Şriftin ölçüsü / 371

"Sülh prosesi” vaxt itkisindən və baş aldatmaqdan başqa bir şey deyil”

08 Dekabr 2017 [17:45]
Ötən gün Vyanada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü olub. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib ki, tərəflər Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar masasında olan təkliflər üzrə intensiv və konkret müzakirələr aparıblar.

Həmçinin, razılıq əldə olunub ki, intensiv və substantiv danışıqların davamı kimi 2018-ci ilin yanvar ayının ikinci yarısında xarici işlər nazirləri səviyyəsində növbəti görüş keçirilsin. Xarici işlər naziri Elmar Məmmədyarov da görüşün pozitiv və konstruktiv şəkildə keçirildiyini bildirib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın münaqişənin bütün tərəflər üçün qəbul olunan həllinin tapılmasına dəstək göstərəcəyini vurğulayıb. Lavrov münaqişənin həlli ilə bağlı prinsiplərin həmsədr ölkələrinin dövlət başçıları tərəfindən elan olunduğunu diqqətə çatdırıb. ABŞ-ın dövlət katibi Reks Tillerson isə bəyan edib ki, ölkəsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Minsk Qrupunun səylərini dəstəkləyir. Tillerson vurğulayıb ki, yalnız siyasi iradə ilə substantiv irəliləyişə nail olmaq mükündür: "Bu baxımdan prosesləri sürətləndirmək barədə verilən qərarları alqışlayırıq”.
Lakin ictimaiyyət nümayəndələri nazirlərin budəfəki toplantısının da nəticəsiz olduğunu hesab edirlər. Onların fikrincə, həmsədrlərin məqsədi münaqişənin həllində irəliləyiş əldə etmək yox, sadəcə illik planı doldurmaqdır.

Görüşlə bağlı "Şərq”ə danışan siyasi ekspert Əli Orucov vurğulayıb ki, həqiqətən də ATƏT-in Minsk Qrupu münaqişəsinin həllində nəinki dönüş yaratmadı, əksinə, prosesi daha da mürəkkəbləşdirdi:

"Problem odur ki, aparılan müzakirələrin nədən ibarət olduğu cəmiyyətə açıqlanmır. Hər dəfə münaqişə tərəflərinin saysız və mənasız görüşlərindən sonra şablon bəyanatları və açıqlamalarını eşidirik. Nə qədər ki, Ermənistan işğalçı ölkə kimi tanınmayıb və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri, beynəlxalq hüquq normaları əsas götürülməyib, münaqişənin danışıqlar yolu ilə həlli mümkünsüzdür. Bu cür görüşlər və "sülh prosesi” adı altında təşkil edilən danışıqlar vaxt itkisindən və baş aldatmaqdan başqa bir şey deyil”.

Politoloq Məhəmməd Əsədullazadə də nazirlərin görüşünün nəticəsiz başa çatdığını bildirib:

"Danışıqlarda masada olan formular müzakirə edilsə də, münaqişənin həllində irəliləyiş əldə olunmadı. Bu görüş növbətçi danışıqlar kimi ilin yekununun son finalı oldu. Ermənistan substantiv danışıqlarda maraqlı deyil. Düşmənin cəbhə xəttinə yaxın keçirdiyi hərbi təlimlər də bunu göstərir. Danışıqlar prosesinin davam etdiyi dövrdə Sarkisyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri və burada keçirilən hərbi təlimləri izləməsi birbaşa danışıqları sabotaj etmək məqsədi daşıyır. Ötən gün Ermənistan parlamenti Rusiyadan 100 milyon dollar həcmində yeni silah-sursatın kreditlə alınması barədə sənədi ratifikasiya etdi. Göründüyü kimi, işğalçı ölkənin siyasəti silahlanmaq və işğalı davam etdirməkdən ibarətdir. Artıq, bu il üçün nəticəsiz danışıqlar başa çatdı”.

İsmayıl