Şriftin ölçüsü / 265

Ermənilərin növbəti xülyası

14 Dekabr 2017 [15:47]
Elşən Mustafayev: "Bu hadisə ermənilərə deyil, Azərbaycana ABŞ qarşısında tələb irəli sürməyə ciddi əsas verir”

Ermənistan mətbuatı Trampın Qüds şəhərini İsrailin paytaxtı kimi tanımasından sonra Azərbaycanın atdığı addımlara özünəməxsus şəkildə şərh verməyə başlayıb. Onların iddialarına görə, İlham Əliyevin məhz bu məsələ ilə bağlı Türkiyə Prezidentinin İslam Əməkdaşlığı Təşkilatının görüşündə iştirak etmək üçün onu ölkəsinə dəvət etməsinə verdiyi reaksiya guya keçirdiyi narahatlıqla bağlıdır.

Onların qənaətinə görə, Tramp Yaxın Şərqdə reallıqları əslində tanıyıb və Qüds qərarından sonra Tramp növbəti addım kimi qondarma Dağlıq Qarabağın müstəqilliyini də tanıya bilər. Belə bir addımın atılması ehtimalını da mövcud reallıqlarla əsaslandırırlar. Erməni təbliğatı inandırmağa çalışır ki, guya qondarma "DQR”in tanınması da bu regiondakı reallıqdır. Bu iddiaları nə dərəcədə əsaslı saya bilərik?

Politoloq Elşən Mustafayevin sözlərinə görə, bu, ermənilərin növbəti xülyasıdır: "Ermənilərin uydurmalarının heç bir perspektivi yoxdur. Onların bu ümidlərinin boşa çıxacağı gün kimi aydındır. Onlar istənilən məsələdən öz xeyirləri üçün istifadə etməyə çalışırlar. Əksinə, düşünürəm ki, bu məsələ ermənilərin özü üçün pis presedent yarada bilər. Çünki Qüds elə məsələdir ki, ermənilər ondan, simvolik də olsa, pay çıxara bilməzlər. Trampın Dağlıq Qarabağla bağlı hər hansı bir gediş edəcəyi, hətta ermənilərin Qarabağ separatçılarını tanıyacağı ilə bağlı səsləndirdiyi iddialar mifdən başqa bir şey deyil. Ermənistanın özü Dağlıq Qarabağın "müstəqilliyi”ni tanımağa cürət etmirsə, bunu niyə Trampdan gözləyirlər? Bu iki problem arasında paralel aparılmasının özü savadsızlığa dəlalət edir. Əksinə, Azərbaycanın bu məsələdən istifadə edərək işğal altında olan torpaqlarımız barədə iddialarla çıxış etməsi üçün daha real imkanları var. Məsələn, Xankəndinin statusu məsələsində Azərbaycanın iddialar qaldırmaq haqqı var. Ümumiyyətlə, Dağlıq Qarabağın Azərbaycan torpaqları olduğunu hamı, elə ermənilər də yaxşı bilirlər. Qüdsə qarşı ABŞ belə hərəkət edirsə, torpaqlarımızı işğal altında saxlayan ermənilərə qarşı niyə susqunluq nümayiş etdirir? Hesab edirəm ki, bu hadisə ermənilərə deyil, Azərbaycana ABŞ qarşısında tələb irəli sürməyə ciddi əsas verir. Onlar bunu dərk etdikləri üçün qabaqdangəlmişlik etmək istəyirlər. Ermənistan hakimiyyətinin özü cürət edib Qüds məsələsilə bağlı mövqe açıqlamır, ancaq başqaları ilə bağlı mülahizələr irəli sürürlər. Olduqca qeyri-ciddi iddialardır. Bunlara heç ciddi fikir verməyə dəyməz”.

Məhəmmədəli QƏRİBLİ