Şriftin ölçüsü / 82

Günahsız körpələrin qətlə yetirilməsi heç bir məntiqə sığmır

22 Noyabr 2017 [16:08]
Zaman-zaman cəbhəyanı yaşayış məntəqələrində yaşayan uşaqlar düşmən gülləsinin hədəfi olub”
img

Arzuxan Əlizadə: "Dövlət başçısının bununla bağlı mesajı Azərbaycanın sonsuza qədər erməni işğalına dözməyəcəyinə bir işarədir”

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Uşaqlarının IV Ümumrespublika Uşaq Forumunun iştirakçılarına təbrik məktubu yollayıb. Məktubda ölkə başçısı uşaqlarla bağlı bir sıra məqamlara toxunub.

Onun fikrincə, uşaqlara yüksək qayğı göstərilməlidir: "Övladlarımızın yüksək mənəvi və sosial müdafiə mühitində böyüməsi, müasir standartlara uyğun, keyfiyyətli təhsillə, tibbi xidmətlərlə təmin edilməsi və xalqımızın milli dəyərlərə sadiq, mənən zəngin formalaşması Azərbaycan dövlətinin uşaqlarla bağlı ardıcıl siyasətinin başlıca prinsipləridir. Uğurla icra olunan çoxsaylı sosialyönümlü layihələr də bu amala xidmət göstərir”.

Məktubda Prezident İlham Əliyev qeyd edib ki, düşmən təcavüzünün qurbanı olan məsum körpələrin qanı yerdə qalmayacaq: "Dövlətimiz Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi nəticəsində hüquqları kobud surətdə pozulmuş qaçqın və məcburi köçkünlərimizin, onların uşaqlarının müdafiəsi naminə öz qüvvəsini səfərbər edib. Əminəm ki, düşmən təxribatına qurban olmuş məsum övladlarımızın qanı yerdə qalmayacaq, erməni təcavüzünə son qoyulacaq. Azərbaycanın haqq işi qalib gələcək və ədalət bərqərar olacaq. Ümidvaram ki, Forum çərçivəsində aparacağınız müzakirələr ölkəmizdə uşaqlarla bağlı dövlət siyasətinin layiqincə həyata keçirilməsi işinə öz töhfəsini verəcək”.

Dövlət başçısının məsum körpələrin qanının yerdə qalmayacağı ilə bağlı səsləndirdiyi fikirlər dünyaya hansı mesajları özündə ehtiva edir?

Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadə buna bir neçə prizmadan yanaşdı: "Çox güman ki, bununla ölkə Prezidenti haqq-ədalətin bərpa olunacağına öz əminliyini bildirib. Nəzərə almaq lazımdır ki, müharibədə ən çox zərər çəkən tərəflərdən biri də uşaqlardır. Düşmənin apardığı işğalçılıq siyasəti nəticəsində uşaqlar qətlə yetirilib. Bəziləri xəsarət alaraq əlil olub. Minlərlə uşaq yerindən-yurdundan olub, o cümlədən, müharibədə valideynlərini itiriblər. Bunun nəticəsində həqiqətən də uşaqlar olmazın çətinliklərlə üzləşiblər. Üzücü hal həm də ondan ibarətdir ki, atəşkəsin əldə olunması belə, uşaqların bununla bağlı üzləşdikləri problemləri həll edə bilməyib. Zaman-zaman cəbhəyanı yaşayış məntəqələrində yaşayan uşaqlar düşmən gülləsinin hədəfi olub. Bunun nəticəsində bir neçə uşaq qətlə yetirilib. Halbuki, günahsız körpələrin qətlə yetirilməsi heç bir məntiqə sığmır. Təəssüflər olsun ki, dünya ictimaiyyəti dəfələrlə təkrarlanan belə hallara qarşı sərt mövqe ortaya qoymayıb. Belə bir mövqenin sərgilənməsinə istər o zaman, istərsə də indi çox ehtiyac var idi. Prezidentin bununla bağlı mesajı Azərbaycanın sonsuza qədər erməni işğalına dözməyəcəyinə bir işarədir. O cümlədən, əli uşaqların qanına batan cinayətkarların haçansa məsuliyyətə cəlb olunacağı deməkdir. Nəzərə almaq lazımdır ki, bu məsələdə hər şey Azərbaycandan asılı deyil”./Bakı Xəbər/

Vidadi ORDAHALLI