcudluğu həyati əhəmiyyət daşıyır. Regionda enerji məsələsi də hər iki dövləti narahat edən məsələlərdəndir. Onlar bu məsələdə birləşdirici mövqedən çıxış edə bilirlər. Amma Dağlıq Qarabağ məsələsində hər iki dövlətin mövqeyi bir-birinə daban-dabana ziddir. Bu baxımdan, mən inanmıram ki, prezidentlər vaxtlarını uzlaşdırılması mümkün olmayacaq məsələ ətrafında aparsınlar. Bu gün Türkiyəni kürd problemi, separatizm, terrorizm, Orta Şərqdə baş verənlər narahat edir, nəinki Dağlıq Qarabağ məsələsi. Bu məsələlər Türkiyənin gələcək taleyinə birbaşa bağlı olan məsələlərdir. Görüşdə Qarabağ da müzakirə oluna bilər. Ancaq düşünmürəm ki, bu məsələnin üzərində ciddi dayanılsın”.


Millət