Şriftin ölçüsü / 523

Səudiyyə Ərəbistanında baş verən istənilən hadisə neftin qiymətinə təsirsiz ötüşmür

22 Noyabr 2017 [15:04]
Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) Baş Katibi Məhəmməd Barkindo, neft bazarının artan bir sürətlə yenidən sabitləşməkdə (tələb və təklif bərabər olmağa yaxınlaşır) olduğunu, qlobal neft ehtiyatı səviyyələrində gözlə görülən bir azalma baş verdiyini bildirib. Abu Dabidə keçirilən enerji sektoru konfransında danışan Barkindo, həm neft sektorunun, həm də qlobal iqtisadiyyatın OPEC üzvü və üzvü olmayan istehsalçıların hasilatı azaltmalarından faydalandığını bildirib. Barkindo, "Böhrana qarşı birgə addımlar neft sektoruna kömək oldu" deyə bildirib. Omanın neft naziri də 2018-ci ilin martında sona çatacaq müqavilənin ilin sonuna qədər uzadılmasını gözlədiyini bildirib. Neft bazarı sabitləşirmi? Yoxsa Səudiyyə Ərəbistanında baş verənlər neftə təsir edib, qiymətlər artmış görünür?

Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev "Cümhuriyət” qəzetinə bildirib ki, 2014-cü ildən başlayaraq neft bazarları həssas duruma düşüb:

"Neftlə bağlı istənilən informasiya birbaşa bazar iştirakçılarının qəbul etdiyi qərarlara, eləcə də neftin qiymətinin qloballaşmasına ciddi təsir göstərir. Son bir həftədən artıqdır ki, dünya bazarlarında neftin qiymətinə iki əsas faktor təsir edir. Bu faktorların hər ikisi neftin qiymətinin formalaşmasına təsir edən, eyni zamanda bir-birinə zidd amillərdir. Birinci, ABŞ-da qazma aktivliyinin artmasıdır. Həmçinin Amerikada sutkalıq neft hasilatı həcmlərinin 2015-ci ilin mart-aprel ayları səviyyəsinə çatmasıdır. Bir həftə bundan öncə bazar iştirakçıları və neft bazarlarını tədqiq edən qurumlar iddia edirdilər ki, neftin hazırkı qiymətləri fonunda Amerikada qazma aktivliyi get-gedə zəifləyir. Bu məsələni ciddi əsaslarla izah etmişdilər. Oktyabr ayından başlayaraq Amerikada aktiv qazma qurğularının sayında ciddi azalmalar müşahidə olunub. Lakin nədənsə neft bazarlarında qiymətlərin yüksək olmasına maraqlı olan qurumlar, bazar iştirakçıları Amerikadakı qazma aktivliyinin səbəblərini düzgün izah edə bilməyiblər. ABŞ-da aktiv neft qazma qurğularının sayının azalması və sutkalıq neft hasilatının aşağı düşməsinin yeganə səbəbi Meksika körfəzində bir-birini əvəz edən tropik qasırğalardır. Artıq bu sahədə bərpa işləri gedir. Ötən həftə aktiv neft qazma qurğularının sayı 9 ədəd artaraq 738-ə çatıb. Sutkalıq neft hasilatı artıq 2015-ci ilin aprel-may aylarında müşahidə olunan hasilat səviyyəsinə çatıb. Hazırda ABŞ-da sutkalıq neft hasilatı 9 milyon 650 min tondur. Neft bazarlarını təhdid altına alan fundamental faktorlardan biri budur.

ABŞ-da qazma aktivliyinin və hasilat həcmlərinin artması fonunda ikinci səbəb də var ki, o da qlobal neft bazarlarını təhdid altına alır və alacaq. Bu, ABŞ-da neft ixrac həcmlərinin artmasıdır. Oktyabr ayında Amerikada ortalıq ixrac həcmləri 1 milyon bareli keçmişdi. Hətta elə satış həftəsi oldu ki, ABŞ-da sutkalıq ixracat 2 milyon barel səviyyəsinə çatdı. Bu da neft bazarlarını təhdid altına alan səbəblərdən biridir”.

Ekspert hesab edir ki, Səudiyyə Ərəbistanında ictimai-siyasi vəziyyətin gərginləşməsi, eləcə də İranla regionda siyasi qarşıdurmanın kəskinləşməsi neftin qiymətinin artmasına səbəb olur:

"Amma bu, müvəqqəti xarakter daşıyır. Çünki Səudiyyə Ərəbistanında yaxın vaxtlarda siyasi vəziyyətin bir az da gərginləşməsi faktını görür. Təbii ki, Səudiyyədə baş verən istənilən siyasi hadisə dünya bazarlarında neftin qiymətinə təsir edir. Bundan istifadə edən bazar iştirakçıları spekulyativ addımlar ataraq süni şəkildə neftin qiymətini yuxarı çəkirlər. Məsələn, yaxınlarda Səudiyyə Ərəbistanından Bəhreynə istiqamətlənən neft kəmərində baş verən partlayış neftin qiymətinin artmasına səbəb oldu. Sadəcə olaraq, bazar iştirakçıları regionda siyasi qarşıdurmanın daha da kəskinləşdiyini iddia edərək spekulyativ əməliyyatlara başlayıblar. Səudiyyə Ərəbistanında baş verən istənilən hadisə neftin qiymətinə təsirsiz ötüşmür. Çünki potensial neft hasil və ixrac edən dövlətdir”.

Yeganə Oqtayqızı


Millət