Şriftin ölçüsü / 366

Telman İsmayilov Kremlin qəzəbinə tuş gəlib

22 Noyabr 2017 [16:10]
Ciddi siyasi səhvlərinə görə iş adamının "kitabını bağlayıblar”

Ötən həftə "AST” Şirkətlər Qrupunun qurucusu, daha çox bağlanmış "Çerkizov” bazarının sahibi kimi tanınan Telman İsmayılov barəsində həbs qərarı verilib. Bundan sonra iş adamı beynəlxalq axtarışa verilib. O, Rusiyada 2 nəfərin ölümündə və qanunsuz silah gəzdirməkdə təqsirli bilinir.

Rusiya mətbuatı yazır ki, Telman İsmayılov üzə çıxmadıqca, onun barəsində hər gün yeni ittihamlar üzə çıxır. Müflis elan edilmiş iş adamı ötən ilin avqustunda Türkiyədə qətlə yetirilən "qanuni oğru” Rövşən Canıyevin qətlində də günahlandırılır. İki gün əvvəl isə "AST Telman”ın qardaşı Vaqif İsmayılovun da beynəlxalq axtarışa verildiyi məlum olub. V.İsmayılov qətl və qanunsuz odlu silah saxlamaq maddələri ilə ittiham olunur. İstintaq hesab edir ki, milyarderin qardaşı güc strukturlarındakı vəzifəsindən istifadə edərək ailə biznesinin qeyri-qanuni işlərini gizlədib. Məlumdur ki, V.İsmayılov uzun müddət Rusiya DİN-də etnik zəmində olan cinayətkarlıqla mübarizə bölməsinə rəhbərlik edib. Məlumata görə, Vaqif İsmayılov qardaşının yanına, Türkiyəyə yollanıb. Onların yayın sonunadək "Mardan Palace”də olduqları bildirilib. Məlumata görə, Türkiyə hakimiyyətinin onları Rusiyaya təhvil verə biləcəyindən ehtiyatlanan qardaşlar Fransaya sığınıblar. Rusiyanın bəzi mətbuat oqrqanları isə İsmayılovun Avropada gizləndiyini iddia ediblər.

Telman İsmayılov və ailə üzvlərinin bitməyən sərgüzəştləri haqqında "Şərq”ə danışan siyasi ekspert Əli Oruclu "Şərq”ə deyib ki, T.İsmayılov bundan öncə də öz qalmaqalları və israfçılıqları ilə tez-tez mətbuatın gündəmində olub:

"Mən məsələnin mahiyyətinin və köklərinin nədən qaynaqlandığını əminliklə deyə bilmərəm. Ehtimal ki, T.İsmayılov hakimiyyətin yuxarı eşalonlarının qəzəbinə tuş gəlib. Yaxud oliqarxlar arasında baş verən qanlı toqquşmaların nəticəsi olaraq oyundan kənarda qalıb. Telman İsmayılov Türkiyədə çox bahalı və dəbdəbəli proyekt olan "Mardan Palace” kompleksinin inşasından sonra Kremli ciddi şəkildə qəzəbləndirib. Görünür, bu və bilmədiyimiz digər məqamlardan dolayı, yaxud da hansısa siyasi səhvlərinə görə, iş adamının "kitabını bağlayıblar”.


Millət