Şriftin ölçüsü / 224

Həmsədr dövlətlər Ermənistanı işğalçı dövlət kimi tanımırlar

14 Dekabr 2017 [15:49]
Fransanın Ermənistandakı səfiri Conatan Lakot Dağlıq Qarabağ problemini dondurulmuş münaqişələr kateqoriyasına aid edib. Diplomat vurğulayıb ki, münaqişə ətrafında baş verənlər Fransada ən yüksək səviyədə izlənir:

"Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin həlli sahəsində öz vəzifəsini qətiyyətlə yerinə yetirmək niyyətindədir. Ərazi bütövlüyü, güc tətbiq edilməməsi və xalqların müqəddəratını təyin etməsi danışıqların əsas prinsiplərdir. Reallıq isə odur ki, məsələni yalnız tərəflər tənzimləyə bilər. İndiki halda danışıqlar prosesinin mahiyyəti barədə heç nə danışa bilmərəm”.

Lakot 2018-ci ilin oktyabrında Farnsa prezidenti Emanuel Makronun Ermənistana səfər edəcəyini də bildirib.

Fransız səfirin dedikləri ilə bağlı "Şərq”ə açıqlama verən politoloq Əli Orucov diplomatın "dondurulmuş münaqişə” ifadəsini qəbul etməyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq aləmdə ən mürəkkəb münaqişəyə çevrilib:

"Münaqişənin tərəfləri üzdə Ermənistan və Azərbaycan olsa da, reallıqda prosesdə bu və ya digər şəkildə Türkiyə, Rusiya kimi regional və beynəlxalq güclər də iştirak edir. Eyni zamanda regiona maraqları olan digər Qərb dövlətlərinin də prosesləri diqqətdə saxlaması açıq-aydın görünür. Zahirən Dağlıq Qarabağ münaqişəsi dondurulmuş sayıla bilər. Çünki 1995-ci ildə Bişkək protokolu ilə tərəflər arasında atəşkəs imzalanıb. Lakin təmas xəttində silahların bir an belə susmaması, təlafatların olması, xüsusən də ötən ilin aprelindəki qısa müddətli və ildırım sürətli müharibə göstərdi ki, bu münaqişə heç də dondurulmuş deyil. Üstəlik, təkcə region üçün deyil, beynəlxalq aləm üçün də çox təhlükəli münaqişədir”.

Analitik Fransanın mövqeyi ilə bağlı bunları deyib:

"Fransanın mövqeyi bəllidir. Rəsmi Paris, o cümlədən digər həmsədr dövlətlər Ermənistanı işğalçı dövlət kimi tanımırlar. Sülh prossesində beynəlxalq hüquq normalarına, BMT-nin TŞ-nın işğalla bağlı qəbul etdiyi qətnamələrə və digər sənədlərə istinad etmirlər. Fransa düşmən Ermənistanı öz kiçik bacısı kimi qəbul edir. Bu azmış kimi qondarma "erməni soyqırımı”nını rəsmən tanımaqla və bunu kriminallaşdırmaqla işğalçıya yaşıl işıq yandırır. Odur ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olan Fransanın neytrallığı mümkün deyil”.


Millət