Şriftin ölçüsü / 415

Tanınmış jurnalist VTB bankı ifşa etdi

23 Noyabr 2017 [13:54]
"VTB bank” tanınmış jurnalist, "Gündəlik Teleqraf" qəzetinin keçmiş şef-redaktoru Taleh Şahsuvarlını çətin vəziyyətlə üzləşdirib.

T.Şahsuvarlı özünün FB səhifəsində yazıb ki, "Gündəlik Teleqraf" qəzetinin şef-redaktoru vəzifəsində çalışarkən yüksək əməkhaqqı ilə təmin olunub. Bu səbəbdən də 2013-сü ilin may ayında "VTB bank”la bağlanmış kredit müqaviləsinə əsasən KİA SPORTAGE markalı avtomobil alıb: "Bu avtomobilə görə bu günə qədər 25.000 manatdan çox, dolların hazırkı kursu ilə 42.500 dollar məbləğində pul ödəmişəm. Lakin bir müddətdir işsiz olduğumdan və bu müddətdə mülkiyyətimdə olan torpaq sahəsini sataraq yaşadığımdan (hazırda o vəsait də tükənib) krediti ödəyə bilmədim. Bu barədə dəfələrlə "VTB bank”a müraciət ünvanlayıb təklif etmişəm ki, kredit müqaviləsinin girovu olan maşını banka təhvil vermək istəyirəm, ancaq notarial qaydada təhvil aldıqdan sonra bank mənə qarşı hər hansı maddi iddiada olmasın. Loru dillə desək, mən bu günə qədər ödədiyim 25.000 manat, dolların hazırkı kursu ilə götürsək, 42.500 dollarımı banka "halal" edərək maşını təhvil verir, lakin bundan sonra bankla bağlanmış müqaviləyə xitam verilməsini istəyirdim.

"VTB bank” isə hər dəfə qeyd edirdi ki, onlar maşını təhvil almağa hazırdır, lakin maşın hərracda ucuz qiymətə satılacaq, qalan hissəni isə mən yenə ödəməliyəm”.

Bankın bu tələbi Mülki Məcəlləyə zidd olduğu üçün T.Şahsuvarlı onu qəbul etməyib: "Bildirdim ki, Mülki Məcəlləyə görə, bank məndən ancaq girovu tələb edə bilər. Həmin girovun predmeti olan maşın olduqca yaxşı vəziyyətdədir, 4 il ərzində heç 70 min km. sürülməyib. Eyni zamanda banka təklif etdim ki, maşını real bazarda özüm satım və maşını alan müştərini banka gətirim, orada ödəniş edilsin və maşın yeni sahibinin adına rəsmiləşsin. Bu zaman bank yenə eyni şərti irəli sürdü.

Bankdan təxminən bir ay əvvəl zəng vurdular və mən yenə də eyni cavabı bildirdim. Üstəlik, əlavə etdim ki, madam belədir, onda qalan kredit bölünsün və mən borc-xərc ayda 400 manatı keçməmək şərti ilə ödəniş edim. Bu söhbətə də "yox" deyildi.

Bu gün isə məlum olub ki, hal-hazırda işsiz və heç bir ödəniş qabiliyyəti olmayan zaminim Xətai Rayon Məhkəməsinin İcra şöbəsinə çağrılır. Birlikdə getdik. 4 saatdan sonra iş yerinə gələn Əli adlı bir icraçı- adamın çox ciddi etika sorunları vardı- bildirdi ki, zamin haqqında Xətai Rayon Məhkəməsinin qətnaməsi var. Sən demə, bir neçə ay öncə Xətai Rayon Məhkəməsinin hakimi İlahə Abbasova "VTB bank”ın iddiası əsasında qətnamə çıxardıbmış. Təbii ki, zaminim də, mən də belə bir qətnamədən xəbərsizik. Bu günə qədər mənə Xətai Rayon Məhkəməsindən heç bir bildiriş, zaminimə isə müvafiq qətnamənin surəti daxil olmayıb. Ona görə bildirdik ki, biz öncə qətnamə ilə tanış olmaq istəyirik. Bu barədə ərizə yazdıq və birisi gün gedim qətnaməni, iddianı və işə aid olan digər sənədləri götürəcəyik”.

Tanınmış jurnalist "VTB bank”ı ittiham edir

T.Şahsuvarlı yenidən "VTB bank”a müraciət edib: "Niyə krediti mən götürdüyüm və kreditin predmeti olan girov mənim adıma olduğu halda məni deyil zamini məhkəməyə vermisiniz? Buna sizin nə ixtiyarınız var? Mənim həm qeydiyyatda olduğum, həm də faktiki yaşadığım ünvan sizə məlum olduğu, mənim avtomobillə və ödənişlə bağlı məhkəmədə mövqeyim ifadə olunmadığı halda sizin, o cümlədən məhkəmənin nə ixtiyarı var ki zaminlə bağlı qətnamə qəbul edəsiniz?”

Jurnalist nəzərə çatdırıb ki, ödəniş qrafikində dəyişiklik edilməsi və ödənişin günlərinin, məbləğinin azaldılması ilə bağlı bir neçə dəfə banka ərizə ilə müraciət edib: "Ərizələrə əsasən ödənişin günü, məbləği, qısası, qrafiki dəfələrlə dəyişib və bunların heç birinə zaminim imza atmayıb. Bununla da o, Mülki Məcəlləyə görə, artıq mənim zaminim statusunu itirib”.


Fərid Pəmbəkli